Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Media savadlılığı zəif və aşağı olanlar bu sahədə bilgilərini artırmağa çalışmalıdır
“Media Savadlılığı” Həftəsinə start verilib. Media Savadlılığı” Həftəsi Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilir.
Həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi, “medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur. Qeyd edək ki, “Media Savadlılığı” Həftəsi 16-22 dekabr tarixlərini əhatə edəcək. Media savadlılığı, müasir cəmiyyətdə ən fundamental məsələlərdən birinə çevrilib. İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın genişlənməsi fonunda fərdlərin məlumatları doğru şəkildə seçməsi, analiz və şərhetmə bacarıqları daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycanda media savadlılığının inkişaf etdirilməsi və bu sahədə səmərəli təhsil sisteminin qurulması, cəmiyyətin düzgün məlumat əldəetmə və ictimai proseslərdə fəal iştirakının təmini üçün mühüm prioritet təşkil edir. Bu, təhsil siyasətinin bir hissəsi olmaqla yanaşı, həm də informasiya mühiti ilə əlaqəli sosial, mədəni və siyasi məsuliyyətlərin yerinə yetirilməsi baxımından əsas rol oynayır.
Media savadlılığı fərdlərin məlumatı toplama, qiymətləndirmə və təhliletmə bacarıqlarına sahib olmasıdır. Bu, həmçinin insanların informasiya mənbələrini düzgün seçmək və onların etibarlılığını qiymətləndirmək qabiliyyətini də əhatə edir. Media savadlılığı informasiya cəmiyyətində insanların özlərini səmərəli şəkildə ifadə etməsi və sosial məsələlərdə aktiv iştirakı baxımından vacibdir. Bununla yanaşı, doğru məlumatlar əldə etmək və yanlış məlumatlardan qorunmaq, sosial media və digər rəqəmsal platformaların nəzarət altına alınması da media savadlılığının əsas tələblərindən biridir. Azərbaycanda media savadlılığı sahəsində bir sıra mühüm addımlar atılmaqdadır. 2010-cu illərin əvvəllərindən etibarən informasiya və kommunikasiya texnologiyalarının inkişafı, internetin yayılması və sosial mediadan istifadənin genişlənməsi ölkədə media savadlılığının artırılması ehtiyacını ön plana çıxarıb. Dövlət və özəl sektorda media savadlılığının təbliği məqsədilə müxtəlif proqramlar və təşəbbüslər həyata keçirilməyə başlanıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, texnoloji tərəqqinin tamamilə yeni məzmun və formaya malik media mühiti formalaşdırması gündəlik onlayn mənbələrdən əldə etdiyimiz məlumatlara seçici yanaşmağımızı, bu istiqamətdə lazımi bacarıqlara yiyənlənməyimizi zəruri edib:
“Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. Analitik mərkəzlər qeyd edirlər ki, indi hər gün dünyada təsəvvür edilməz səviyyədə, təqribən 2,5 kvintilyon bayt həcmində məlumat yaradılır və yayılır. İnsanlar hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görür və dinləyirlər. Həmçinin cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Yəni xəbər, məlumat emalı günümüzün ayrılmaz bir parçasıdır”.
Media eksperti təəssüflə qeyd edib ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir: “Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərdən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. Bu baxımdan “saxta xəbər”i, “dezinformasiya”nı “dünya üçün yeni fəlakət” adlandırırlar. Bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması zərurəti yaranır. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur”.
M.Ələsgərlinin sözlərinə görə, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür. Qanunun 10-cu maddəsi ölkə vətəndaşlarının media savadlılığının artırılması yönündə öhdəlikləri müəyyən edir. Buna uyğun olaraq, müxtəlif proqramlar icra olunur, tədbirlər gerçəkləşdirilir. Əlamətdar haldır ki, Medianın İnkişafı Agentliyi media savadlılığının artırılması yönündə işlərin səmərəliliyini təmin etmək üçün xüsusi proqram və internet informasiya resursu hazırlayıb. 2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətində məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq “Media Savadlılığı” Həftəsi qismində kampaniyalar təşkil edir. Agentliyin media savadlılığının artırılması üzrə proqramları bu cür sistemli şəkildə təşkil etməsi vətəndaşların mövzuya marağını artırır. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”.
Siyasi şərhçi Azər Həsrət də “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan kimi hər tərəfdən dezinformasiya hücumuna məruz qalan ölkədə media savadlılığı həftəsinin keçirilməsi təqdirəlayiqdir. İnsanların bu istiqamətdə bilgiləndirilməsinin vacib olduğunu vurğulayan ekspert qeyd edib ki, media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə media məlumatlarının axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir: “Media savadlılığı cəmiyyətin, dövlətlərin, bəşəriyyətin yanlış yola sürüklənməsinin qarşısını almaq üçün lazımdır. İndi elə bir dövrdə yaşayırıq ki, hər kəs media vasitəsilə özünü ifadə edə bilir. Bundan sui-istifadə edənlərin sayı milyonlarladır. Kimisi özünün xırda məqsədləri, kimisi də bəşəriyyəti qarşı-qarşıya qoymaq üçün mediadan sui-istifadə edir. Media savadlılığı hər kəsin mediadan doğru və düzgün istifadə edə bilməsini təmin etmək üçün qaydaların öyrənilməsi və mənimsənilməsidir. İnsanlar öz məsuliyyətini dərk etməli, mediada yayılan məlumatları qiymətləndirməyi bacarmalıdır. Hansı məlumat doğrudur, yalandır, nə məqsədlə yayılır, bunun mənbəyi necədir, nə dərəcədə mötəbərdir və sair bilməlidir. Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir”.
Saxta informasiyanı müəyyənləşdirə bilmək üçün hər şeydən əvvəl şübhəçi yanaşmanın sərgilənməli olduğunu deyən mütəxəssisin sözlərinə görə, qarşımıza bir informasiya çıxırsa, əvvəl o informasiyanı kim, yaxud hansı qurumun yaydığına baxmaq lazımdır: “Media savadlılığı əslinə qalanda hər bir fərdin və ümumilikdə cəmiyyətin mediadan uyğun və düzgün şəkildə yararlanmasına əlavə dəstək hesab edilə bilər. Yəni insanların bir kəsimi, əlbəttə ki, media ilə bağlı yetərincə bilgilidir, savadlıdır, onların elə də problemləri yaranmır. Amma dediyim kimi, sahəyə dəxli olmayan, özəlliklə də mediadan uzaq olan adamların əksəriyyətinin media ilə bağlı ciddi problemləri olur. Media savadlılığının gərəkli səviyyədə olması isə bu məsələlərin önünü kəsməyə yardımçı olur. Yəni media savadlılığı bu baxımdan, məncə, ciddi şəkildə dəyərləndirilməlidir və hər kəs əli çatdığı qədər media savadlılığı məsələlərinə töhfə verməlidir. Birincisi, media savadlılığı sahəsində peşəkarlar bunun daha geniş yayılması təbliğində öz enerjisini sərf etməli, yardımçı olmalıdır. İkincisi isə media savadlılığı zəif və aşağı olanlar isə bu sahədə bilgilərini artırmağa çalışmalıdır və belə bir şəraitdə ortaya bir mənzərə çıxır. Yəni məlum və məşhur deyimdə olduğu kimi, bilənlər bilməyənlərə anlatsın. Mənə elə gəlir ki, bilənlər bilməyənlərə nə qədər çox anlatsa, bu məsələdə problemin çözümünə bir o qədər tez yaxınlaşacağıq".