"Qərb Ukrayna üzərindən Moskvanı tələyə saldı"

Yücel Karaüz: "Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaq üçün Qərb ölkələri Ankaraya təzyiqlər edir"

Türkiyənin səmimi, humanist və sülhsevər təşəbbüsü tarixdəki yerini alacaq

Dünən Türkiyənin Antalya şəhərində Ankaranın vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirləri - Sergey Lavrov və Dmitro Kuleba arasında görüş keçirilib. Tərəflərin söhbəti bir saat davam edib və əsasən atəşkəs, ərazi və humanitar məsələlər müzakirə olunub. Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayıblar və ayrı-ayrı otellərdə qalıblar. Kuleba Ukraynanın tələblərini Mövlud Çavuşoğlunun diqqətinə çatdırıb. 

Qeyd edib ki, dərhal atəşkəs elan edilməlidir. Bundan başqa, Rusiya qoşunları Ukraynadan çıxmalı, Mariupol, Xarkov, Sumı, Volnovaxa və Ukraynanın digər şəhərlərində humanitar vəziyyət yaxşılaşdırılmalıdır. Lavrov isə müharibəyə görə Qərbi ittiham edib və Kiyev qarşısında Moskvanın tələblərini dilə gətirib. Ankaranın təşəbbüsü ilə reallaşan təmas kifayət qədər gərgin atmosferdə keçib və hansısa məsələdə anlaşma əldə etmək mümkün olmayıb. Türkiyə XİN başçısı M.Çavuşoğlu isə bəyan edib ki, ilk görüşdən möcüzə gözləməyə dəyməz. Antalyada keçirilmiş üçtərəfli görüş və Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Şərq”in suallarını cavablandıran Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, təqaüddə olan general-mayor Yücel Karaüz deyib ki, Türkiyə ulu öndər Mustafa Kamal Atatürkün “Yurdda sülh, dünyada sülh” fəlsəfəsinə sahib bir ölkədir. General vurğulayıb ki, Türkiyə regionun və dünyanın bütün problemlərinin, münaqişələrinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipləri çərçivəsində çözülməsinin tərəfdarıdır.

 - Yücel bəy, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında vasitəçilik missiyasını, bu yöndəki təşəbbüslərini necə dəyərləndirirsiniz?

 - Türkiyə Rusiya-Ukrayna savaşının davam etdiyi 14 gün ərzində tərəflər arasında atəşkəsin və sülhün bərqərar olmasına çalışan və bu yöndə mühüm təşəbbüslər göstərən nadir ölkələrdəndir. Azərbaycan da bu istiqamətdə mövqe sərgiləməkdədir. Ancaq Qərb dünyası, xüsusən ABŞ, Böyük Britaniya və Fransa kimi dövlətlər öz mənafeləri naminə Türkiyənin Moskva-Kiyev qarşıdurmasında vasitəçilik missiyasını öz üzərinə götürməsini istəmirdilər. Bütün çətinliklərə rəğmən, Ukrayna və Rusiya xarici işlər nazirləri Antalyada bir araya gələ bildi. Şübhəsiz, iki ölkə təmsilçilərinin təması dövlət başçıları V.Putin və V.Zelenskinin təlimatı və məlumatı daxilində baş tutub. Nəticəsindən asılı olmayaraq, yüksək rəsmilərin təması çox önəmlidir. Türkiyənin səmimi, humanist və sülhsevər təşəbbüsü tarixdəki yerini alacaq. Əlbəttə, qəbul etmək lazımdır ki, problem kifayət qədər ciddidir. Söhbət qərb ölkələrinin dolayı yolla qatıldığı Rusiya ilə Ukrayna arasında müharibədən gedir. Müzakirələrin davamlı olması, öncə atəşkəsə, sonra sülhə doğru irəliləməsi mürəkkəb prosesdir və buna zaman lazımdır. Lakin görünən odur ki, savaş iki ölkəni də tükəndirib. Ona görə də tərəflər danışıqlar masasına oturmağa razılıq verir. 

 - Rusiya-Ukrayna arasında dialoq və müzakirəni davam etdirmək mümkün olacaqmı?

 - Müzakirələr davam edəcək, hətta zamanla formatı da dəyişə bilər. Ən azından humanist dəyərlər və daha çox insanın həyatını itirməməsi üçün təmasların olması zəruridir. Əsas hədəf üç ölkənin prezidentlərinin - Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin və V.Zelenskinin bir araya gəlməsidir.  

 - Türkiyənin Rusiyaya münasibətini necə şərh edərdiniz? Bəziləri tələb edirlər ki, Ankara hökuməti Moskvaya qarşı daha sərt davranmalıdır...

