Ali Məhkəmədə Femida Dialoq
Platforması üzrə media nümayəndələri ilə görüş keçirilib.
“Sherg.az” xəbər verir ki, tədbirdə
Ali Məhkəmənin sədri İnam Kərimov, Medianın İnkişafı Agentliyinin
icraçı-direktoru Əhməd İsmayılov və media orqanlarının rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan
Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, ölkəmiz böyük qlobal əhəmiyyətli
proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır:
“Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərlə uyğun
qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın
artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir.
Ali Məhkəmə olaraq məhz bu səbəblərdən
məhkəmə islahatlarına dəstək vermək üçün Femida Dialoq Platformasını təsis
etmişik. Bu platforma çərçivəsində hüquqşünaslar, hüquq müdafiəçiləri, eləcə də
vətəndaş cəmiyyəti institutları ilə müzakirələr təşkil olunur. Femida Dialoq
Platforması üzrə sayca ikinci görüşün media nümayəndələri ilə keçirilməsi
ictimai-siyasi həyatın əsasını təşkil edən medianın cəmiyyətimizdəki böyük
rolundan irəli gəlir”.
İ.Kərimov qeyd edib ki, media
cəmiyyətin hər bir üzvünü onlar üçün əhəmiyyət kəsb edən məsələlər haqqında
daha yaxşı məlumatlı olmağa imkan verən faktlarla təmin edir: “Eyni zamanda
informasiyanın mötəbərliyinin və dəqiqliyinin yoxlanılması, eləcə də təhlil olunması
üçün müxtəlif baxışlara, müzakirə və tənqidlər üçün şərait yaradır. Bütün
bunlar isə cəmiyyətdə sağlam rəqabəti təmin etməklə inkişafa dəstək vermiş
olur.
Ölkəmizdə digər sahələrlə
yanaşı, media sahəsində də islahatlar hər zaman dövlətin diqqətində olub. Son
dövrlərdə aparılan islahatlarla media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib,
media fəaliyyətinin iqtisadi əsasları möhkəmləndirilib. Eyni zamanda dövlətin
kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi,
jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq
əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların
yaradılması istiqamətində mühüm işlər görülüb”.
Ali Məhkəmənin sədri bildirib
ki, bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media
azadlığı təmin olunur: “2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan
Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Bununla da
Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın
tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə
etibarı ilə, media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi
standartlarına uyğun təmini deməkdir”.
Daha sonra çıxış edən
Medianın İnkişafı Agentliyinin icraçı-direktoru Əhməd İsmayılov isə deyib ki,
media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi
məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər
hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini
dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində
saxladığı məsələlərdəndir.
Media subyektlərinin inkişafı
üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz
azadlığının təmin edilməsinin bariz sübutu olduğunu vurğulayan Əhməd İsmayılov
media sahəsində islahatların əsas məqsədinin media mühitinin
sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini
qeyd edib.
Tədbir çıxışlarla davam etdirilib.