“Qarşılıqlı inamı yaradan və güvəni artıran layihələr işə başlayacaq. Siyasi, iqtisadi, sosial və mədəni əlaqələr yavaş-yavaş bərpa olunacaq. Nifrət, kin-küdurət getdikcə azalacaq”
Məlum olduğu kimi Cənubi Qafqazda davamlı sülhün dəstəklənməsi üçün etimad quruculuğu tədbirləri üzrə birgə qrup Azərbaycan və Ermənistan arasında 7 dekabr tarixli birgə bəyanatı dəstəkləyib. Birgə ekspert qrupunun bəyanatında vurğulanıb ki, tərəflər arasında məhbusların azad edilməsi və etimadın möhkəmləndirilməsi üzrə digər tədbirlər haqqında razılaşma xüsusilə alqışlanır. Onların fikrincə, ikitərəfli bəyanat münasibətlərin normallaşması və danışıqların bərpası prosesində mühüm addımdır. Qrupun üzvləri “bölgədə çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi şans var” fikrini də alqışlayıblar. Qeyd edək ki, birgə qrupa iki ölkənin vətəndaş cəmiyyəti fəalları və ekspertləri daxildir. Azərbaycandan qrupa daxil olanlar arasında Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl da var. Cəmiyyət sədri sülh prosesi və etimad mühitinin formalaşması ilə bağlı "Sherg.az"ın suallarını cavablandırıb...
- Şəhla xanım, tərəflər arasında ilk dəfə vasitəçisiz razılaşmanın reallaşmasını necə dəyərləndirirsiniz? Vasitəçisiz təmaslar effektli ola bilərmi?
- Çox mühüm bir addımdır. İlk dəfə belə bir birgə anlaşmanın reallaşması həm məzmunca, həm formaca çox əhəmiyyətli bir göstərici və dünya üçün ismarıcdır. Razılaşmada bir neçə strateji ismarıc var, onlardan biri xoşməramlı addımların əhəmiyyətidir. Yəni ikitərəfli ünsiyyət artıq müsbət məcraya doğru gedir, bu, möhtəşəmdir. Hesab edirəm ki, vasitəçisiz təmaslar lazımdır və siyasi iradə olduğu halda olduqca effektiv ola bilər, çünki daha səmimidir. Getdikcə vasitəçilərsiz təmasların sayı daha çox olacaq və olmalıdır da. Həqiqi anlaşmaya məhz bu təmaslardan sonra çata biləcəyik.
- İrəvan hökumətinin ziddiyyətli addımlarından dolayı yekun sülh müqaviləsinin qısa zamanda imzalanmasına inam azdır. Sizcə, qarşıdakı aylarda ən azından çərçivə sənədini imzalamaq mümkün görünürmü?
- Bəli, mümkün görünür. Çünki hər iki tərəf üçün sülh müqaviləsinin imzalanması növbəti inkişaf üçün vacib şərtdir. 7 dekabrda dərc olunan birgə bəyanatdan da göründüyü kimi hər iki tərəf sülhün Cənubi Qafqaza nə qədər üstünlük gətirəcəyinin fərqindədir. Çərçivə sənədinin qarşıdakı bir neçə ayda hazırlanması realdır. Hətta sülh müqaviləsinin 2024-cü ildə imzalanması da kifayət qədər realdır. İrəvan hökumətinə cəmiyyət tərəfindən inamsızlıq böyükdür, məğlubiyyətinin qismən də olsa bağışlanması üçün ona sülh sazişi lazımdır. Dayanıqlı sülh bu məğlubiyyəti unutduracaq yeganə amil ola bilər. İndi ziddiyyətli görünən addımlar isə bu sazişin onlar üçün maksimum potensialını əldə etmək istəyindən başqa bir şey deyil. Bizə gəlincə, Cənubi Qafqazın lider ölkəsi olmaq iddiası xətrinə biz də lazım olanları edəcəyik ki, növbəti mərhələ bizi dayanıqlı sülhə aparsın.
- Əsas məsələlərdən biri də iki cəmiyyət arasında münasibətlərin necə formalaşacağıdır. Uzun müddət düşüncəsi zəhərlənmiş erməni ictimaiyyəti azərbaycanlılarla barışıqda maraqlı görünürmü, yaxud nə vaxtsa olacaqmı?
- Dünya tarixinin də, öz tariximizin də onlarla nümunəsi iki xalq, iki cəmiyyət arasında münasibətlərin normallaşmasının real olduğunu isbat edir. Bizim geosiyasi bağlılığımız əbədidir. Qonşuluqda isə normal sabit münasibətlərin olması milli maraqlara xidmət edən əsas şərtlərdən biridir. Hökumətlər arasında sülh sazişi imzalanandan sonra, cəmiyyətlər arasında körpülər salınacaq, çoxsaylı təmas və ünsiyyətyonümlü proqramlar başlayacaq. Qarşılıqlı inamı yaradan və güvəni artıran layihələr işə başlayacaq. Siyasi, iqtisadi, sosial və mədəni əlaqələr yavaş-yavaş bərpa olunacaq. Nifrət, kin-küdurət getdikcə azalacaq. Çünki insanların təbiəti yaxşıya yönəlikdir, kimsə müharibə-ölüm istəmir. Odur ki, milli barışığa yönəlik yolumuz da uzaqda deyil. Amma bu o demək deyil ki, biz keçmişimizi, ya tariximizi unudacağıq. Əsla! Biz şəhidlərimizin qanı ilə geriyə alınan hər qarış torpağın şanlı tarixini heç vaxt unutmayacağıq, unutmamalıyıq da! Bu bizim müqəddəs tariximizdir və yaddaş borcumuzdur! Amma gələcək nəsillərin sülh içində firavan yaşaması da bizim üçün müqəddəs borcdur, bir öhdəlikdir. Odur ki, nifrəti aşılayan deyil, tədricən sülhü və barışı aşılayan yola qədəm qoyacağıq.
- Etimad mühitinin formalaşması üçün ilk növbədə hansı istiqamətdə addımlar atılmalıdır? Bu prosesə necə, haradan başlamaq daha effektli olar? Dövlət və ya qeyri-hökumət xətti ilə hansısa işlər görülə bilərmi?
- Bu proseslərin ikisi də paralel getməlidir. Yəni hökumət sazişin şərtlərini danışarkan, qeyri-hökumət təşkilatları da cəmiyyətləri yaxınlaşdırmalıdır. Etimad mühitinin formalaşdırılması bütün tərəflərin məsuliyyətidir. Biri o birisiz nəinki effektiv deyil, hətta işləmir. Buna diplomatiyanın müxtəlif trekləri, yəni istiqamətləri deyirlər. Bu istiqamətlərin sayları da var - "track 1, 1.5, 2, 3, 4" və s. Müasir təsnifatda istiqamətlərin, yəni "track"lərin, sayı artıq doqquzdur. Hər birinin öz formatları və vəzifələri var. Ən önəmlisi birincidir, hökumətlərarası rəsmi diplomatiya ünsiyyətidir. Amma ona dəstək verən digər istiqamətlər olmazsa, etimad mühitinin qurulması mümkünsüzdür. Sadə dillə desək, hökumətlərarası formal prosesə əlavə olaraq, mütəxəssislər, vətəndaş cəmiyyətləri, media nümayəndələri, elm adamları və sadə vətəndaşlar arası da ünsiyyət və müvafiq mübadilələr olmalıdır ki, etimad mühiti formalaşsın".