Natəvan Dəmirçioğlu: "Fədakarlıq, bütün enerjisini sərf edərək yaşamaq mənim tərzimdir"

"Heç gizlətmədən deyim ki, ailə baş tacım, iş məsuliyyətim olsa da, mənim üçün yaradıcılıq məsələləri əsasdır"



"Yazıçı sarayda yaşayar, bir fərli əsər yaza bilməz, kirayədə yaşayar şedevr yaradar. Bunu bilənlər bilir. Lakin bu həqiqət "yazıçı-şair kasıb yaşamalıdır" fikrini doğurmur"



"Ucuz populyarlıq zərərlidir və hətta təhlükəlidir. Əsas mahiyyətdir"




Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi, Prezident təqaüdçüsü Natəvan Dəmirçioğlu “Şərq”ə maraqlı müsahibə verib. Onunla həyat və yaradıclığı, pedaqoji fəaliyyəti, ölkə sərhədlərindən kənara çıxa biləcək ədəbi mətnlərin mövcud olub-olmaması mövzularını müzakirə etdik. Eyni zamanda N.Dəmirçioğlu ilə ədəbi tənqidin səviyyəsi, ədəbi layihələrin efirlərə daşınması, gənc şair və yazıçıların sosial şəraiti, onların müharibə mövzularına az müraciət etməsi məsələlərinə toxunduq. Həmçinin, bu günlərdə paytaxt Bakıda qurulan kitab dayanacaqları, kitab sərgisi, kitab evləri və başqa mövzulara diqqət çəkdik.  

Onu da xüsusi qeyd edək ki, bu gün (red-dünən) müsahibimiz 56 yaşına vida deyib, 57 ilə salamlaşıb.  “Şərq” qəzeti olaraq, məhz bu faktoru əsas tutub, yubilyarla söhbətləşmək qərarına gəldik. Biz də onu müsahibəmizlə təbrik etdik. 

- Ömrün 56-cı payızını yaşayırsınız. Dönüb, bu ötən illərə, keçilən yollara baxanda daha çox nələri xatırlayırsınız, ilk olaraq gözlərinizin önündən hansı məqamlar keçir?

- "Ömür su kimi axır" deyirlər. Elədir ki, var.  Onu yaddaqalan edən xüsusi məqamlardır. Şəxsi həyatda, işdə və yaradıcılıqda. Baxır kim nəyə daha çox önəm verir. Mən sizin dediyiniz kimi 56 illik ömrü deyə bilmərəm, amma şüurlu həyatımı ailəyə sədaqətlə və doğmalıqla (ata ailəmə, sonra isə həm də öz ailəmə), işə ləyaqətlə və peşəkarlıqla, yaradıcılığa bütün varlığımla bağlı olmuşam. Heç gizlətmədən deyim ki, ailə baş tacım, iş  məsuliyyətim olsa da, mənim üçün yaradıcılıq məsələləri əsasdır. Ömürdən qalan izlər orada qazandıqlarımdır.

- Doğum gününüzü kimlərlə, necə və harada keçirəcəksiniz?  

- Ötən il 55 illiyim oldu, keçirmədim. Bu gün (red –dünən) ad günümdür keçirməyəcəm.

- 56 ilin hesabatını, haqqını verə bilmisinizmi?

- Bu məsələdə, nə yetərincə nikbin ola bilərəm, nə də bədbin.  Məndən asılı nə var, orada fədakarlıqdan söhbət gedir. Ailədə də, işdə də, yaradıcılıqda da, hətta pedaqoji fəaliyyətdə də. Fədakarlıq, bütün enerjisini  sərf edərək yaşamaq mənim tərzimdir. Nailiyyət isə arzuya, zəhmətə, inadkarlığa bağlı olmaqla yanaşı, həm də şansa, taleyə, qismətə bağlıdır. Mənim ictimailəşən fəaliyyətim şəxsi Vikipediya səhifəmdə göstərilib. Bu, rəsmi akademiya tərəfindən hazırlanmış səhifədir. Yeri gəlmişkən, təşəbbüs onlar tərəfindən olduğuna görə, zəhməti keçən hər kəsə təşəkkür edirəm, orada yazılanlar həqiqəti  əks etdirir. Və bu qədər geniş spektrli fəaliyyət çoxlarına mümkünsüz görünür. Hətta mənə deyirlər ki, bu qədər fəaliyyəti sən necə çatdırırsan? 56 ildə gördüyüm işlər məni qane edir. Əsərlər, kitablar, verilişlər, məqalələr, dissertasiya müdafiəsi, tələbələr və sair. Sadəcə, bütün bunların müqabilində real durumum məni qane etmir. 

- Niyə?

