"Sherg.az" pis vərdişlərə aludə olduğu üçün uzun müddət çətin günlərdən keçən, 3-4 il jurnalistikadan uzaq düşən, ötən ay Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də işinə yenidən qayıdan tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə əlaqə saxlayıb.
Həmkarımızın fəaliyyəti və səhhəti barədə həmsöhbət olub:
-AzTV-yə sizi kim dəvət etdi?
-Rəhbərlik...
-Hansı vəzifədə çalışırsız?
-Hazırda redaktor vəzifəsində çalışıram, amma aparıcılıq mənim sənətimdir...
-Sizi yenidən efirdə görəcəyik?
-Böyük ehtimalla bəli...
- Səhhətiniz necədir?
-Çox yaxşıyam, əvvəlkindən daha yaxşı... Yüksək stimul və həvəslə tətil mövsümünün bitməsini gözləyirəm ki, davamlı işə başlayım.
-İş yoldaşlarınıza alışmısız?
-İş yoldaşlarımın yarısı "köhnə", yarısı "təzələr"di... Birincilərlə illərdi alışmışıq da, yanmışıq da, sönmüşük də... İkinciləri mən özüm "alışdırmağa" çalışıram.
-Sizin işə qayıtmağınızı sosial şəbəkələrdə çox yaxşı qarşıladılar. Bunu necə dəyərləndirirsiniz?
- Bilirsiniz, efir adamı 2 günə məşhur da edər, cəmi 2 gün görünməyəndə tamaşaçı səni tamamilə unuda da bilər... Mən elə bilirdim təkcə özümə pislik etmişəm. Sən demə elə deyilmiş. Sosial aləmdə uzun müddətdi yox idim. İncitmişəm onları... Bunu gördüm, çox təsirləndim. Münasibətləri ilə mənim boynuma məsuliyyət qoyurlar, şans tanıyırlar. Bu tamam başqa "yük"dü... Mən hər şeyi yaxşı dərk edirəm, anlayıram. Tamaşaçılarıma, əsl dostlara, sosial şəbəkə izləyicilərinə və həmkarım Rövşən Məmmədova minnətdaram. Var olsunlar!
-Sirr deyilsə, nə qədər maaşa razılaşmısız?
-Beş min dollar (gülür).
Xatırladaq ki, N.Nəbizadə uzun illər AzTV-də xəbər aparıcısı olaraq çalışıb. Oradan uzaqlaşdıqdan sonra APA İnformasiya Agentliyində fəaliyyət göstərib.