Deputatlığa namizədlərə təklif: Çap mediasında təbliğat daha effektlidir

“Parlament seçkilərində namizədliyini irəli sürən şəxslərin təbliğat kampaniyasını aparmasında çap mediasına zəif maraq göstərdiyini söyləmək düzgün olmazdı. Çünki hələlik rəsmi olaraq təbliğat-təşviqat kampaniyasına başlanmayıb”.

Bu fikriləri Sherg.az-a açıqlamasında “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, rəsmi təbliğata start verilmədiyi üçün kimin hansı media orqanına üstünlük verəcəyini demək çətindir:

“Əlbəttə, ötən təcrübələrdən çıxış etsək, deyə bilərəm ki, çap mediasına meyl zəif olub. Amma bu gün xüsusilə kənd yerlərində seçki fəaliyyətinə çap mediada qurulan təbliğat daha çox yaraya bilər. Keçmişdə də görmüşdük ki, çap olunan qəzetlər namizədlərin seçki platformasını, demək istədiyi sözləri daha əyani formada seçicilərlə ünsiyyətdə olub çatdırmaq üçündür. Ən azı kütləvi şəkildə qəzetin götürülməsi və seçki dairəsində yayılması daha çox effekt verir”.



Aydın Quliyev: “Ən azı kütləvi şəkildə qəzetin götürülməsi və seçki dairəsində yayılması daha çox effekt verir”


A.Quliyevin sözlərinə görə, kənd və rayon yerlərində əyani təbliğat vasitələrinə daha çox əhəmiyyət verildiyi heç kimə sirr deyil:

“Məsələn, buraxılan bukletlər insanların marağına səbəb olur. Həmin bukletlərin bir forması da məhz qəzetlərin seçicilər arasında yayılmasıdır. Ona görə də çap mediasını təbliğat kampaniyasında üstünlükləri var. Namizədlərin bu üstünlüklərdən nə dərəcədə istifadə edəcəkləri onların işidir.

Hazırda daha çox sosial şəbəkələrə meyl edirlər. Amma insanlar arasında sosial şəbəkələrə meyl zəifləməyə başlayacaq. Çünki cəmiyyət dəyərləndirir ki, sosial şəbəkələrdə o qədər yalan və peşəkar hazırlanmamış, təsadüfi mənəbələrə əsaslanan xeyli sayda məlumatlar yayılıb. Ona görə də sosial şəbəkələr informasiya və ictimai rəyə təsir göstərmək baxımından  getdikcə mötəbərliyini itirir. İndiki şəraitdə saytlar və çap medianın mötəbərliyi, cəmiyyətin gözündə nüfuzu qalxmasa da, stabil dayanıb. Lakin sosial şəbəkələr öz reytinqini itirməyə başlayır. Belə şəraitdə əlbəttə namizədlər həm çap, həm də onlayn mediaya üstünlük verəslər daha çox nüfuz qazana bilərlər. Çap mediada dərc olunmuş platformanı əyani təbliğat vasitəsi kimi yaymaq imkanı var. Saytlarda isə yayılan materiallar cəmiyyətin inamını daha çox təmin edir”.