- Bu, məndən başqa çox səbəblərdən asılıdır. 50 illiyim Rəşid Behbudov adına Teatrda keçiriləndə yüksək çinli ziyalılarımız cıxışlarında "Natəvan bu zirvəyə zəhməti ilə gəlib" deyənlərin sözünə ilahiyyatçı bir bacım var, ciddi etiraz etdi. Mənə dedi ki, sən onlara niyə çatdırmadın ki, nə zirvə, mən hələ haradayam?! Bu qədər çalışmaq və çox az bir duruma sahib olmaq?! Bacıma dedim ki, onu demək olmaz. Əgər məni zirvədə görürlərsə, bu da yetərlidir.

- Payızda dünyaya göz acmısınız, bu fəsli sevirsinizmi? Sevirsinizsə, niyə, sevmirsinizsə niyə?

- Payızda dünyaya gəlməyimin illərlə fərqində olmamışam. Zinyət əşyalarında  brilliyant daşa dəyər versəm də, topaz daşları sevirəm. Bir dəfə Bakı Bərra Mərkəzindən bir zərgər mütəxəssis radioda çıxışçım idi. Barmağımdakı üzüyə işarə edərək, " bu daşı sevirsizmi" deyərək soruşdu. " Bəli- dedim- topaz daşlardan qızılı sarını və palıd rəngini xoşlayıram"  bildirdim. Soruşmadan, "Siz payızda dünyaya gəlmisiz, yəqin" cavab verdi. Onu da əlavə etdi ki, payızda anadan olanların daşıdır bu, payızı imitasiya edir, payızda doğulanların səhhətinə və ümumi əhvalına müsbət təsir göstərir. Payızın özünə gəldikdə isə duyğusal fəsildir payız, kövrək xatirələr və niskil oyadır məndə. Payızda təbiətin libasını isə xoşlayıram. Qışın qarını, yayın dənizini sevirəm. Yaradıcılıq fəslim isə yazdır. Nəyə görəsə yazda daha çox yazmaq istəyində oluram.

- Pedaqoji fəaliyyətlə yaradıcılığı bir araya necə  sığışdırırsınız? Düzdü, müəllimin də, yazarın da, jurnalistin də silahı qələmdir. Amma bunlar özü-özlüyündə ayrı-ayrı sahələrdir, ixtisaslardır. Yəni bu sahələrin xüsusiyyətlərini bir-birinə daşımaq mümkündürmü? 

- Pedaqoji fəaliyyət günlük işə daxildir, yaradıcılıq isə gündüzə, gecəyə, vaxtın olub-olmamağına baxmır. Yaradıcılıq mənim üçün daha çox ruh halıdır. Bunları bir araya  sığışdırmaq yox, növbələşdirmək, 24 saata yerləşdirmək çətinliyi var, amma öhdəsindən gəlirik (gülür). Onu  düz dediz, "müəllimin də, yazarın da, jurnalistin də silahı qələmdir. Amma bunlar özü-özlüyündə ayrı-ayrı sahələrdir, ixtisaslardır". Bir-birindən ayrı sahələr olsalar da, bunların birləşən nöqtəsində şəxsiyyət faktoru var. "Qələm" dediyiniz şəxsiyyətin ifadəsidir, təzahürüdür. O şəxsiyyətə, qələmə necə sahibsənsə, bu sahələrdə o adamsan! Onu da əlavə edim ki, həqiqi müəllim öyrətmən olmaqla bərabər, olduğu yerdə özü boyda bir mühitdir.

- Yaradıcılığınızda yeni nələr var, nə yazırsınız?

- Yaradıcılıqda yeni roman  var! "Açar" adlı roman üzərində xeyli müddətdir işləyirəm, bəzi parçalar çap etdirmişəm. Onu  fasilələrlə yazıram, ardıcıl məşğul ola bilmirəm. Birdən hər işi atıb, yalnız onunla məşğul ola bilərəm, məndən asılı deyil, hər şey ola bilər (gülür).

- Yazmaq istədiyiniz, amma bacarmaram  dediyiniz bir mövzu varmı?

- Az-çox məni tanıyanlar bilir ki, "bacarmaram  dediyim" bir işi görməyi ağlımın ucundan belə keçirtmərəm. Bir qərara gəldimsə, demək, o işi görə bilərəm. Yazmaq istədiyim, amma ehtiyat etdiyim, ciddi tarixi roman ola bilər və tarixi mövzuda kinosenari. Bunları da bacarmasam, o haqda düşünmərəm.         

- Bəzən gənc şair və yazıçılar iddia edirlər ki, onlar daha çox fərdlər üçün yazırlar. Yəni hesab edirlər ki, ədəbiyyat, klassik media, teatrlar artıq maarifçilik missiyalarını başa vurublar. Bu, doğru yanaşmadırmı? 

