Azərbaycançılıq ideologiyası ən böyük dəyərdir


Bu ideya həm daxildə, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir

Bütün bunların kökündə, mayasında bünövrəsində Ümummilli Liderimiz Heydər Əliyevin düzgün yeritdiyi siyasət durur və bu siyasət bu gün də uğurla davam etdirilir

Azərbaycançılıq ideyasının təbliği


  Milli ideologiyamızın əsas tərkib hissəsini azərbaycançılıq və dövlətçilik təşkil edir. Azərbaycançılıq ideologiyası müstəqillik dövrümüzün ilkin illərində cəmiyyətdaxili parçalanmalara və qarşıdurmalara son qoyan, bizi etnik və regional separatçılıqdan qurtaran universal ideologiyadır. Digər bütün fərqliliklərin fövqündə duran, azərbaycanlı sosial üst kimliyini təyin edən vasitədir. Yəni vətəndaş həmrəyliyi və milli birliyimizin sosial-siyasi düsturudur. O cümlədən də azərbaycançılıq ideologiyası, milliyyətindən, etnik mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını özündə birləşdirən ən böyük dəyərdir. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir.

  Ona görə də "Heydər Əliyev İli"ndə Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu bütün digər dəyərlərlə bərabər azərbaycançılıq ideologiyasının da öyrənilməsi və təbliği aktual məsələlərdən biridir. Bu həm də milli kimliyin və sosial harmoniyanın davam etdirilməsi baxımından mühüm və vacib məsələdir. Hazırda bütün dünyada milli-etnik müstəvidə misli görünməmiş bir özünəqayıdış və milli kimliyin yenidən dərkedilməsi prosesi gedir. Bu mənada “Heydər Əliyev İli” təkcə onun yaratdığı böyük siyasi irsi yenidən öyrənib və gənc nəslə öyrədəcəyimiz il kimi deyil, həm də əslində milli dövlətçilik yaddaşımızın təzələnməsi ili kimi yaddaşlarda qalmalıdır. Azərbaycançılıq ideologiyası birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi.
  Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Heydər Əliyevin azərbaycançılıq nəzəriyyəsinin mühüm metodoloji əhəmiyyəti bundadır ki, o, tarixi varislik prinsipindən istifadə edir, bunun milli məfkurəmizin, düşüncə tərzinin, millətin irsində vətənçilik ideologiyasının formalaşmasının mənbəyi hesab edir.
  Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

  Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla illərin sınağından çıxıb: 

“Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən və müəllifi Heydər Əliyev olan azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlət təliminə çevirməklə dövlətimizi daxildən parçalamaq, nifaq salmaq, millətlər və konfessiyalar arasında ziddiyyətlər yaratmaq və bu kontekstdə öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələrin qarşısına sədd çəkdi. Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası deyəndə onun üçün əsas bu idi ki, biz bir millət olaraq azərbaycanlıyıq, dilimiz Azərbaycan dilidir və biz öz milli-mənəvi dəyərlərimizi qorumalı, ona sahib dayanmalı və ona qarşı olan təhdidlərin qarşısını almalıyıq". 
  Millət vəkili Vüqar İskəndərov isə hesab edir ki, Ulu Öndərin azərbaycançılıq ideyasının təbliği sahəsində ölkəmizin atdığı ardıcıl sistemli addımlar xalqımızın və dövlətimizin daha da güclənməsinə, beynəlxalq arenada nüfuz qazanmasına əvəzsiz töhfə verir: “Vaxtı ilə dünya ictimaiyyətinə məlum olmayan Azərbaycan dövləti və xalqı hazırda dünya ictimaiyyətinin diqqətini cəlb edir, ölkəmizə böyük maraq göstərilir. Azərbaycanın beynəlxalq siyasi dialoqların, sivilizasiyalararası mədəniyyətlərin, dinlərin, BMT-nin platformasının geniş müzakirəsinin, dünya və Avropa idman oyunlarının hər il keçirildiyi möhtəşəm ölkəyə çevrilməsi hər kəsin iştirakı və gözü qarşısında baş verir. Ölkəmizin qeyd etdiyimiz və etmədiyimiz bütün uğurlarının mayasında azərbaycançılıq ideyasının məqsədyönlü təbliğatının dövlətimiz tərəfindən müvəffəqiyyətlə aparılmasının xüsusilə böyük rol oynamasına heç kim şübhə etmir. Azərbaycançılıq ideologiyası ölkəmizi yad təzahürlərdən, yad təsirlərdən qorumuş olmaqla bərabər mayasında özünüdərk, keçmişimizi dərindən öyrənmək və sağlam gələcək naminə birlikdə mübarizəni qoruyub saxlayır. Azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür. Bugünkü inkişafımızın düzgün bünövrəsi milli liderimiz Heydər Əliyev tərəfindən 90-cı illərin əvvəllərində qoyulub. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev tərəfindən ordunun maddi texniki bazasının möhkəmləndirilməsi, gənclərimizdə vətənpərvərlik və vətəndaşların rifahının yüksəldilməsi sahəsində önəmli sərəncamları və bununla bağlı görülən işlər bizim 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirib. Azərbaycan xalqı olduqca müzəffər xalqdır. Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz bizə yüz illərlə həsrətində qaldığımız qələbəni yaşatdı və bu qələbə həm də xalqımızı daha da sıx birləşdirib. Bütün bunların kökündə, mayasında bünövrəsində Ümummilli Liderimiz Heydər Əliyevin düzgün yeritdiyi siyasət idi və bu siyasət bu gün də uğurla davam etdirilir”.