“Media haqqında” qanuna yeni maddə əlavə ediləcək

Layihə üçüncü oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub

    Dünən Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin videokonfrans formatında birgə iclası keçirilib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc üçüncü oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsinin əvvəlki oxunuşlarında keçirilən geniş ictimai müzakirələrdən və dinləmələrdən danışıb. Zahid Oruc qanun layihəsinə qarşı əsassız tənqidlərə toxunub. Vurğulayıb ki, layihədə internet televiziyalara qarşı heç bir müddəa yer almayıb. Yalnız klassik mənada ölkənin mərkəzi kommunikasiya qurğuları üzərindən yayımlandıqda televiziya kanalı kimi lisensiyalaşdırılmasından söhbət gedir. 

Komitə sədri ölkənin aparıcı media orqanlarının və qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müxtəlif platformalarda aparılan fikir mübadiləsindən sonra qanun layihəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərin 9 maddəni əhatə etməsi barədə məlumat verib. Z.Oruc deyib ki, siyasi partiyaların və dini qurumların media subyektinin təsisçisi (iştirakçısı) ola bilməyən qurumlar və şəxslər sırasında olması narazılıqla qarşılanıb: “İşçi Qrup məsələ ilə bağlı konsensus əldə edib. Siyasi partiyaların və dini qurumların çap mediası istisna olmaqla, media subyektinin təsisçisi və iştirakçısı ola bilməməsi ilə bağlı müddəa hazırda mövcud olan “Siyasi partiyalar haqqında” və “Teleradio yayımı haqqında” qanunda da əksini tapır. Yəni yeni “Media haqqında” qanun layihəsində siyasi partiyalara və dini qurumlara qarşı hər hansı diskriminasiya tətbiq edilmir. İndi olduğu kimi, bundan sonra da partiyaların “Youtube” kanalları və internet televiziyalarının təsisçisi olmasına və fəaliyyətini bilavasitə həmin kanallar üzərindən qurmasına heç bir yasaq qoyulmur. Partiyaların ölkə miqyasında hansısa media təsis etməsinə yasaq qoyulur. “Siyasi partiyalar haqqında” qanunda gələcəkdə dəyişiklik olacağı təqdirdə, analoji dəyişiklik media qanunvericiliyinə də daşınacaq. Bu layihədə partiyaların hüquqlarını pozan hansısa müddəa irəli sürülməyib”.

    Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bildirib ki, müzakirələrdə media nümayəndələrinin qanun layihəsinin indiki formatından razılıqları açıq ifadə edilib. Birinci vitse-spiker qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyası tərəfindən təqdir olunmuş normaların məcmusudur. 

    Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Media haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikləri bir-bir iclas iştirakçılarının diqqətinə çatdırıb. Şöbə müdiri bildirib ki, layihədə internet televiziyalarının məcburi lisenziyalaşdırılması müddəası nəzərdə tutulmasa da, ictimai müzakirələrdə ən çox narahatlıq bu məsələ ilə bağlı ifadə edilib: “Bu yanaşmanın aydın başa düşülmədiyi iddia edildiyindən, layihəyə yeni 30.8-ci maddə əlavə olunub və daha dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.

Sonra deputatlar layihənin müzakirəsinə keçiblər. Müzakirələrdə İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitələrin üzvləri Fazil Mustafa, Hikmət Məmmədov, Razi Nurullayev, Azay Quliyev çıxış edib, qeydlərini bildiriblər.

 Millət vəkilləri sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinə qarşı aparılan kampaniyanın əsassız olmasını vurğulayıblar. Tənqidlərin ümumi sözlərlə ifadə olunması, konkretlikdən və qanunun predmetindən uzaq olması qeyd edilib. 

Deputatlar “Media haqqında” qanun layihəsinə cəmiyyətin böyük maraq göstərməsini və sənədin kifayət qədər geniş ictimai müzakirələrdən keçməsini, maraqlı diskussiyaların aparılmasını, təkliflərin diqqətlə dinlənilməsini, ciddi araşdırılmasını müsbət qiymətləndiriblər. Belə bir inam ifadə olunub ki, qanun layihəsinin indiki formatı media sektorundakı düzənsizliyi nizama salacaq, bu sahəni müasir dövrün tələblərinə uyğun tənzimləyəcək. 

İclasın sonunda deputatlar “Media haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.