“Artıq dünya telefonun ekranındadır” - Gənc alim ilə MÜSAHİBƏ

Dünyanın nüfuzlu META şirkətində çalışan azərbaycanlı Cəfər Cəfərov texnologiyaya maraq salmış yeniyetmələrə tövsiyələr verdi

"Əgər inkişaf etmək, yaxşı yerlərə gəlmək istəyirsizsə, çalışmalısınız ki, ətrafınızda həmişə sizdən ağıllı, elmli, bacarıqlı insanlar olsun. Mən o mənada şanslıyam ki, kolleqalarım çox zəki, çalışqan şəxslər olublar. Həmişə onlardan ilham almışam, mənim üçün motivasiya qaynağı olublar. Yaxşı mənada rəqabət içərisində olmuşuq"

“Gələcəkdə nəhəng şirkətlərdə çalışmaq və yüksək səviyyəli kadr olmaq istəyirsizsə, ingilis dilini bilmək məcburiyyətindəsiniz. İkincisi, bu sahəyə dair resurslar, qaynaqlar böyük ölçüdə ingilis dilindədir” 





 
Texnologiya nəhəngləri - “Google”, “Facebook”, "Twitter", "WhatsApp", "İnstagram" və digər qlobal informasiya şirkətlərində çalışmaq bəlkə də çoxlarımız üçün əlçatmaz görünür. Ancaq öz zəkası, fitri istedadı və bacarığı ilə önə çıxan, hazırda belə nüfuzlu şirkətlərdə çalışan onlarla həmyerlimiz var. Təbii ki, onların beynəlxalq şirkətlərdə işə başlaması heç də asan başa gəlməyib. Arzularına çatmaq üçün səbrlə, əzmlə uzun yol qət edərək, nəhayətdə öz yuxularını çin ediblər. Sevindirici haldır ki, azərbaycanlı gənclərin uğur sədaları dünyanın müxtəlif yerlərindən eşidilir. Gənclərimiz aparıcı Qərb ölkələrinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sferalarında aktiv fəaliyyətlə yanaşı, informasiya texnologiyaları ilə də yaxından maraqlanır, modern dünyanın hərəkətverici mexanizmləri sayılan innovativ yenilikləri, texnoloji trendləri izləyirlər. Qürurumuza çevrilən talantlı gənclərdən biri də dünyanın məşhur META şirkətində çalışan həmyerlimiz - Cəfər Cəfərovdur. İntellektual gəncimizlə bağlı qısa bilgiləndirməyə keçməzdən öncə məlumat üçün bildirək ki, məşhur META şirkətinin məhsullarına - "Facebook", "WhatsApp", "İnstagram", "Messenger"və digər sosial şəbəkə platformaları daxildir. Şirkətin rəhbəri dünyaca ünlü proqramçı Mark Zükerberqdir.

Gənc həmsöhbətimiz Cəfər Cəfərovu uşaqlıqdan "təqib edən" riyaziyyat sevgisi onu Çikaqoya qədər aparıb. Seçdiyi sahənin dərinliklərinə yiyələnmək və burada ən yaxşı olmaq üçün daim oxuyub, araşdırıb. İstər təhsilində, istərsə də işində ən yaxşısını seçib və fərqlənməyi bacarıb. Deyir ki, “bizim sahədə özünüzü zəif hiss etmədiyiniz gün heç nə öyrənmədiyiniz gündür”. Sumqayıtda hərbiçi ailəsində dünyaya gələn Cəfər təhsilinə 23 saylı orta məktəbdə başlayıb və birinciliklə qəbul olduğu Sumqayıt Özəl Türk liseyində tədrisini davam etdirib. Respublika və beynəlxalq miqyaslı olimpiadalara qatılaraq medallar qazanıb. Cəmi bir ay, yalnız bir fəndən repetitor yanına gedərək universitet imtahanında 600-dən çox bal toplayıb. Bununla yanaşı, YÖS imtahanından da yüksək nəticə ilə keçib. Türkiyənin Boğaziçi və Orta Doğu Teknik Universitetinə (ODTÜ) kompüter mühəndisliyi ixtisasına qəbul olub və birincini seçib.



