"İş vaxtını eyni zamanda öyrənmə zamanına çevirmək ən yaxşı seçimdir"

“Facebook”da tədqiqatçı kimi çalışan azərbaycanlı İlqar Ramazanlı "Şərq"in suallarını cavablandırıb

"İzahatı çətin olan qeyri-müəyyənliklərə həmişə marağım böyük olub. Elə bu maraq da həyatımı formalaşdırıb"


Azərbaycanlı gənclərin uğur sədaları dünyanın müxtəlif yerlərindən eşidilir. Gənclərimiz aparıcı Qərb ölkələrinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sferalarında aktiv fəaliyyətləri ilə seçilirlər. Bununla yanaşı, müasir Azərbaycan gəncliyi qlobal miqyasda informasiya texnologiyaları ilə də maraqlanır, modern dünyanın hərəkətverici mexanizmləri sayılan innovativ yenilikləri, texnoloji trendləri yaxından izləyirlər. 

Texnologiya nəhəngləri “Facebook”da, “Google”da işləmək bir çox azərbaycanlı üçün əlçatmaz görünür. Ancaq öz zəkası, bacarığı ilə önə çıxan və hazırda belə şirkətlərdə çalışan onlarla həmyerlimiz var. Onların beynəlxalq şirkətlərə işə başlaması heç də asan başa gəlməyib, ancaq sonda istədikləri mərhələyə çata biliblər. Belə talantlı gənclərdən biri də dünyanın ən məşhur və böyük sosial platforması sayılan - “Facebook”da süni intellekt texnologiyaları üzrə tədqiqatçı kimi çalışan İlqar Ramazanlıdır. Uşaqlıqdan riyazi və məntiqi düşüncəsi ilə yaşıdlarından seçilən həmsöhbətimizin istedadı nanotexnologiya üzrə professor olan atası tərəfindən üzə çıxarılıb.

- İlqar bəy, öncə özünüz barədə ümumi məlumat verərdiniz. Hansı məktəblərdə təhsil almısınız, elmi biliklərə yiyələnmək üçün xaricə nə vaxt üz tutmusunuz?

- 1992-ci il avqust ayında Bakı şəhərində anadan olmuşam. Uşaqlığımı və məktəb illərimi Bakıda keçirmişəm. Ardıcıllıqla 275 və 286 nömrəli məktəblərdə, o cümlədən Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyində və Bakı Özəl Türk Liseyində təhsil almışam. Bakıdakı son illərim Yeni Yasamalda keçib. 2009-cu ilin Yasamalında futbol oynamaqdan tutmuş, möhkəm dostluqlara qədər bir çox xatirələrim var. Sonra təhsilimi davam etdirmək məqsədi ilə Bakıdan ayrılmışam. Ardıcıllıqla Türkiyə, İsveçrə və Amerika Birləşmiş Ştatlarında təhsil almışam. Hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayıram. Vaxtımın böyük hissəsi işə həsr olunsa da, fürsət tapdıqca şəhərdə incəsənətlə bağlı təşkil olunmuş mərasimlərə qatılıram. 

- Texnologiya və innovasiya sahəsinə həvəs, istək sizdə necə yaranıb?

- Elmi məsələlərə marağım uşaq yaşdan olub. Gözümü açandan anamın kitab oxumaqla və ya yazmaqla məşğul olduğunu görmüşəm. Atam da daim elmi məqalələr üzərində işləyib. İlk başda bu həyat tərzi mənə maraqlı gəlməsə də, genetikaya qalib gələ bilmədim. Zamanla mənim də meylim və həvəsim bu istiqamətə yönəldi. Ümumiyyətlə, izahatı çətin olan qeyri-müəyyənliklərə həmişə marağım böyük olub. Elə bu maraq da həyatımı formalaşdırıb. 

- Bir neçə xarici ölkədə təhsil almağınız fərdi inkişafınıza, karyeranıza necə təsir göstərdi?

