"Aprel döyüşləri miqyasında addım atılarsa, Paşinyan hakimiyyəti nə qədər ciddi olduğumuzu dərk edər"
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı ermənilər “yerli özünüidarəetmə orqanlarına seçkilər” keçirib. Rəsmi Bakı qondarma rejimin bu addımı ilə bağlı etiraz bəyanatı verib, “seçki” şousunun sülh danışıqlarına zərbə olduğunu vurğulayıb. Danışıqlar prosesinə zidd olan bu seçkilərlə bağlı münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupundan səs çıxmır.
Hansı ki, “münaqişənin sülhlə həllindən başqa yol yoxdur”, “tərəflər sülh danışıqlarını davam etdirməlidirlər” - deyən həmsədrlər, Qarabağ separatçılarının bu addımlarına görə, rəsmi Yerevana xəbərdarlıq etməlidirlər.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Sherg.az-a müsahibəsində deyib ki, separatçılar “demokratik seçki” keçirdiklərini bildirərək, dünyada rəy formalaşdırmağa çalışırlar...
-Bu çox təhlükəli tendensiyadır. Bundan əvvəl də Dağlıq Qarabağın separatçı rejimi “prezident seçkiləri”, “parlament seçkiləri” keçiriblər. Gələn il də qondarma rejim növbəti dəfə “prezident seçkisi” keçirməyi planlaşdırır. Bütün bunlar beynəlxalq hüquq normalarını ayaqlar altına atmaq deməkdir. Faktiki olaraq bu şoularla Azərbaycanın beynəlxalq aləmdə rəsmən tanınmış sərhədlərini kobud surətdə pozulması ilə məşğuldurlar.
-Rəsmi Bakı hansı addımı atmalıdır?
-Hesab edirəm ki, biz, rəsmi-diplomatik yollarla təzyiqləri artırmalıyıq. Diplomatiyamız daha ciddi işləməlidir. Separatçı rejimin keçirdiyi “seçkilər”in hamısı ilə bağlı təkcə ATƏT-in Minsk Qrupu çərçivəsində yox, BMT, Avropa İttifaqı, hətta, İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində qaldırmalıyıq, etiraz etməliyik. Əlimiz çatan bütün beynəlxalq qurumlara müraciət etməliyik.
- “Seçki” şousu həm də Qarabağ danışıqlarını pozur...
-Demək olar ki, danışıqlar getmir, proses dalana dirənib. Separatçılar “seçki” oyunu ilə, işğal etdikləri Dağlıq Qarabağ və ətraf yeddi rayonda ermənilərin məskunlaşdırma siyasəti ilə danışıqlar prosesinə ciddi zərbə vurmaqdadırlar. Bu gün Qarabağda yollar çəkirlər, evlər tikirlər. Müxtəlif ölkələrdən, xüsusən də Suriyadan erməniləri yığıb Qarabağa gətirirlər, orda məskunlaşdırırlar. İş orasındadır ki, işğal etdikləri rayonların adlarını dəyişdirib, erməniləşdirirlər. Terrorçu rejimin “konstitusiyası”na əsasən işğal etdikləri ətraf rayonları da “DQR”-in tərkibində göstərirlər. Demək istədiyim odur ki, ermənilərin işğalçı siyasəti artıq dərinə işləyib. Görünən odur ki, Ermənistan tərəfi problemin danışıqlar yolu ilə həllində maraqlı deyil. Ona görə də rəsmi Bakı düşünməli, qərar verməlidir.
-Müharibəni nəzərdə tutursuz?
-Bəli. Azərbaycan ərazi bütövlüyünü hərbi yolla həlli haqqında düşünməlidir. Xarici İşlər Nazirliyi separatçıların beynəlxalq hüququ kobudluqla pozduğunu beynəlxalq aləmin diqqətinə çatdırmalı, Azərbaycanın müharibədən başqa yolu qalmadığını bəyan etməlidir. BMT qarşısında məsələ qaldırılmalıdır ki, Ermənistana ciddi təzyiq edilsin. Əks təqdirdə Azərbaycan hərbi variantdan istifadə edəcək. Bir neçə gündən sonra, BMT Baş Məclisinin geniş sessiyası başlayacaq. Sessiyanın gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ daxil edilməlidir. Ciddi şəkildə tələb qoyulmalıdır ki, BMT münaqişənin həlli ilə bağlı konkret zəmanət versin.
-ATƏT də passivdir...
-Minsk Qrupu illərdir ki baş qatmaqla məşğuldur. Məsələ bundadır ki, həmsədr ölkələrdən ikisi, Rusiya və Fransa Ermənistana loyal münasibət sərgiləyir. İkili standartlar nümayiş etdirən ölkələr haqqında da qərar vermək lazımdır. Müzakirə ediləsi məsələlər çoxdur. Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidir. Diplomatiya ilə yanaşı ordumuz da hərəkətlilik nümayiş etdirməlidir. Məsələn Ermənistana təzyiq vasitəsi kimi heç olmasa lokal hərbi əməliyyatlar olmalıdır. Aprel döyüşləri miqyasında addım atılarsa, Paşinyan hakimiyyəti nə qədər ciddi olduğumuzu dərk edər. Nikol sərsəm bəyanatları ilə, onsuz da müharibəyə təhrik etməkdədir. Ona dərsini vermək lazımdır. Əks təqdirdə Paşinyan münaqişənin həllində addım atmayacaq.