 
- Cəfər bəy, texnologiya, kompüter sahəsinə maraq necə yaranıb? Bu sahəyə sizi kim yönləndirib?
- Uşaqlıqdan riyaziyyat fənninə ciddi marağım olub. Mütəmadi riyazi-məntiqi məsələlərin həlli, müxtəlif pazlların yığılması ilə məşğul olmuşam. Həndəsəni çox sevirdim. Yadımdadır ki, evdə yuxarı siniflərin həndəsə kitablarını oxuyub anlamağa çalışırdım. Təbii ki, elmə istiqamətlənməkdə valideynlərimin də mühüm rolu, yönləndirməsi var idi. Xüsusilə atam təhsilimə və əsasən riyaziyyat bilgilərimin artmasına önəm verirdi. Orta məktəbdə təhsil aldığım dövrdə riyaziyyat olimpiadalarına qatılmağa başladım. Respublika və beynəlxalq miqyaslı olimpiadalarda iştirak edərək medallar, mükafatlar, fəxri fərmanlar aldım. Kompüter mühəndisliyinə olan marağımın, bu sahəni seçməyimin digər bir səbəbi elə kompüterə olan həvəsim idi. Ələlxüsus, kompüter oyunlarına ciddi marağım olub. 11-ci sinifdə oxuyarkən, yəni abituriyent olarkən kompüter mühəndisliyi populyar sahələrdən biri kimi marağımı cəlb etdi. Kompüter mühəndisliyinə xüsusi diqqət yetirməyə və araşdırmalara başladım. Yaşca məndən böyük dostlarımın da yönləndirməsi sayəsində bu sahəyə getməyi qərarlaşdırdım.
- Nüfuzlu universitetlərdə təhsil almağınız, xarici ölkələrin mühiti bilik və bacarığınıza, fərdi inkişafınıza necə təsir göstərib?
- İlk ali təhsilimi Türkiyənin Boğaziçi Universitetində kompüter mühəndisliyi fakültəsində almışam. Bakalavr və magistr pilləsini həmin ali məktəbdə başa vurmuşam. Kompütür elmi üçün doktorantura təhsili almaq məqsədi ilə ABŞ-ın Çikaqo Universitetinə qəbul olmuşam. Boğaziçi təkcə Türkiyənin deyil, Avropanın ən öndə gələn universitetlərindən biridir. Çikaqo Universiteti isə dünyanın ən qabaqcıl ali təhsil ocaqlarındandır. İlk növbədə onu deyim ki, xarici ölkələrdə yaşamağın özü fərdi inkişafa əhəmiyyətli surətdə təsir göstərir. Bu amil insana müstəqil yaşamağı, məsələləri çözməyi, başqasından asılı olmamağı və s. keyfiyyətləri aşılayır. Məndə də belə oldu. Nüfuzlu universitetlərdə oxumaq bilik və bacarığıma, təcrübəmə ciddi təsir göstərdi. Dünyaca məşhur alimlərin, professorların tədrisindən keçmək, onların elmindən, təcrübəsindən faydalanmaq həqiqətən də çox qiymətli nüanslardır. Sizə dünya miqyasında olduqca aktual mövzuları dərinliyinə qədər öyrənmək şansı verilir. Bu şansı dəyərləndirmək isə insanın özündən asılıdır. Tədris heyətinin və dərsliklərin yüksək səviyyədə olması ilə yanaşı, kolleqalarınızın sizə münasibəti də çox önəmlidir. Çikaqo Universitetindəki kolleqalarımdan çox şey öyrənmişəm. Bir məsəldə deyilir ki, “Siz ən çox zaman keçirdiyiniz 5 insanın ortalamasısınız”. Əgər inkişaf etmək, yaxşı yerlərə gəlmək istəyirsizsə, çalışmalısınız ki, ətrafınızda həmişə sizdən ağıllı, elmli, bacarıqlı insanlar olsun. Mən o mənada şanslıyam ki, kolleqalarım çox zəki, çalışqan şəxslər olublar. Həmişə onlardan ilham almışam, mənim üçün motivasiya qaynağı olublar. Yaxşı mənada rəqabət içərisində olmuşuq. Bu, həm bilik və bacarıqların inkişafına təkan verir, həm də iş disiplini yaradır. Səbrli olmağı öyrədir. Nəzərə alaq ki, məşğul olduğumuz məsələlər asan deyil və qısa zamanda həllini tapmaq mümkünsüzdür. Mən bu keyfiyyətləri doktorantura təhsili alarkən əldə etmişəm. 