- Fərqli ölkələrdə təhsil almaq hər şeydən öncə insana dünya vətəndaşı kimi formalaşmağa kömək edir. Yəni digər millətlərə “onlar” (basqa millət) kimi yox, “biz” (insan) olaraq baxmağa başlayırsan. Fərqli mədəniyyət, ünsiyyət növlərini kəşf edərək insanlarla sosial təmas qurmağın mümkünlüyünü dərk edirsən. Əlbəttə, bunu öyrənmək və tətbiq etmək asan, bir gündə başa gələn proses deyil. Xeyli zaman tələb edən və bəzən çoxsaylı çətinliklərlə üzləşdirən prosesdir. Amma çəkdiyimiz bütün çətinliklər zamanla öz bəhrəsini verir. Bir müddət sonra demək olar ki, dünyadakı hər kəslə sosiallaşmağı bacarır, onların hansı duyğular yaşadıqlarını duyursan. Məncə, bu duyğu insana böyük mənəvi güc verməklə yanaşı, həm də həyatımıza rəng qatan, insanları bir-birinə yaxınlaşdıran çox gözəl vasitədir. 
- “Facebook”la yolunuz necə kəsişdi, nəhəng şirkətə gedən yol haradan başladı?
- “Facebook” şirkəti ilə yolum 2019-cu ildə kəsişdi. Həmin il Karneqi Mellon Universitetində doktorantura tələbəsi kimi elmi işlərlə məşğul idim. Elmi rəhbərim maşın öyrənilməsi sahəsində öz sözünü demiş, tanınmış bir alim idi. Buna görə də “Facebook” şirkəti universitet vasitəsilə mənimlə ünsiyyətə keçdi. Yay praktikası üçün şirkətə intervyuya dəvət edildim. Dəvəti qəbul etdim və intervyunu keçdim. Nəticə olaraq yay üçün Vaşinqton ştatının Seattle şəhərinə dəvət aldım. 3 aylıq yay praktikasından və növbəti il üçün elmi işimin müdafiəsini bitirdikdən sonra şirkətin Nyu-York ofisinə qoşulmağımı təklif etdilər. Mən də bu təklifi qəbul etdim. 
- “Facebook”da konkret hansı işi görürsünüz? Fəaliyyətiniz nədən ibarətdir?
- “Facebook”da işə başladığım ilk gündən etibarən ancaq süni intellekt və maşın öyrənilməsi sahəsi ilə məşğul olmuşam. Hazırda həm “Google”, həm də “Facebook” gəlirlərinin böyük bir hissəsini reklamlar vasitəsilə qazanır. İstifadəçilərin hansı reklamı görməsi ənənəvi kompüter elmləri alqoritmləri ilə deyil, maşın öyrənilməsi və süni intellekt sayəsində fərdiləşdirilir. Mən fərdiləşdirmək üçün istifadə olunan süni intellektin dizaynı ilə məşğul oluram. Bu işi görərkən zamanım bəzən bütün gün elmi məqalə oxumaq, bəzən yeni ideyalar üzərində düşünmək, bəzən isə həmin ideyaları proqramlaşdırmaqla keçir.

- “Google”dada təcrübə keçmisiniz. Çoxları üçün əlçatmaz olan bir şirkətdə çalışmaq sizə nələr qazandırdı? Orada nə kəşf etdiniz?
- “Google” işlədiyim ilk böyük şirkətdir. Bu şirkətdə çalışmaqla ilk növbədə dünyada böyük nüfuza sahib bir qurumda işləmək etikası və mədəniyyəti ilə tanış oldum. İnsanların komanda şəklində bir-birinə olan münasibətini, yanaşmasını, menecment və ünsiyyət qurma bacarıqlarını, şirkətdaxili strukturlarla ilk tanışlığı məhz orada öyrəndim. Bundan əlavə, bir çox böyük şirkətlərin daxili texnologiyaları ilə də ilk dəfə “Google”da tanış oldum. Belə mühitdə şirkətlərin “xilasedici qəhrəmandan” daha çox komanda ilə işləyə bilən, öz komponentində işini stabil icra edən insanlara ehtiyac olduğunu gördüm. Hər kəs böyük və həyəcanverici düşüncəni dinləmək istəyir, ancaq adətən tədqiqatçı və mühəndislərin üzərində belə bir məsuliyyət olmadığının şahidi oldum. “Google” şirkətinin ən maraqlı tərəfi isə orada tanış olduğum insanlar idi. Bir çoxları dərin və mükəmməl təhsilli olması ilə bərabər, işdənkənar maraqlı və rəngarəng həyata malik idilər. 
- Dünyanın aparıcı texnologiya şirkətlərində çalışan başqa həmyerlilərimizlə əlaqə saxlayırsızmı?
- “Google”, “Facebook” və digər texnologiya şirkətlərində fəaliyyət göstərən bir çox azərbaycanlı var. Onların çoxu ilə Bakı Özəl Türk Liseyində oxuduğum zamanlarda, ya da bakalavr pilləsində təhsil aldığım Orta Doğu Texnologiya Universitetindən tanışam. Texnologiya dünyasında olan bir çox azərbaycanlı ilə yaxın ünsiyyətdəyəm. Onları tanıdığım və belə yerlərdə həmyerlilərimizi gördüyüm üçün hər zaman məmnunluq duymuşam. 
- Müasir düşüncəli gənclərə, xüsusən texnologiyaya maraq salmış yeniyetmələrə tövsiyələriniz varmı?
- Texnologiya daim dəyişir, bir neçə ildən bir yeni istiqamət alır. Bu dinamizmin parçasına çevrilmək, onunla ayaqlaşmaq, hətta onu istiqamətləndirən insanlardan biri olmaq daim çalışmağı, yeniliklərə açıq olmağı tələb edir. Zamandan irəli düşünməyi, insanlığın cari bilik qutusundan kənara çıxmağı bacarmaq lazımdır. Gənc həmvətənlərimə bu istiqamətdə fəaliyyət göstərməyi və ən əsası, daim düşünməyi tövsiyə edirəm. Əlbəttə, tövsiyəm texnologiya dünyasında istiqamətləndirici olmaq istəyənlər üçün keçərlidir. Ümumən isə yeni texnologiyaları öyrənmə həvəsi, bunun üçün kifayət qədər vaxt sərf etmə əzmini göstərmək də uğurlu olmaq üçün kifayətdir. Qeyd edim ki, əksər hallarda etdiyimiz tədqiqat və ya layihə tamamilə xəbərimiz olmayan bir texnologiya, yeni ideya üzərində olur. Belə vəziyyətlərdə qorxub geri çəkilmək əvəzinə, işi icra edə-edə yenilikləri öyrənmə qabiliyyətimizi də ortaya qoyuruq. Həqiqətən, iş vaxtını eyni zamanda öyrənmə zamanına da çevirmək ən yaxşı seçimdir.