Mübariz Əhmədoğlu: "Minsk Qrupu 9 mart bəyanatını yenidən təsdiq etdi və vurğuladılar ki, ətraf ərazilər Azərbaycana qaytarılmalıdır"
"Tramp hətta Paşinyanın salamına belə cavab verməyib. Erməni baş nazir sadəcə quru şəkil paylaşıb"
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin sentyabrın 24-də Nyu-Yorkda baş tutan görüşü barədə bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, həmsədrlər BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə xarici işlər nazirləri ilə görüşüblər. Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar, təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonrakı fəaliyyətləri barədə məlumat veriblər: “Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirəyə davam ediblər”. O da əlavə olunub ki, həmsədrlər yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətindədir.
Həmsədrlərin bəyanatı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ümumiyyətlə, XİN rəhbərlərinin nəticəsiz görüşləri ilə bağlı münasibət fərqlidir. Müəyyən kəsim bu cür görüşlərdən imtina etməyi tələb etsə də, digər qisim diplomatik danışıqların davam etdirməyin zəruri olduğunu düşünür.
Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən prosesləri Sherg.az-a dəyərləndirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu həmsədrlərin bəyanatının kifayət qədər ciddi olduğunu söyləyib..
- Mübariz müəllim, ATƏT-in Minsk Qrupunun Nyu-York görüşü ilə bağlı yaydığı bəyanatı necə dəyərləndirirsiniz?
- Bir məsələni vurğulamaq istəyirəm ki, son dövrlərdə Dağlıq Qarabağ məsələsində Azərbaycan ictimaiyyətində formalaşan narazılığın kökündə məlumatsızlıq durur. Təəssüflər olsun ki, bəzi media orqanları lazımi məlumatı çatdırmaqda çətinlik çəkirlər. Mən həmsədrlərin bəyanatını çox diqqətlə oxudum. Bəyanatda iyun ayından bu günə qədər həmsədrlərin demək olar ki, yatmadıqları, Cenevrədə Azərbaycan və Ermənistanın iştirakı olmadan görüşlər keçirdikləri, ATƏT-in baş katibi ilə müzakirələr apardıqları və BMT təmsilçiləri ilə çoxsaylı görüşlər keçirdikləri öz əksini tapıb. Minsk Qrupunun bu cür fəaliyyət göstərməsi müsbət haldır. Xüsusən, BMT nümayəndələri ilə görüşlər olduqca vacib məqamdır. Hazırda Minsk Qrupu BMT-nin mandatı ilə fəaliyyət göstərir. BMT təmsilçiləri ilə aparılan müzakirələrdə həmsədrlər öz fəaliyyətlərinə ya son qoymaq, ya da təkmilləşdirmək məsələsini qaldırıb. Deməli, həmsədrlər indiki fəaliyyətlərindən özləri də narazıdır. Zənnimcə, vasitəçilər BMT qarşısında məsələ qoyublar ki, ya bu formatı birdəfəlik ləğv etsinlər, ya da onlara yeni status versinlər. Əgər həmsədrlərə arbitr statusu verilsə, onlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha aktiv və effekftiv rol oyanaya bilərlər.
- Yəni hesab edirsiz ki, Minsk Qrupunun fəaliyyəti və bəyanatı əslində Azərbaycanın xeyrinədir?
- Bəyanatın ikinci hissəsi daha önəmlidir. İkinci hissədə vacib siyasi mesaj verilir və 9 mart bəyanatı xatırladılır. Bilirsiz ki, 9 mart bəyanatı həmsədrlərin tənzimləmə variantını açıqlayır. Həmsədrlər o bəyanatda Ermənistanın mövqeyini darmadağın ediblər. Bu bəyanat Ermənistanın maraqlarına zərrə qədər uyğun deyil. Lakin erməni rəhbərliyi israrla xalqı inandırmağa çalışır ki, guya danışıqlarda tamam fərqli, əhəmiyyətsiz məsələlər müzakirə olunur. Sonuncu açıqlamada həmsədrlər 9 mart bəyanatını yenidən təsdiq etdilər və vurğuladılar ki, ətraf ərazilər Azərbaycana qaytarılmalıdır, heç bir referendumdan və Dağlıq Qarabağın "müstəqilliyi"ndən söhbət gedə bilməz. Dağlıq Qarabağın statusunu ancaq və ancaq həmin bölgənin azərbaycanlı və erməni əhalisi müəyyən edə bilər. Əslində həmsədrlər bu bəyanatla Paşinyanın savadsızlığına, son dövrlərdəki psixi bəyanatlarına bir növ etiraz bildirdilər. Ona görə də bəyanatı düzgün oxumaq lazımdır.
