Ölkəmizin jurnalist ictimaiyyətinə ağır itki üz verib. Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.
Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.
1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.
AZƏRTAC-ın əməkdaşları üçün Elmira xanım həmişə yüksək peşəkarlıq, heç də sadə olmayan jurnalist peşəsinə sədaqət etalonu olub. Biz ondan çox şey öyrənmişik, onun oçerklərinin qəhrəmanları olmuş məşhur ictimai xadimlər, elm, mədəniyyət işçiləri ilə görüşləri barədə söhbətləri həm gənc nəslin, həm də ölkəmizin tarixi ilə maraqlanan hər kəsin diqqətini cəlb edirdi. Bu yazılar əsasında nəşr etdirdiyi “İnsanlar... Hadisələr... Zaman...” adlı ikicildlik (rus dilində) onun jurnalistlik fəaliyyətinə bir növ yekun oldu.
2010-cu ildə təqaüdə çıxması ilə əlaqədar AZƏRTAC-dan gedəndən sonra da mətbuatla fəal əməkdaşlıq edirdi.
Elmira xanımın xatirəsi onu tanıyanların qəlbində adı böyük hərflərlə yazılan jurnalist, müstəsna dərəcədə xeyirxah, hər kəsin hər bir xahişinə həssas, yaxşılığa ürəkdən sadiq bir insan kimi qalacaq.
Biz Sizi həmişə xatırlayacağıq, Elmira xanım.
Allah rəhmət eləsin!