"Laçın şəhəri və dəhliz artıq Azərbaycanın nəzarəti altındadır"

Tofiq Zülfüqarov: "Bir neçə günə məsələnin tamamilə xeyrimizə həll olunacağı gözlənilir"

"Rəsmi Bakının, həmçinin, regional dövlətlərin İrəvana təzyiqi güclənməkdədir. Digər ölkələr də bəyan edirlər ki, Zəngəzur dəhlizi qısa zamanda işlək vəziyyətə gətirilməlidir"

  Məğlub Ermənistan üçtərəfli öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışsa da, qalib Azərbaycanın hücum diplomatiyası və “Qisas” əməliyyatından sonra Laçından çıxmaq məcburiyyətində qaldığını anlayıb. Laçın şəhərinin mərkəzi, Zabux və Sus kəndlərində yaşayan ermənilərin hamısı bölgəni tərk etməyə məcbur qalıblar. Çünki həmin ermənilərin əksəriyyəti işğaldan sonra Yaxın Şərq ölkələrindən Laçına gətirilib və orada qanunsuz məskunlaşmalarına imkan yaradılıb. Lakin Azərbaycan yeni yolu istifadəyə verdiyi üçün ermənilər Laçın şəhəri, Zabux və Sus kəndlərini tərk etməlidirlər. Yeni yola tətbiq edilən prinsiplər də Zəngəzur dəhlizi ilə eyni olmalıdır. Onu da qeyd edək ki, avqustda nəzarətə götürülən Qırxqız və Sarıbaba yüksəkliklərindən yeni çəkilən Laçın yoluna tam nəzarət mümkündür. Son günlərin əsas müzakirə mövzusu ilə bağlı “Sherg.az"ın müsahibi Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovdur. Keçmiş XİN başçısı qəzetimizə açıqlamasında Laçın şəhərinin nəzarətimizə keçməsi, alternativ yolun əhəmiyyəti, “Qisas” əməliyyatından sonrakı hərbi və siyasi vəziyyətlə bağlı məsələlərə aydınlıq gətirib...
 - Tofiq müəllim, avqustun 25-nə, digər xəbərlərə görə isə sentyabrın 1-nə kimi Laçının mərkəzinin və ətraf kəndlərin ermənilərdən tamamilə boşaldılacağı, nəzarətimizə keçəcəyi deyilir. Sizcə, prosesi problemsiz yekunlaşdırmaq mümkün olacaqmı? 

 - Azərbaycan tərəfi ardıcıl şəkildə qarşısına qoyduğu məqsədlərə nail olur. Əlbəttə, hamı istəyir ki, daha tez müddətdə proseslər yekunlaşsın və problem həllini tapsın. Amma reallıqda bu, mümkün deyil. İndiki mərhələdə görürük ki, Laçın şəhərinin mərkəzi və dəhliz artıq Azərbaycanın nəzarəti altındadır. Bir neçə günə məsələnin tamamilə xeyrimizə həll olunacağı gözlənilir. Laçının müxtəlif yerlərində yaşayan ermənilərin hamısı gəlmələrdir, yerli əhali deyillər. Rayon işğal olunandan sonra başqa ölkələrdən gətirilən ermənilər azərbaycanlılara məxsus evləri, mülkləri zəbt etməklə onların hesabına özlərinə həyat qurublar. Təbii ki, kənardan gələn ermənilərin Azərbaycan ərazisində qalması qanunlarımıza ziddir. İstənilən ölkənin təcrübəsinə baxsaq, bu şəkildə qanunsuz yerləşmənin cinayət kimi qəbul olunduğunu görərik. Bu, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişməsi deməkdir. Beynəlxalq qanunlara görə, bu, cinayət sayılır. Azərbaycan bu məsələni öz xeyrinə həll etməyə nail olub. Laçın yolunun erməni tərəfində də tikintisi davam edir. Bəllidir ki, kommunikasiya yeni və alternativ yolla həyata keçiriləcək. 

 - Alternativ yolun işə düşməsi nə anlama gəlir? Rus sülhməramlılarının nəzarəti altında olacaq yeni yol bizim üçün hansı baxımdan faydalıdır? 

 - İlk növbədə yeni yola tətbiq olunacaq qaydaların dəyişməsi təmin olunmalıdır. Rusiya sülhməramlıları yeni yolun ancaq təhlükəsizliyini təmin edəcəklər. Bir növ post-patrul xidmətini həyata keçirəcəklər. Onların əsas missiyası bu olacaq. Amma sərhəddə gömrük-keçid məntəqələrinə nəzarəti birmənalı olaraq Azərbaycanın müvafiq qurumları həyata keçirməlidir. Əgər bunu təmin etmək mümkün olarsa, Qarabağla bağlı xoşagəlməz hadisələrin də şahidi olmarıq. Müəyyən şəxslərin Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmasına da imkan verilməyəcək. Bunun da yolun təhlükəsizliyinin təmin olunması ilə heç bir əlaqəsi yoxdur. Nəzərə alaq ki, Qarabağda yaşayan ermənilərin inteqrasiya prosesi başa çatmayıb. Yəni onların tam şəkildə Azərbaycan qanunlarına tabe edilməsi prosesi hələ davam edir. Qarabağda yaşayan ermənilərin Ermənistana müvəqqəti gediş-gəlişi yeni yolla təmin olunacaq. Müvəqqəti olaraq hansısa güzəştlər də tətbiq edilə bilər. Amma Qarabağda yaşayan ermənilərin hamısı qeyd-şərtsiz Azərbaycan qanunlarına tabe olmalıdırlar. Təzə yolun avantajı o olar ki, hansısa yaşayış məntəqəsindən keçməsin və orada yeni qaydalar tətbiq olunsun. Əsas məsələ budur və mütləq nail olmalıyıq. 