 - Türkiyə 2014-cü ildən bu yana Rusiya tərəfindən ilhaq edilən Krımın, eyni zamanda Donbassın Ukrayna torpaqları olduğunu, bu ölkənin ərazi bütövlüyünü tanıdığını davamlı bəyan edib. Ukrayna ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Bununla yanaşı, Ankaranın Moskva ilə də hərtərəfli, sıx əlaqələri mövcuddur. Türkiyə bir-biri ilə savaşan Ukrayna və Rusiya ilə danışmağı bacaran, iki ölkə ilə əlaqəsi olan dövlətdir. Azərbaycan da belədir. Qərb dünyası birmənalı Ukrayna tərəfindədir və Rusiyaya düşmən mövqedədir. Türkiyə tərəfsizliyini qorumaqla, iki ölkəyə eyni məsafədə dayanaraq vasitəçilik missiyasını həyata keçirir. Təbii ki, Türkiyə Ukraynada yaşanan drama, insan ölümlərinə qarşı çıxır, humanitar yardımlar göndərir. Lakin Qərbin təhriklərinə və reallaşmayan dəstək vədinə aldanmış Ukrayna rəhbərliyinin daha ciddi fəlakətlərə yol açacaq addımlar atmaması, xalqı daha acınacaqlı duruma salmaması çox önəmlidir. Eyni zamanda Qərbin sanksiyaları fonunda Rusiya əhalisi də iqtisadi çətinliklər yaşamaqdadır. Nəzərə alaq ki, bu ölkələr arasında davamlı dostluq olmadığı kimi, davamlı düşmənçilik də yoxdur. Gec-tez atəşkəs imzalanmalı, sülhə şans verilməlidir. Türkiyə və Azərbaycan tərəfsizliyini nümayiş etdirərək, hər iki tərəfə doğru və yanlışı, qlobal balans sistemini xatırladır. 

 - Sizcə, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdırmı? 

 - Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmaq üçün Qərb ölkələri Ankaraya təzyiqlər edir. ABŞ Prezidenti Co Baydenin Türkiyə Prezidenti R.T.Ərdoğanla telefon əlaqəsi saxlayacağı və bu məsələni müzakirə edəcəyi söylənilir. Amerikanın Rusiya ilə arasındakı məsafə 8 min kilometrdən artıqdır. Rusiya Qara dəniz üzərindən Türkiyənin qonşusu sayılır və düşmən ölkə hesab olunmur. İki ölkə arasında qarşılıqlı strateji əlaqələr var. O baxımdan Türkiyə heç zaman Qərbin, ABŞ-ın tələsinə düşməyib və düşməyəcək. 

 - Rusiyanın anidən işğala başlaması Moskvaya nə qazandırdı? Kremlin məqsədi nə idi və istəklərinə nail ola bildimi?

 - Ukrayna ərazilərinə soxulan Rusiyanın siyasi və hərbi hədəfləri var idi. Lakin savaşdan 14 gün keçsə də, Moskvanın öz istəklərinə nail olduğunu söyləmək mümkün deyil. Donbass vilayətinin, Donetsk və Luqanskın bir hissəsi onsuz da Rusiyanın nəzarətində idi. Moskva öz gücünü və Ukraynanın resurslarını hesablamadan müharibəyə başladı. Ordunu Ukrayna ərazisində sürətli şəkildə irəlilətmək planı tətbiq edilsə də, Rusiya məqsədlərinə çatmadı. Hərbi hədəflərinin müəyyən qismini reallaşdırsa da, siyasi ambisiyalarını gerçəkləşdirə bilmədi. Qərb Ukrayna üzərindən Rusiyanın aqressiyasına, “dünyada super güc olma” arzusuna oynadı və Moskvanı tələyə saldı. Bu müharibənin əsas qazananı ABŞ və Böyük Britaniyadır. Savaşın tərəfləri - Ukrayna və Rusiya məğlub durumdadır. Rusiya indi önə sürdüyü şərtləri savaşmadan da əldə edə bilərdi. Müharibə və diplomatiya hesab-kitab işidir. Rusiya ilk dəfə uğursuzluğa düçar olmaqla, məğlubiyyətlə üzləşməkdədir. 

 - Prezident Zelenski Qərbdən yetərli dəstək almadığından şikayətləndi. Qərb niyə Ukraynaya lazımi dəstəyi, hərbi yardımı verməkdən çəkinir? 

 - Zelenski Gürcüstan nümunəsindən dərs çıxartmalıydı. Qərb ölkələrinin, NATO-nun etibarsız olduğunu bilməliydi. ABŞ və Avropa ölkələri öz maraqları naminə istənilən dövləti “maşa” kimi istifadə etməkdən çəkinmir. Qərb sadəcə siyasi, iqtisadi dəstək verməklə kifayətlənir. Amma reallıq odur ki, hazırda Ukraynada əsl dram yaşanır, ölkə iflic durumdadır. Yüzlərlə sivil, qadın, uşaq həyatını itirib. 2 milyondan artıq insan ölkəni tərk edərək qaçqın vəziyyətinə düşüb. Hər bir hökumət, rejim ölkəni, xalqı çıxılmaz duruma salmayan, onların həyatına təhlükə yaratmayan siyasətə üstünlük verməlidir. Görünür, Zelenski müəyyən reallıqları başa düşür ki, 14 gün sonra Rusiya ilə bəzi məsələlərin müzakirəsinə hazır olduğunu açıqlayır. Halbuki, Ukrayna prezidenti iki həftə əvvəl tamam fərqli ab-havada idi. Əgər indiki yanaşmanı daha əvvəldən sərgiləsəydi, böyük ehtimal proseslər savaş həddinə çatmaz, dünya yeni böhrana yuvarlanmazdı.