“Tibb müəssisələrində jurnalistlərin suallarının cavablandırılması üçün məsul şəxslər ayrılacaq”. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bu gün keçirilən təlimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yaxın zamanlarda KİV nümayəndələri ilə həmin şəxslər arasında əlaqələrin qurulmasına başlanılacaq:
“Bir neçə KİV nümayəndəsi eyni hadisə ilə bağlı tibb müəssisəsinə müraciət edirsə, onlara verilən məlumat eyni olur. İnformasiya sahibi hər kəsin məlumat almaq hüququnu təmin etmək üçün informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır.
Hər hansı iş başlayanda müəyyən nüanslar var, gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz bunu artıq qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaq”.
Şöbə müdiri onu da əlavə edib ki, müəyyənləşdirilmiş xüsusi saatlarda KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə girişinin də təmin edilməsi diqqətdə saxlanılır:
“Tibb müəssisəsi ştat rejimində işləyir və işi vətəndaşa xidmət etməkdir. Birinci priotet xəstədir və onu qoyub informasiya verə bilməz. Jurnalistin suallarını cavablandıran məsul şəxs olmalıdır”.
Şöbə müdiri son olaraq tibb müəəssisələrində gizli çəkilişlə bağlı məqama da toxunub:
“Jurnalistlər tibb müəssisələrində gizli çəkiliş edə bilir. Lakin həmin çəkilişlərdən istifadə edilməsinə qanun çərçivəsində icazə verilə bilər”.