 - “Qisas” əməliyyatı ilə bağlı da müzakirələr davam etməkdədir. Əməliyyatın ikinci mərhələsinin başlayacağını iddia edənlər də var. Sizcə, separatçıların bölgəni tərk etməsi üçün belə əməliyyatlar nə qədər əhəmiyyətlidir? 

- Dəfələrlə bəyan olunub, hətta dövlət başçısı da qeyd edib ki, Qarabağda reinteqrasiya prosesi başlanmalıdır. İndiki məqamda əsas məsələlərdən biri vaxtı ilə qeyri-qanuni şəkildə təşkil olunmuş qurumların, silahlı dəstələrin tam şəkildə ya bölgədən çıxarılması, ya da tərksilah edilməsi ilə bağlıdır. Bu, bölgənin təhlükəsizliyi üçün çox önəmli məqamdır. Qarabağda təhlükəsizlik Azərbaycanın müvafiq qurumları tərəfindən, o cümlədən müvəqqəti olaraq sülhməramlılarla birgə təmin olunmalıdır. Təhlükəsizlik mövzusunda boşluq ola bilməz. Digər məsələlər isə reinteqrasiya ilə bağlıdır. Məsələn, iqtisadiyyat sahəsi. Məlumdur ki, işğal dövründə Qarabağ bölgəsi öz iqtisadi əlaqələrini Ermənistanla qurub. Həmin əlaqələrin ardıcıl şəkildə Azərbaycana keçirilməsi vacib məsələ olmaqla yanaşı, həm də çox vaxt aparan prosesdir. Eyni zamanda seçki sistemi və digər məsələlər də tədricən həllini tapmalıdır. Yəni bölgənin reinteqrasiyası kifayət qədər uzun prosesdir. Hazırda təhlükəsizlik sisteminin yenilənməsi və müvəqqəti təzə sistemin yaradılması mərhələsindəyik. Hesab edirəm ki, bu çox vacib mərhələdir. Azərbaycan istəklərinə nail olmaq üçün israrlı olmalıdır. 

 - Siyasi müstəvidə Azərbaycan-Ermənistan arasında gedən müzakirələri necə dəyərləndirirsiniz? Prosesin ləng irəliləməsinin səbəbləri nədir? 

 - İki məqamı bir-birindən ayırmaq lazımdır. Əvvəlcə toxunduğum reinteqrasiya prosesi Azərbaycanın daxili məsələsidir və bizim torpaqlarımızda yaşayan ermənilərlə bağlıdır. Lakin Azərbaycanla Ermənistan arasında postkonflikt dövrünə aid problemlər qalmaqdadır. Ermənistan tərəfi sərhədlərin delimitasiya və demarkasiyasını, dəhlizlər məsələsini müxtəlif bəhanələrlə yubatmağa çalışırlar. Amma görürük ki, rəsmi Bakının, həmçinin, regional dövlətlərin İrəvana təzyiqi güclənməkdədir. Digər ölkələr də bəyan edirlər ki, Zəngəzur dəhlizi qısa zamanda işlək vəziyyətə gətirilməlidir. Siyasi müstəvidə proseslərin ləng getməsinin, müzakirələrin müsbət nəticə verməməsinin səbəbləri var. Səbəblərdən biri odur ki, hələlik Azərbaycan-Ermənistan arasında normal münasibətlər yoxdur. Bunun üçün qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyi tanınmalıdır. Ölkələr bir-birinin daxili işinə qarışmamalıdır. Ancaq biz görürük ki, Ermənistan bu prinsiplərə sözdə əməl etdiyini desə də, praktiki baxımdan başqa cür addım atır. İrəvan hökuməti Qarabağdakı separatçılarla “təhlükəsizliyin təminatı” adı altında əlaqəni kəsmir və Azərbaycanın daxilindəki proseslərə müdaxilə edir. Faktiki olaraq köhnə siyasətlərini davam etdirməyə cəhd göstərirlər. Təbii ki, belə davranış Azərbaycan tərəfindən qəbul oluna bilməz. Heç bir ölkə razı olmaz ki, digər dövlət onun qanuni ərazilərində ağalıq etsin. Proseslər ləng getdiyi üçün Azərbaycan tərəfi həm siyasi təzyiq göstərir, həm də lazım olan anda hərbi təzyiq metodlarını da işə salır. “Qisas” əməliyyatı ermənilərə böyük mesaj idi ki, xəbərdarlıqları ciddi qəbul etsinlər.