 
- Dünyaca məşhur META ilə yolunuz necə kəsişdi, nəhəng şirkətə yol haradan başladı?
- Doktorantura təhsilimin son ilində hansı sahədə fəaliyyət göstərəcəyimlə bağlı düşünməyə və iş axtarmağa başladım. Texnologiya sahəsində tədqiqatçı-alim kimi çalışmaq qərarına gəldim. Bu təkcə mənim yox, bir çox insanın arzusu idi. Çünki dünyanın ən qabaqcıl texnologiyası, yeni ixtiralar, metodikalar məhz bu cür şirkətlərdə tətbiq edilir. Ona görə də META hər zaman diqqətimdə olub. Təbii ki, orada işə başlamağımda META şirkətində çalışan həmyerlilərimin rolu danılmazdır. Onlar mənim marağımı artırıblar. Qeyd etmək lazımdır ki, META kimi şirkətlərə işə qəbul prosesi asan deyil. Aylarla çəkən hazırlıq lazımdır, intervyu prosesinin özü 5-6, bəzən 7 mərhələli olur. Onlar sizin sürətli məsələ həll etmək, kod yazmaq qabiliyyətinizi və başqa texniki keyfiyyətlərinizi test edirlər. Buna hazırlaşmaq çox ciddi vaxt və disiplin tələb edir. Təbii ki, həm doktorantura təhsili sırasındakı elmi araşdırmalarımı davam etdirmək, həm də bu proses olduqca mürəkkəb idi. Aylar çəkən prosesin sonunda bir çox yerlərdən təkliflər gəldi. Ancaq mənim üçün ən optimal variant META idi. Süni zəkanın bir qolu sayılan “maşın öyrənməsi” sahəsində tədqiqatçı-alim olaraq işə başladım. Burada iki məsələ xüsusi marağımı çəkir. Marağımı cəlb edən instaqramda, feysbukda sizin qarşınıza çıxan kontentlərin dəqiqliyi, keyfiyyəti, istifadəçi tərəfindən nə qədər mənimsənildiyidir. Digər məsələ isə reklam sahəsidir. Bilirsiniz ki, feysbukun gəlirlərinin önəmli hissəsi reklamlardandır. Reklamları istifadəçi ilə düzgün şəkildə əlaqələndirmək vacibdir. Hər iki məsələ süni zəkanın “maşın öyrənməsi” sahəsinin ən qabaqcıl nəzəriyyəsi və praktikasına əsaslanır. 



 
- Süni zəka gələcəyimiz üçün nələr vəd edir? Sizcə, süni intellektin insan əməyini sıradan çıxarması bəşəriyyət üçün fəlakətdir, yoxsa əksinə, insanlığın rahatlığına xidmət edir?
- Süni zəka bizim üçün gözəl gələcək vəd edir. Bugünə qədər əldə etdiyimiz elmi nailiyyətlər də bunu göstərir. Ağlınıza gələn hər sahədə süni zəkanın, “maşın öyrənməsi”nin tətbiqini görə bilərsiniz. Məsələn, səhiyyədə, bank və maliyyə sistemlərində, sənayedə, aviasiyada, işə qəbul proseslərində və bir çox sahədə istifadə olunur. Nəhəng şirkətlər – “Amazon”, “Apple”, “Google”, META və s. Qurumların bütün məhsullarında süni zəka alqoritmləri bu və ya digər formada istifadə olunur. Artıq bu, qaçılmaz reallıqdır və keyfiyyətin, surətin əsas göstəricilərindən biridir. “TESLA”nın özünü idarə edən maşınları var. Sürücü sükan arxasında əyləşsə də, heç nəyə toxunmur və maşın öz-özünü idarə edir. Kosmik tədqiqatlarda süni zəka daha çox istifadə olunur. NASA-nın mars və başqa planetlərdə apardığı araşdırmalarda ciddi tətbiq edilir. Yəni bir növ insanın edə bilməyəcəyi, gedə bilməyəcəyi yerlərdə məhz sünu zəka alqoritmlərindən istifadə olunur. Sosial media dediyimiz reallığın təməlində süni zəka alqoritmləri dayanır. O baxımdan süni zəka “insan əməyini tamamilə sıradan çıxarır” fikri ilə razılaşa bilmirəm. Tarix boyunca hər inkişaf nələrisə sıradan çıxarsa da, yeni şeylər yaradır. Sıradan çıxarmaq məsələsi də bir növ formanın dəyişməsi kimi bir qanunauyğunluqdur. Məsələn, fotoqrafiyanın icadından əvvəl rəssamlıq peşəsi var. İnsanlar hansısa anı ölümsüzləşdirmək üçün xüsusi studiyalara, qalereyaya gedirdilər və rəssamlar onların rəsmini çəkirdi. Fotoaparatların kəşfindən sonra rəssamlara bu iş üçün ehtiyac qalmadı və fotoqraflar ortaya çıxdı. Amma bununla rəssamlıq bitmədi və fərqli istiqamətlərə yönəldi. Süni zəkadan sonra bəzi peşələr tarixə qovuşsa da, yeni peşələr, sahələr ortaya çıxdı. Süni zəka danılmaz və qaçılmaz reallıqdır. Artıq dünya telefonun ekranındadır. 
- Bəzi hallarda almaq istədiyimiz məhsullar reklam olaraq qarşımıza çıxır. Həqiqətənmi proqramlar insanları təqib edir?
 - Yox, elə deyil, o cür düşünənlər yanılırlar. İstifadəçi datasının gizliliyi qanunlarla ciddi şəkildə tənzimlənir. Şəxsi məlumatları istifadə etmək heç də asan deyil və ciddi cəzaları var. Burada söhbət ondan gedir ki, məsləhət sistemləri adlandırılan maşın öyrənməsi alqoritmləri istifadəçinin onlayn fəaliyyətini dərindən analiz edir və ona maraqlana biləcəyi məhsulları göstərir. Proses bundan ibarətdir.


