Media təbliğata hazırdır: Namizədlərin müraciətini gözləyirik!

Fevralın 9-a təyin olunan növbədənkənar Milli Məclis seçkiləri prosesinin təbliğat-təşviqat mərhələsi başlayır. Belə ki, yanvarın 17-dən etibarən namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləcək. 

Müxtəlif KİV, o cümlədən qəzet və saytlar seçicilərin təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblər. 

Media rəhbərləri Sherg.az-ın sorğusuna cavab verərkən deyiblər ki, onlar namizədlərin kampaniyasına ödənişli dəstək verməyə hazırdırlar. Necə deyərlər media təşviqat dövrünə hazırdır. 



Elşad Eyvazlı: “Namizədlərin təşviqatını yüksək səviyyədə aparmağa hazırıq”


“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı bildib ki, bu işdə KİV qanunvericiliyin tələblərindən kənara çıxa bilməz: 

“Təbii ki, KİV seçilərə laqeyd yanaşmamalıdır. Ancaq nəzərə almaq lazımdır ki, seçkilər zamanı mətbuatın fəaliyyəti KİV haqqında Qanunla və Seçki Məcəlləsi ilə tənzimlənir. Təbii ki, reklamçı qismində iştirak etmək bütün KİV üçün maraqlıdır. Biz reklam qiymətlərini normal qoymağa çalışmışıq. Müşahidələr göstərir ki, seçkilər ərəfəsində namizədlər daha çox “Modern.az” saytına müraciət edirlər. Çünki biz parlamentlə daha çox işləyirik. Bu seçkilərdə də namizədlərin təşviqatını yüksək səviyyədə aparmağa hazırıq”. 



Vüqar Rəhimzadə: “Bizə müraciət edən namizədlər var”


“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, namizədlərin təbliğat və təşviqat qiymətləri bir neçə meyara uyğun olaraq dəyişəcək: 

“Biz seçkilər prosesində namizədlərin təbliğat-təşviqat kampaniyasının aparılması üçün artıq MSK-ya müraciət etmişik. Müraciətimiz qeyda alınıb. Qiymətləri münasib etməyə çalışmışıq. Lakin təbii ki, yazının həcminə, hansı səhifədə dərc olunmasına və mövqeyinə görə qiymətlər dəyişəcək. Onu da deyim ki, artıq bizə müraciət edən namizədlər var”.



Zülfüqar Hüseynzadə: “Adətən namizədlər rəsmi şəkildə yox, şəxsi münasibətlər zəminində konkret KİV-ə üz tuturlar”


“Moderator.az” saytının redaktoru Zülfüqar Hüseynzadə isə deyib ki, onlar seçki kampaniyalarını rəsmi şəkildə işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblər: 

“Adətən namizədlər rəsmi şəkildə yox, şəxsi münasibətlər zəminində konkret KİV-ə üz tuturlar. Artıq bizə də bir neçə namizəd müraciət edib. Təbii ki, bəzi namizədlərə təmannasız kömək etməyə də çalışacağıq. Lakin qanun pozuntusuna yol vermədən bunu etmək mümkündür”.

Kənan Novruzov