- ABŞ-da səfərdə olan Paşinyan feysbuk profilində prezidenti Donald Trampla fotosunu paylaşıb. Sizcə, Paşinyan Amerikadan umduğu siyasi və maliyyə dəstəyini ala biləcəkmi?
- Paşinyan ABŞ-dan heç bir yardım və dəstək almayıb və bundan sonra da almayacaq. Əvvəla, Paşinyan Trampla görüşməyib. ABŞ hər il BMT Baş Assambleyasında iştirakçı dövlətlər üçün rəsmi qəbul təşkil edir. O qəbulu da şəxsən prezident Donald Tramp və xanımı həyata keçirir. Qəbulda da qayda belədir ki, dəvət olunmuş ölkə başçıları Tramp və onun xanımı ilə xatirə fotosu çəkdirirlər. Bu da cəmi 10 saniyəlik bir məsələdir və salam-sağoldan başqa orada bir kəlmə əlavə söhbət ola bilməz. Paşinyanın Trampla yanaşı foto çəkdirməsinin mahiyyəti budur. Əmin olun, əgər Paşinyan Trampla hansısa mövzuda danışsaydı, yaxud sadəcə sual verib, cavab alsaydı belə bunu mütləq yazardı. Görünür, Tramp hətta Paşinyanın salamına belə cavab verməyib. Erməni baş nazir sadəcə quru şəkil paylaşıb.
- Paşinyan digər Amerikalı rəsmilərlə görüşə bilibmi?
- ABŞ-ın Ermənistandakı səfiri bu məsələyə münasibət bildirib. Səfir açıq şəkildə bəyan edib ki, amerikalılar ancaq özlərinə lazım olanda erməni rəsmilərini qəbul edirlər. Bu o deməkdir ki, Paşinyan bu dəfə ABŞ-da nə prezident Donald Trampla, nə vitse-prezidentlə, nə də dövlət katibi ilə görüşə bilib.
- İrəvan hökuməti ilə Moskva arasındakı münasibətlər də gərginliyini qoruyur. Rusiya rəhbəri V.Putinin Ermənistana qısa səfəri zamanı Paşinyanla görüşməyəcəyi deyilir. Bunu Kremlin “Qarabağ klanı”na dəstəyi kimi şərh etmək olarmı?
- Əslində Putinin məqsədi birbaşa “Qarabağ klanı”na dəstək vermək deyil. Kreml rəhbəri sabiq prezident Robert Koçaryana dəstək verməklə Paşinyana psixoloji təsir göstərməyə çalışır. Bəllidir ki, Moskva bəzi MDB dövlətlərində ölkə başçılarının sərbəst fəaliyyətinə maneçilik yaratmaq istəyir. Məzh Koçaryan baş nazir Paşinyana psixoloji təsir etmək gücündədir. Rusiyanın özünün imperiya maraqları var. Putinin Ermənistana səfərində daha vacib bir nüans var. O da Paşinyanın siyasəti bilməməyidir. Paşinyanın siyasətdə olmağı “inəyin buz üstündə xokkey oynaması” kimi bir şeydir. İnək buzun üstündə hansı formada ayaq üstə qalırsa, Paşinyan da siyasətdə o qaydada hərəkət edir. Ona görə də Putinə belə bir adamla oturub-durmaq, nəyisə müzakirə etmək ağır gəlir və haqlı olaraq görüşmək istəmir. Moskva artıq Ermənistanı idarə etmək üçün alternativ variantlar yaradıb. Bu alternativlərdən biri də Moskvada “Taşir” şirkətlər qrupunun başçısı Samvel Karapetyanın yaratdığı iş adamları birliyidir.