"O da, türkdilli ölkələrin, Şərqin öz alternativ mükafatının yaradılmasıdır"
"Türk dünyası ədəbiyyatı ilə bağlı “Böyük Asiya” kimi belə nəhəng mükafatın təsis edilməsi alqışlanası layihədir"
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində I Asiya Yazıçılar Forumu keçirilib. Forumda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar da iştirak edib. AYB-nin mətbuat katibi Xəyal Rza Forum haqqında məlumat verərkən deyib ki, tədbirin məqsədi Nobel mükafatına alternativ sayılacaq “Böyük Asiya” ədəbiyyat mükafatını təsis etmək olub. Sözügedən mükafatın məbləği isə 1 milyon dollar olacaq. Qazaxıstan dövləti bunu öz ölkələrini Asiyanın mədəni, ədəbi mərkəzinə çevirmək məqsədi ilə təsis edir.
Bu mükafat bir növ türkdilli ölkələri əhatə edəcək.
Təbii ki, “Böyük Asiya” müsabiqəsində Azərbaycan ədəbiyyatının nümayəndələri də iştirak edəcək. Hələlik müsabiqənin hansı kriteriyalarla keçiriləcəyi, qalibin necə müəyyənləşdiriləcəyi açıqlanmayıb. Amma mükafatın məbləği kifayət qədər böyük olduğu üçün, maraq da böyükdür.
“Böyük Asiya” mükafatı ilə bağlı “Şərq”ə müsahibəsində tanınmış ədəbi tənqidçi Əsəd Cahangir deyib ki, müasir dünyada, xüsusən də Avropa ölkələrinin iqtisadi, siyasi və mənəvi birliyinə qarşı Şərq ölkələrinin, o cümlədən də Türk-İslam dünyasının birlik zərurəti yaranıb...
- Məsələn, Avropa İttifaqına qarşı siyasi-iqtisadi bir təşkilat olaraq Avrasiya İttifaqı yaradılıb ki, burada Rusiya, Çin və s. ölkələr təmsil olunurlar. Hətta Türkiyə də bu ölkələrlə həmrəydir. Bunun səbəbi odur ki, neçə illərdir heç kim Avropa Birliyinə Türkiyəni qəbul etmək istəmirlər. Türkiyəni ikinci dərəcəli ölkə kimi görürlər. Çıxış yolu odur ki, alternativ qurum yaradırsan, onun əsarətindən azad olursan. Eyni halı ədəbiyyat sahəsinə də şamil etmək olar. İndi türk dövlətlərinin belə bir mükafat təsis etməsi, ədəbiyyatla bağlı olsa da, içərisində siyasi məqsəd də daşıya bilər. Bu gün Nobel mükafatı Şərq ölkələrinin insanlarına ona görə verilir ki, bu insanları mənəvi əsarətdə saxlaya bilsinlər. Baxaq, Nobel ədəbiyyat mükafatı Şərq ölkəsi olan Türkiyəyə, Orxan Pamuka verilib. Nobel o şəxslərə verilir ki, onlar milli kimliyinin, dininin əsaslarına qarşı çıxırlar. Hamımız bilirik ki, Türkiyə yazıçısı Pamukun dili ilə “ermənilər bizi bağışlayın” şüarı səsləndirildi. Bundan sonra yazıçı Nobel mükafatına layiq görüldü. Demək istəyirəm ki, bütün bu mənəvi əsarətdən bir çıxış yolu var – o da, türkdilli ölkələrin, Şərqin öz alternativ mükafatının yaradılmasıdır. Türk dünyası ədəbiyyatı ilə bağlı “Böyük Asiya” kimi belə böyük mükafatın təsis edilməsi alqışlanası layihədir. Təbii ki, bu müsabiqəyə təqdim olunan əsərlər alternativ olaraq milli özünüdərkə, dini inanc sisteminə uyğun olmalıdır. Məsələn, Çingiz Aytmatov kimi böyük bir yazıçıya niyə Nobel verilməyib? Məgər Aytmatov Pamukdan zəif yazıçıdır? Əlbəttə ki, yox. Sadəcə Aytmatov yaradıcılığında Pamukdan fərqli olaraq milli özünüdərk məsələsi var. Bu cür halların qarşısını almaq üçün, milli mənlik şüurunun yaşadılması naminə belə mükafatın təsis edilməsinin çox ciddi önəmi var. Dünyanın idarə edilməsi ilə bağlı “Kommitet - 300” (300-lər Komitəsi) var. Demək bu qurumun 21 maddədən ibarət idarə proqramının bir və ikinci maddəsində yazılır ki, “hər hansısa bir xalqı özünə tabe etmək istəyirsənsə, o xalqın dini inanc sistemini dağıt və milli qürur hissindən məhrum elə”. Mənə elə gəlir ki, türk ölkələrinin ədəbiyyat mükafatı, “Kommitet - 300”ün həmin proqramına əks mövqeyə söykənməlidir. Fikrimcə, belə mükafatın təsisi alqışalayiqdir. Orada gələcəkdə yer tutacaq ədəbiyyat adamlarını da indidən təbrik edirəm. Ümid edirəm ki, türk dövləti olaraq Azərbaycanın da ədəbiyyatı orada layiqincə iştirakçı olacaq.
