Ermənilərin tirajladığı yalanlar ifşa olundu

Xarici jurnalistlər Laçın-Xankəndi yolundakı real vəziyyəti gözləri ilə gördülər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

  Ermənistanın təbliğat maşını tərəfindən fasiləsiz uydurulan yalan informasiyalara qarşı Azərbaycan tərəfindən mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə həyata keçirilən önəmli işlərdən biri də xarici ölkələrin nümayəndələrinin, əcnəbi deputatların və media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə davamlı səfərlərini təşkil etməkdir. Bununla xarici ölkə təmsilçiləri həm bölgədə aparılan sürətli bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılır, həm də erməni vəhşiliyinin izləri ilə yerində tanış edilirlər. Digər mühüm məqamlardan biri də Laçın yolunda, Şuşa-Xankəndi yolunda aylardır keçirilən aksiya ətrafında cərəyan edən proseslərdir. Ermənistan tərəfi və erməni lobbisi israrla aksiyanın guya, "hökumət tərəfindən təşkil olunduğunu", yolun "bağlandığını", Qarabağda yaşayan ermənilərin "blokadaya" düşdüyünü iddia edirlər. Xarici ölkə nümayəndələrinin və media təmsilçilərinin Qarabağa səfərinin təşkil olunması bu yalanların üzə çıxması və dünya ictimaiyyətinə çatdırılması baxımından da xüsusi önəm kəsb edir. Fevralın 27-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər. Kanada, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıb, aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumat əldə ediblər. Onlar Laçın-Xankəndi yolunda sərbəst hərəkətin təmin edilməsinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiya yerinə gələn britaniyalı jurnalist Robert Parker deyib ki, Qarabağda demək olar hər şey dağıdılıb: "Qarabağa, Şuşa şəhərinə ilk dəfədir səfər edirəm. Dükanlar, evlər, mədəni abidələr dağıdılıb". Qarabağın təbiətinin, dağların mənzərəsinin çox gözəl olduğunu söyləyən R.Parker qeyd edib: “Mən, ümumiyyətlə, Azərbaycana on il əvvəl səfər etmişəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm və qürur duyuram. Region füsunkar təbiəti ilə insanı heyran edir. İnanıram ki, burada olan dağıntılar tezliklə bərpa ediləcək”. Dinc aksiya yerinə gələn İspaniyanın “Expansion” qəzetinin müxbiri İqnasio Faes Reyna da söyləyib ki, onlar ekoproblem haqqında daha çox məlumat almaq istəyirlər: "Biz bir az əvvəl buraya, aksiya ərazisinə gəlmişik. Burada gənclərin ətraf mühitin qorunması üçün etiraz aksiyası keçirdiklərini görürük. Ümid edirəm ki, problem tezliklə öz həllini tapacaq. Biz buradakı ekoloji problem haqqında daha çox məlumat almaq istərdik”. 
  Ekoaksiya ərazisinə gələn digər ispaniyalı jurnalist David Lopez Frias Gordon söyləyib ki, avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər və heç bir əngəldən, blokadadan söhbət getmir: "Biz Azərbaycana ilk dəfədir səfər etmişik. Burada nəyin baş verdiyini görmək üçün gəlmişik. Biz burada insanların etiraz aksiyası keçirdiyini görürük. Azərbaycandan bir çox insanlar bizə yayılan xəbərlərin yalan olduğunu söyləyirlər. Biz burada bunun bir daha şahidi olduq. Avtomobillər buradan maneəsiz şəkildə keçir. Biz, sadəcə, insanların təbiəti qorumaq üçün etiraz aksiyası keçirdiklərini görürük”.
  Ölkəmizdə rəsmi səfərdə olan Meksika Parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın başçılıq etdiyi parlament nümayəndə heyəti də Şuşa şəhərində olub. Səfər zamanı qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası haqqında məlumat verilib. Səfər çərçivəsində qonaqlar Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri və digər abidələrlə tanış olublar, Şuşanın Qala divarlarına, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib. Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

  Millət vəkili Azər Badamov "Şərq"ə açıqlamasında bildirib ki, Laçın-Xankəndi yolunda heç bir "blokada"nın olmaması ilə bağlı məlumatlandırmağımıza baxmayaraq, Ermənistanın yalanı üzərində qurulmuş informasiyalar bəzi hallarda beynəlxalq ictimaiyyətin müzakirə mövzusu olur. Deputat diqqətə çatdırıb ki, bu yol vasitəsilə hər gün humanitar yüklər daşınır, avtomobillərlə humanitar məqsədlər üçün hərəkət olunur: "Bəlli məsələdir ki, aksiyaçılarımızın məqsədi təbiəti qorumaq və ölkəmizin milli sərvətlərinin talanmasını dayandırmaqdır. Laçın yolunda aksiya davam etdiyi müddətdə bu yoldan qeyri-humanitar yüklərin keçirilməsinə icazə verilməyib. Kanada, ABŞ, Böyük Britaniya və s. ölkələrdən gəlmiş bir qrup media nümayəndələri də Laçın-Xankəndi yolundakı real vəziyyət ilə tanış ola biliblər. Məhz xarici jurnalistlərin bu yola gəlişi zamanı humanitar yüklərin daşınması və aksiyaçılarımızın etdiyi çağırışlar Ermənistanın tirajladığı məlumatların yalan olduğunu bir daha isbatlayıb".
  Parlament üzvü bildirib ki, Ermənistan torpaqlarımızı işğalda saxladığı 30 il ərzində Qarabağda daşı-daş üstə qoymayıb, rayonları, kəndləri yerlə-yeksan edib: "Məscidlərimiz dağıdılıb, təhqir olunub. Bu ərazilərə səfər edən jurnalistlər və digər xarici qonaqlarda ermənilərin dağıdıcı toplum, azərbaycanlıların isə sülhpərvər və yaradıcı xalq olduğuna əminlik yaranır. Təbii ki, işğaldan azad olunmuş ərazilərə səfər edən xarici media nümayəndələri öz ölkələrində çıxan mətbuat orqanlarında bu ərazilərdə baş verən hadisələr haqqında reallığı qələmə alacaqlar. Bu da dünya ictimaiyyətinin mövcud vəziyyətlə məlumatlandırılması baxımından böyük əhəmiyyət daşıyır. Hesab edirəm, belə səfərlər mütəmadi təşkil olunmalıdır. Xarici media əməkdaşlarının əli ilə Ermənistanın əsl üzünü dünyaya tanıtmalıyıq".