- Gənc şair və yazıçılar iddia edirlərsə ki, onlar fərdlər üçün yazırlar. Bu onların öz işidir. Ədəbiyyat isə zövqlərlə, dəblə, zaman və məkanla məhdudlaşacaq deyil. Qaldı ki, klassik media, teatrlar... heç kəs proqnoz verə bilməz ki, sabah nələr olacaq, nəyin yeni erası başlana bilər. Belə bir deyim də illərdir ki, özünü doğruldur: "Klassika həmişə dəbdədir".

- Ədəbiyyatın hazırkı durumunu necə qiymətləndirirsiniz, sanballı mətnlər varmı?

- Ədəbiyyatın hazırkı durumu ilə bağlı mənzərə hər birimizin gözü qarşısındadır. Burada nəyisə şişirdərək yaxşı göstərmək və ya olan hansısa uğura göz yumub, indi vəziyyət pisdir demək olmaz. Sadəcə, problem nədədir, bilirsizmi?  Ədəbiyyatın mənzərəsini iki mühüm amil parlaq edir: bir - şedevr əsər, o da hər dövrdə yaranmır; iki - ədəbi mühiti formalaşdıracaq şəxsiyyət, ədəbi dərgi və ya ədəbi hərəkatın olması. Bunlardan  hər ikisi varsa, ədəbiyyatın vəziyyəti  əladır, biri var, biri yoxdursa, yaxşıdır, hər ikisi yoxdursa, onda özünüz təsəvvür edin. "Sanballı mətnlər"i yazmaq üçün sanballı adamlar lazımdır. 

- Ola bilərmi ki, ədəbiyyatla bağlı, ədəbi-bədii məsələlərin teleməkanlarda müzakirəsinə dair hansısa bir layihə təklif edəsiniz. O layihə əsasında aparılan ədəbi müzakirələr çayxanalarda deyil, məhz efirlərdə aparılsın. Bu da həm ədəbiyyat adına, həm də cəmiyyət adına müsbət impuls vermiş olar.Yoxsa artıq analoji layihə həyata keçirmisiniz?

- AzTV-nin yeni rəhbərliyinə müraciət edərəm. Ədəbiyyatla bağlı, ədəbi-bədii məsələlərin teleməkanda müzakirəsinə dair hansısa bir layihə təklif edərəm. Analoji layihənin radio variantını  illər öncə "Yurd arası çəpər olmaz" adı ilə Güney və Quzey Azərbaycan yazarları ilə etmişəm.

- Son zamanlar şair və yazıçıların sosial şəraitlərinin ağır olması və bu iqtisadi çətinliyin onların yaxşı ədəbi mətnlər yaratmasına mane olmasından yazılır, danışılır. Sizin münasibətiniz necədir?

- Şair və yazıçıların sosial şəraitlərinin ağır olması birmənalı olaraq arzuolunmazdır, hətta yolverilməzdir. İnkişaf edən ölkədə yazarların da komfortlu yaşayış haqqıdır. Yazıçılara həmişə şəhərin ən layiqli yerlərində ev verilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu, dəfələrlə təkrar olunub. Hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyindən bəri fərdi qaydada verilən mənzilləri nəzərə almasaq, bir dəfə 9 mənzil 36 yazar arasında bölündü, hər birimizə müəyyən miqdarda pul düşdü. Amma bu, mənzil problemlərimizi həll etməyə yetmədi. İndi də AYB-yə bina tikmək üçün torpaq sahəsi verilib. Ayrılan sahədə  bina tikməyə nə AYB-nin gücü çatır, nə də mənzil növbəsində olanların. Cənab Prezidentin torpaq sahəsi əvəzinə yazarlara bir bina verilməsi haqqında göstərişi bütün problemləri həll edərdi. Bunu arzu edirik.  Qaldı ki,  "iqtisadi çətinliyin yazarların yaxşı ədəbi mətnlər yaratmasına mane olması" fikrinə qarşı deyim ki, bunun belə olduğunu düşünmürəm. Yazmaq dəhşətli məsələdir. Yazıçı sarayda yaşayar, bir fərli əsər yaza bilməz, kirayədə yaşayar şedevr yaradar. Bunu bilənlər bilir. Lakin bu həqiqət "yazıçı-şair kasıb yaşamalıdır" fikrini doğurmur.

- İddialar var ki, bizdə milli qəhrəmanlarımız, şəhidlərimiz və ümumən Dağlıq Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər, mətnlər yazılmır. Məxsusi olaraq gənclər buna meyl etmirlər, onlar daha çox intim məsələlərdən yazırlar... 