- Sizcə müsabiqəyə əsərlər hansı formada təqdim olunmalıdır? Ümumiyyətlə qalib əsərlər hansı kriteriyalarla seçilməlidir?
- Nobel mükafatına əsərlər necə təqdim edilirsə, bu müsabiqəyə də o cür təqdim edilə bilər. Yəqin ki, orada təmsil olunacaq hər türk respublikalarında mükafat üzrə müəyyən bir komissiya yaradılacaq. Komissiyanın da təsdiq etdiyi materiallar müsabiqəyə göndəriləcək. Müsabiqənin də öz komissiyası olacaq ki, ölkələrdən gələn əsərlərə qiymət veriləcək, qalib müəyyənləşəcək. Mənə elə gəlir ki, ən sadə, primitiv seçim üsulu budur. Təbii ki, ola da bilər əsəri hansısa bir təşkilat təqdim etsin. Yaxud da, müsabiqəyə qatılmaq istəyən yazıçının, şairin özü fərdi şəkildə əsərini göndərsin.
- Bizdə adətən xırda müsabiqələrdən tutmuş, iri layihələrə qədər, narazılıqlar yaranır. O mənada ki, hər kəs qalib olmaq istəyir, qalib olmayanda isə qərəzin, tərəfkeşliyin olduğunu söyləyirlər. Sizcə mükafat məbləği bir milyon olan müsabiqə ilə bağlı, sonradan narazılar ortaya çıxmayacaqmı? Məsələn, Aytmatovun əsəri mükafata layiq görülsə, digər əsər göndərənlər narazı qalmayacaqlarmı?
- Əlbəttə olacaq. O narazılıq hər zaman olub, bundan sonra da olacaq.
- Qalib necə müəyyənləşdirilməlidir, hansı kriteriyalar əsas götürülməlidir ki, narazılıq az olsun?