 
- Dünyanın aparıcı texnologiya şirkətlərində çalışan başqa həmyerlilərimiz varmı, onlarla əlaqə saxlayırsızmı?
- Əvvəlcə onu deyim ki, dünyanın nüfuzlu texnologiya şirkətlərində və müxtəlif sahələrdə gözlədiyimdən daha çox azərbaycanlı çalışır. Bu, təbii ki, çox sevindirici haldır. Həmyerlilərimizin sayı nə qədər çox olsa, bizim üçün faydalı və qürurvericidir. Həm də gənclərimizə müsbət nümunədir. Məncə, bu məqamın Azərbaycanda elm və texnologiyanın inkişafına da ciddi təsiri var. ABŞ-da yaşadığım müddətcə bir çox azərbaycanlı ilə tanış olmuşam. Hətta yaxın dostlarım arasında burada tanıdığım insanlar var. Onların bilik və bacarığından, təcrübəsindən faydalanıram.
- Yeni nəslin nümayəndələrinə, xüsusən texnologiyaya maraq salmış yeniyetmələrə tövsiyələriniz nədir? Kompüter dövrünün gəncləri elmi-texnoloji biliklərini inkişaf etdirmək üçün nə etməlidirlər?
- Əsas məsələ xarici dil bilmək, ingilis dilini öyrənməkdir. Bunun iki önəmli səbəbi var. Birincisi odur ki, bu sahənin dili ingilis dilidir. Siz gələcəkdə nəhəng şirkətlərdə çalışmaq və yüksək səviyyəli kadr olmaq istəyirsizsə, ingilis dilini bilmək məcburiyyətindəsiniz. İkincisi, bu sahəyə dair resurslar, qaynaqlar böyük ölçüdə ingilis dilindədir. Ona görə də təhsil müddətində dil bilgisinə ciddi yanaşsınlar. Kompüter mühəndisliyinə marağı olan gənclər proqramlanma dili öyrənməyə başlasınlar. Alqoritm kodlamağa çalışsınlar. Yəni nəsə etmək üçün universiteti gözləməsinlər. Hətta ali təhsil ocaqlarının, özəl kursların verdiyi biliklərlə kifayətlənməyərək özlərini yetişdirsinlər. Daim onlayn resurslara müraciət etsinlər və interneti yaxşı mənada istifadə etməyi bacarsınlar. Ən əsası isə öyrənmə arzusundan vaz keçməsinlər. Öyrənməyin başlıca və effektiv yolu isə sual verməkdir. Daha yaxşı biləndən soruşmaqdan çəkinməsinlər.