Kənan Hacı: “Çox yerlərə müraciət etmişəm. Söz verirlər, amma nəticə yoxdur”
“Bir nəşriyyat mənə elə bir maaşla iş təklif etdi ki, özümü təhqir olunmuş hesab etdim. Yəni onun təklif etdiyi "maaş" heç avtobus puluna yetməz”
“Bəlkə də 6 il maaşsız, heç bir yerdən gəlir olmaya-olmaya yaşaya bilən yeganə adamam. Heç vaxt ədəbiyyatı seçməyimə görə özümü günahlandırmamışam. Amma bu ilıq yay axşamında nədənsə yazıçı olmağın acı peşmançılığı qəfildən Əzrayıl kimi xirtdəyimə çökdü”. Bunu yazıçı Kənan Hacı sosial media hesabında yazıb.
Ötən illər ərzində fədakarlığın ağır cəzasını çəkdiyini vurğulayan yazıçı 6 ildə çox şeyləri götür-qoy eləyib müəyyən nəticələrə gəldiyini deyib:
“İtirilmiş illərə heyifim gəldi. Və bu 6 il mənə adamları tanıtdı. Deyirlər bu qədər dostların var, sən necə işsiz qala bilərsən?! Dəyərli yazıçımız, rəhmətlik Aqşin Babayevlə söhbətimiz əsnasında işsiz olduğumu biləndə necə heyrətlə üzümə baxdığını indi də xatırlayıram. "Sən peşəkar qələm sahibisən, özü də enerjili vaxtındır, necə ola bilər ki, sən işsiz qalasan?!". Deməyə söz tapa bilmədim.
Adamların hər üzünü gördüm, insan laqeydliyinin intəhasızlığı məni dəhşətə gətirdi. Adamlarda xeyirxahlıq, mərhəmət, yaxşılıq hissi itib. Maddiyyat, şan-şöhrət ehtirası az qala, bütün mənəvi dəyərlərin üstündən tank kimi keçib onları yerlə bir edib... İstedadı olmaya-olmaya görməmişcəsinə ədəbiyyata girişənləri hər yerdə yuxarı başda görəndə adamın yerdən-göydən əli üzülür. Bu mənəvi talançılığa nə vaxtsa son qoyulacağına da ümid qalmayıb. 6 ilin işsizliyi mənə ürək ağrısı da qazandırdı... Görünür, bu mənəvi işgəncənin nə vaxtsa bitəcəyinə az qalıb”.
6 il kifayət qədər uzun müddətdir. Maraqlıdır, Kənan Hacı bu müddət ərzində iş üçün harasa müraciət edib götürməyiblər, yoxsa şərtlər uyğun olmayıb?! Bu məsələ ilə bağlı “Şərq”in suallarını cavablandıran yazar deyib ki, iş üçün müxtəlif yerlərə müraciət edib: “Mən zamanında nüfuzlu portallarda redaktor kimi çalışmışam, yüzlərlə kitabın redaktoruyam. 50 yaşın astanasındayam. 30 ildən bəri müxtəlif mətbu orqanlarda müxbir, redaktor, baş redaktor kimi çalışmışam. 25 kitabın müəllifiyəm. 3 kitabım xarici ölkədə çıxıb. Bir neçə filmin ssenarisini yazmışam. Və bütün bunların qarşılığında 6 ildir işsizəm. Çox yerlərə müraciət etmişəm. Söz verirlər, amma nəticə yoxdur. Bir nəşriyyat da mənə elə bir maaşla iş təklif etdi ki, özümü təhqir olunmuş hesab etdim. Yəni onun təklif etdiyi "maaş" heç avtobus puluna yetməz. Mən imzama hörmət qoyan adamam.
- Bəs sizə qarşı bu laqeydlik nədən qaynaqlanır?
- Görünür, indiki zamanda peşəkara ehtiyac yoxdur.
- Müraciət etdiyiniz orqanların heç birində sizə uyğun iş olmadı?
- Bəlkə də var, amma reallıq budur ki, mən 6 ildir işsizəm.
- Bəs yaradıcılıq sahəsində vəziyyət necədir? Kitab redaktorluğu ilə bağlı da müraciət edən yoxdur?
- Kitab redaktəsiylə dolanıram. O da simvolik bir şeydir. Qəpik-quruş... Bəzən aylarla olmur. Mən ömrümü ədəbiyyata həsr etmiş adamam. Xidmətlərim də çox titullu yazıçıdan artıqdır. Amma vəziyyət belədir.
- Yazıçılar Birliyi ilə münasibətləriniz necədir?
- Çox yaxşı.
- Onlar işlə bağlı niyə kömək etmir? Ya da təqaüd almağa...
- 2017-ci ildə Prezident təqaüdü almışam. Orda mənim dəyərli dostlarım çalışır. Müraciət etmişəm. Kömək edəcəklərinə söz veriblər.
Düşünürəm ki, məni ən yaxşı tanıyan, yaradıcılığıma bələd olanlar da elə Yazıçılar Birliyindəki dostlarımdır.
- Səhhətiniz necədir?
- Son vaxtlar ürəyimdə problemlər yaranıb. Təxminən 2 ildir. Yüngülvari, imkanım çatan qədər müalicə almışam.