Agentlik rəhbəri: Dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib

"Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunub".

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media Savadlılığı” Konfransında deyib.

O bildirib ki, ictimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib:

“Cəmiyyətin ictimai-siyasi sayıqlığının qorunması, ölkəyə qarşı yönəlmiş qarayaxma kampaniyalarının qarşısının alınması, dövlətçilik prinsip və dəyərlərinin təbliği istiqamətində dövlətin mesajlarının media vasitəsi ilə cəmiyyətə düzgün çatdırılması ictimai rəyin sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir etməkdədir. Media islahatlarının vacib töhfəsi olaraq ölkəmizin informasiya mühitində nisbət Azərbaycanın dövlətçilik maraqlarını uca tutan, fəaliyyətləri peşə etikasının prinsiplərinə əsaslanan media subyektlərinin xeyrinə dəyişib”.