- Necə olur-olsun, narazı qalanlar mütləq olacaq. Çünki hər bir ədəbiyyat adamı öz əsərinin daha yaxşı olduğunu düşünür. Məsələn, bizim Yazıçılar Birliyinin 4-5 il öncə nəsr, ədəbi tənqid, tərcümə, uşaq ədəbiyyatı üzrə müsabiqəsi keçirildi. Bu müsabiqədə bir istiqamət üzrə qalib iki nəfər müəyyənləşdi, mükafat aralarında bölündü. Bundan sonra ajiotaj yarandı. Biri narazılıq etdi ki, mənim əsərim, alternativ əsərdən güclüdür, ona görə mükafatı tək almalıyam. Bəziləri narazılığını imtina etməklə göstərdi. Demək istəyirəm ki, narazılıq həmişə olur. Ədəbiyyatda ölçü, meyar yoxdu demək olmaz. Tərəzi var, lakin hər kəs subyektiv düşünür, özünün yaratdığını hamınınkından daha yaxşı olduğunu fikirləşir. Bütün hallarda, hər bir müsabiqədə münsiflər, komissiya üzvləri maksimum ədalətliliyə önəm verməlidirlər. Şəxsi fikrimcə belədir ki, heç bir müsabiqədə ədalət meyarlarına maksimum əməl edilmir. Türk dövlətlərinin təsis etdiyi mükafatda da əminəm ki, tam ədalətliliyə əməl olunmayacaq. Məsələn, Azərbaycanda komissiya ora göndəriləcək əsəri müəyyənləşdirəndə, obyektivlik prinsipi ilə seçiləcəyinə o qədər də əmin deyiləm. Çünki Azərbaycanda bir çox ədəbi mükafatlar olub ki, tam ədalətlilik qorunmayıb. Hətta Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatda qalib maksimum ədalətlilik təmin olunaraq seçilmədi. Müsabiqələrdə ədalət prinsiplərinə müəyyən dərəcədə əməl edilir, müəyyən qədər qeyri-obyektivlik olur. Kimsə mükafatı layiq olduğu üçün alır, kimsə də layiq olmadığı halda, nəyəsə görə alır. Həmin o “nəyəsə görə” təbii ki, ümumtürk ədəbiyyat müsabiqəsində də olacaq. Çünki maksimum ədalət ancaq Allahdadır.
- Ümumtürk ədəbiyyat müsabiqəsinə təqdim edilmək üçün Azərbaycandan kimin hansı əsərini layiqli görürsüz? Hansı əsəri bu cür böyük mükafata namizəd göstərmək olar?
- Söhbət nəsr əsərindən gedirsə, Qarabağ problemi ilə bağlı olan əsərləri, Elçin Əfəndiyevin “Baş” romanını, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanını təqdim etmək olar. Qarabağ münaqişəsi ağrılı yerimizdir, amma, təkcə bu əsərləri ağrılı yerimizə görə yox, həm də hər iki əsər yüksək bədii-estetik məziyyətlərə malikdir. Təsəvvür edin ki, Aqil Abbas Mübariz İbrahimov fenomenini əvvəlcədən görüb, yazıb. Mübariz qəhrəmanlığı həmin əsərdən 10 il sonra edib. Ən azı öncəgörənliyinə, xalqın qəlbindəki arzuları əsərində ifadə etdiyinə görə, Aqil bəyin əsərini mükafata təqdim etmək lazımdır. Bununla yanaşı bizim başqa yazıçılarımız da var ki, onların da əsərlərini mükafata təqdim etmək mümkündür. Bu nəsr üzrədir. Amma ədəbiyyatımızda şeir də var, publisistika, esseistika, uşaq ədəbiyyatı var və s. Mən bilmirəm indi bu mükafat hansı kateqoriyalar üzrə veriləcək. Məsələn, Nobel mükafatı nəsr və şeir üzrə verilir.
- Hələlik detalları açıqlanmayıb, bilinmir...
- Detallar olsa, rahat söyləmək mümkün idi. Amma mənə elə gəlir ki, dramaturgiyadan Əli Əmirlinin dram əsərlərini, Afaq Məsudun modern üslubda yazdığı dram əsərlərini, müstəqillik dövründə yazdığı hekayələrini, “Azadlıq” romanını təqdim etmək olar. Poeziya sahəsində cavan, orta və yaşlı nəsil əsəbiyyat adamlarının əsərlərindən bir çoxunun adını çəkmək olar. Poeziya sahəsində konkret adlar çəkmək çətindir, çünki çoxdur şeir nümunələrimiz. Biz axı şair xalqıq, yaxşı şairlərimiz, şeirlərimiz çoxdur.
- Sizin özünüzün bu müsabiqəyə gələcəkdə qatılmaq niyyətiniz varmı?
- Əgər poeziya üzrə də nominasiya olsa, “Namaz” poemamı təqdim edəcəm. Bu poemanı Cəlaləddin Ruminin yubileyi münasibətilə yazmışam. Bu əsərim ümumtürk və ümummüsəlman müstəvisində qələmə alınıb. Əgər müsabiqədə poeziya üzrə də mükafat olsa, kitab şəklində çap etdirərək, təqdim edəcəm.