- Milli qəhrəmanlarımız, şəhidlərimiz və ümumən Dağlıq Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər, mətnlər nəinki yazılmalı, hətta film kimi çəkilməlidir. Gənclərin  buna meyl etmədiyi müvəqqəti ola bilər. Bir də gördün biri bir dahiyanə əsər yazıb, qoyacaq dünyanın üzünə, bilmək olmaz. Qaldı ki, gənc yazarların dediyiniz yüngül yollara baş vurmaları, o meyl daha çox şöhrətpərəstlikdən yaranır. Tez populyar olmaq, asan yolla nəzərəçarpacaq oxucu auditoriyası qazanmaq istəyirlər. Bilirsiz, həqiqi, böyük ədəbiyyat, yaradıcılıq, savad, intellekt başqadır, populyarlıq başqa. Populyarlıq həmişə insanın xeyrinə işləmir, bəzən əks təsirə də malik olur. Ucuz populyarlıq zərərlidir və hətta təhlükəlidir. Əsas mahiyyətdir. İnsanın və yaradıcılığın mahiyyəti.

- Ədəbi tənqidimizlə bağlı da durumun ürəkaçan olmadığı bildirilir. Qeyd olunur ki, guya, tənqidçilərimiz nepotizmə yol verirlər. Doğrudurmu? 

- Ədəbi tənqidimizlə bağlı  nə deyə bilərəm? Tənqidimizin  nepotizmə yuvarlanmağından danışılırsa, bu, bir neçə səbəbdən baş verir.  Əvvəl nepotizmi aydınlaşdıraq. Bu istilah qohumbazlıq, tayfabazlıq sözlərini assosiasiya edir. Latınca "bacıoğlu" sözündən götürülüb. Orta əsrlərdə Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş. Müasir dünyada isə  nepotizm korrupsiyanın növü sayılır. Hətta buna görə ağır cəza tətbiq olunur. Ədəbiyyatımızda nepotizm islaholunmaz hala gələ bilər. Hətta vəzifə ötürülməsində özünü təsdiqləməyə şərait tapar. Ədəbi tənqidə nüfuz etməsi isə, dediyimiz kimi, bir neçə səbəbdəndir: bazar iqtisadiyyatının fəsadlarından biri kimi meydana çıxır, kapitalist düşüncəsinə əsasən yazarın öz intellektual mülkiyyətinin piyarını qurma cəhdi  kimi təzahür edir və nəhayət, ədəbiyyat sferasının daralması nəticəsində meyarların itməsi buna şərait yaradır.

- Bildirilir ki, kitab evləri, kitab satış mərkəzləri, kitabxanalarla bağlı da vəziyyət ürəkaçan deyil. Məxsusi olaraq, regionlarda bu sahədə durum daha dözülməzdir. Son günlər isə paytaxtda kitab dayanacaqları quraşdırılır, beynəlxalq kitab sərgisi keçirilir. Sizcə, bu addımlar kitaba, oxu mədəniyyətinə olan itmiş marağı geri qaytara biləcəkmi?

- Kitab evləri, kitab satış mərkəzləri, kitabxanalarla bağlı canlanma yaratmaq üçün Qeyri Hökumət Təşkilatları, mədəniyyət müəssisələri, məktəblər, yaradıcılıq birlikləri təşəbbüskarlıq göstərməli, müxtəlif kütləvi tədbirlərlə prosesə kömək etməlidirlər. Bölgələrdə belə tədbirlər daha oyandırıcı, ruhlandırıcı nəticələrə gətirib çıxarar. Son günlər paytaxtımızda kitab dayanacaqları quraşdırılır, beynəlxalq kitab sərgisi keçirilir. Bunu ancaq alqışlamaq olar. Bu addımlar kitaba, oxu mədəniyyətinə olan itmiş marağı geri qaytara bilsə də bunlar edilməlidir, qaytara bilməsə də. Çünki kitaba, teatra maraq bir günə itməyib ki, beş günə də geri qayıtsın. Adətən, səbr və davamlılıq nəticəyə  müsbət təsir edir.

- Bu gün (red-dünən) “Şərq” qəzetinin 23 illik yubileyidir. Görünür, sizinlə söhbətin bu günə təsadüf etməsi də, Allahın bir lütfüdür... 

- “Şərq” qəzeti abunə olduğum qəzetdir. Loqosu “Ən çox oxunan qəzet” olan “Şərq” tələbələrimizin də sevimli qəzetidir. Başda Akif Aşırlı olmaqla bütün kollektivi təbrik edirəm, uğular arzulayıram. Günəş həmişə Şərqdən doğsun!