Əhməd İsmayılov və Rəşad Məcid imzanı atdı

MEDİA ilə Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb

"İki qurumun əməkdaşlıq edəcəyi və bir mövqedən mətbuatın inkişafına töhfə verə biləcəkləri ortaq sahələr var"

  Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar. Sənədin imzalanmasında məqsəd MEDİA və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və faydalı əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Həmçinin, informasiya mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir. 

Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların genişləndirilməsidir. Eyni zamanda, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

  Memorandumla bağlı "Şərq"ə danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib ki, hər iki qurum media üzrə ixtisaslaşmış təşkilatlar olsa da, həm MEDİA-nın, həm də Mətbuat Şurasının konkret məşğul olduğu sahələr mövcuddur. Ancaq M.Ələsgərli bildirib ki, iki qurumun əməkdaşlıq edəcəyi və bir mövqedən mətbuatın inkişafına töhfə verə biləcəkləri ortaq sahələr də var: 

"Məsələn, ölkədə media savadlığının artırılması hər iki qurum üçün uyğun fəaliyyət istiqamətidir. Yaxud jurnalistlərin peşəkarlığının artırılması, media mühitinin saflaşdırılması da MEDİA və Mətbuat Şurasının vahid çıxış edə biləcəkləri sahələrdir. Jurnalistlərin peşəkarlığının artırılması çox mühüm məsələdir. Eyni zamanda etik-davranış qaydalarına riayət olunması ümumi mediamız üçün faydalıdır. Hər iki qurum bu sahələrə mühüm töhfələr verə bilərlər. Birgə əməkdaşlığın mümkün olduğu sahələr müəyyən edilərək qurumlar arasında imzalanmış memorandumda öz əksini tapıb. Hesab edirik ki, çox mühüm addımdır".