Jurnalistlərin peşəkarlıq səviyyəsi diqqət mərkəzindədir

Media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsi aparılıb

Dünən Media İnkişaf Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Media sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərin müzakirəsinə həsr olunmuş görüşdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğu vurğulanıb. Fərmandan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatəsi barədə geniş məlumat verilib. 

Görüş iştirakçıları “Media haqqında” qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələri üçün hüquqi təminatın yaradılması haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, media və biznes strukturları arasında platformanın yaradılması və media dəstək layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət çəkilib. 

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentlik dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar-təlimlər təşkil edib. Vurğulayıb ki, Media savadlılığının artırılması, yeni nəsil jurnalist kadrlarının hazırlanması məqsədilə “New Media” proqramı və fərdi jurnalist müsabiqələri keçirib.

 O cümlədən sahəvi jurnalistikanın inkişafı istiqamətində müvafiq işlər görüb. 
Müzakirə zamanı medianın keyfiyyət, peşəkarlıq və standartlar baxımından təhlili, hüquqi bazanın təkmilləşdirilməsi, kommunikasiyanın təşkili, beynəlxalq əməkdaşlıq, strateji planlaşdırma və perspektiv planlar barədə fikir mübadiləsi aparılıb. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb.