“İnşallah, bu dövləti idarə etmək bizə nəsib olacaq”

Sinan Oğan: “Prezident mən də olsam, Kılıçdaroğlu da seçilsə, Azərbaycan siyasəti dəyişməz”

“Bəlkə Kılıçdaroğlu prezident olarsa, siyasət eyni cür qalar, ancaq mən seçilsəm, qardaş Azərbaycana dəstək siyasəti daha da artacaq”


  Türkiyədə prezidentliyə namizəd olanların arasında əslən azərbaycanlı Sinan Oğan da var. Sağ partiyalardan ibarət yeni siyasi koalisiya - "ATA İttifaqı” seçkilərdə Sinan Oğanın namizədliyini irəli sürüb. Sağ bloka Zəfər Partiyası (Umut Özdağ), Ədalət Partiyası, Doğru Partiya, Türkiyə İttifaqı Partiyası və Ölkəm Partiyası daxildir. Bu, Türkiyədə formalaşdırılmış dördüncü siyasi koalisiyadır. 

Sinan Oğan TİKA-nın Azərbaycan nümayəndəsi olub. TÜRKSAM-ı qurub və sədr vəzifəsini icra edib. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb. 2015-ci ildə MHP-dən çıxarılsa da, məhkəmə yolu ilə yenidən partiyaya qayıdıb. 2017-ci ildə partiyadan xaric edilib. Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri olan Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. Xocalı soyqırımının tanıtımında, Qarabağla haqlı mövqeyimizin müdafiəsində fəal olub, Azərbaycanla bağlı mövzularda həmişə həssaslıq nümayiş etdirib. Bunları nəzərə alaraq, əslən azərbaycanlı Sinan Oğanla seçki və namizədliklə bağlı söhbətləşdik. "Şərq"in suallarını məmnuniyyətlə cavablandıran S.Oğan Azərbaycana xüsusi sevgisini ifadə etdi, böyük inam və yüksək əzmlə seçkiyə qatıldığını vurğuladı...
 - Sinan bəy, prezidentliyə namizəd olmaq qərarına nə vaxt gəldiniz? Əvvəldən belə bir düşüncəniz var idimi?
 - 3 il öncə düşündüm ki, türk milliyətçilərinin, atatürkçülərin prezidentliyə namizədi yoxdur. Hələ o zaman bildirdim ki, əgər vahid namizəd çıxmazsa, özüm namizəd olacam. Yəni çoxdan fikrim olub, yeni qərar verməmişəm. "ATA" İttifaqı bununla bağlı təkliflə gəldi. Xahiş etdilər ki, müstəqil namizəd kimi seçkiyə qatılmayım və "ATA" İttifaqının vahid namizədi olum. Mən də təklifi qəbul etdim. Yəni Türkiyə dövlətini idarə etmə arzumuz yeni deyil. İnşallah, bu dövləti idarə etmək bizə nəsib olacaq. Daha doğrusu, bir Oğuz türkünə nəsib olacaq. 
 - Kifayət qədər güclü namizədlər var. Rəqiblərinizin imkanlarını, resurslarını nəzərə alsaq, öz şansınızı necə dəyərləndirirsiniz? 
 - Məmləkət Partiyasının sədri Məhərrəm İncə yaxın dönəmdə namizədlik iddiasından çəkilə biləcəyini bəyan etdi. Başqa namizədlər çıxmazsa, seçkiyə üç namizəd qatılacaq. "Cümhur İttifaqı"nın namizədi R.T.Ərdoğan, "Millət İttifaqı"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu və mən. Yəni seçki yarışı 3 namizəd arasında keçəcək. Əlbəttə, inamım böyükdür, özümü şanslı görürəm. Çünki daha gənc, dinamik, türk millətinin dərdini anlayan, xalqı yaxından tanıyan namizədəm. Hörmətli Ərdoğan artıq yorulub, hörmətli Kılıçdaroğlu isə məğlub olmaqdan yorulub. İki namizədin də yaşı 70-lərdədir. Biz də deyirik ki, artıq dincəlmək vaxtlarıdır, çünki çox yorulublar. Seçkidə ikinci tura qalacağımı və prezident seçiləcəyimi düşünürəm.
 - Hər partiyanın, hər blokun seçki proqramı, vədləri olur. Sizin konsepsiyanız nədir? Türkiyənin hansı sahələrdə ciddi problemlər yaşadığını düşünürsüz? 
 - İlk növbədə Türkiyədə 13 milyon suriyalı qaçqının, əfqanların mövcudluğunu yanlış hesab edirik. Onların tezliklə öz ölkələrinə geri göndərilməsinin zərurət olduğunu və bunu reallaşdıracağımızı söyləyirik. Digər yandan, Türkiyənin xarici geopolitikasında daha aktiv siyasət yeridəcəyik. İqtisadi siyasətimizi daha real, istehsala yönəlik və qlobal proseslərlə ayaqlaşan istiqamətdə icra edəcəyik. Xarici siyasətimizin ana xəttini isə türk dünyası, türk cümhuriyyətləri təşkil edəcək. Türk respublikaları arasında iqtisadi inteqrasiya prosesini başladacağıq. Ədalət və məhkəmə sistemini, təhsili gücləndirəcəyik. Zəlzələ ilə bağlı ayrıca yeni bir qurum təsis etməyi düşünürük. Azərbaycanda olduğu kimi fövqəladə hallar nazirliyi yaradacağıq. Türkiyəmizi texnologiya məmləkətinə çevirmək üçün əlimizdən gələni edəcəyik. Yəni layihələrimiz, plan və proqramımız həddindən artıq çox və genişdir. 
 - Azərbaycan cəmiyyətində bir narahatlıq var və müəyyən kəsim düşünür ki, Ərdoğan yenidən prezident seçilməzsə, Ankaranın Bakıya dəstəyi əvvəlki kimi olmayacaq. Bu yanaşmaya mövqeyiniz necədir? 
 - Türkiyənin Azərbaycanla bağlı siyasətini türk milləti müəyyənləşdirir. Yəni prezident mən də olsam, Kılıçdaroğlu da seçilsə, bu siyasət dəyişməz. Bəlkə Kılıçdaroğlu prezident olarsa, siyasət eyni cür qalar, ancaq mən seçilsəm, qardaş Azərbaycana dəstək siyasəti daha da artacaq. Ən kiçik bir dəyişikliyə qətiyyən imkan vermərik. Ermənistan ictimaiyyətində belə söz-söhbət gəzir ki, Türkiyə rəhbərliyində dəyişiklik olarsa, Azərbaycanın vəziyyəti sıxıntılı olacaq, guya bu da ermənilərə yarayacaq. Yenə deyirəm, bunun tam əksini iddia edirik. Hakimiyyətə gəldiyimiz zaman Azərbaycana indikindən daha çox dəstək verəcəyik.