Ermənistan rəhbərliyi bəyanatları ilə sülh prosesinə zərbə vurur - Rəsmi Bakının səbri tükənməz deyil 

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı siyasət Azərbaycanın alternativ variantlara əl atmasını şərtləndirir”. Bunu Sherg.az-a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib

Analitik bildirib ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və baş nazir Nikol Paşinyanın diplomatların İrəvan toplantısında sərgilədikləri mövqe danışıqların aparılmasına rəvac vermir: 

“Rəsmi Bakı daima sülhə və danışıqlara sadiq olduğunu bəyan edib. Ancaq həm Paşinyan, həm də Mnatsakanyan Qarabağla bağlı ardıcıl olaraq separatçıları danışıqlarda tərəf kimi qabardır və “müstəqillik” kimi avantürist ideyalarını qırmızı cizgi kimi vurğulayırlar. Göründüyü kimi rəsmi İrəvan qəti sürətdə kompromisə getmək fikrində deyil. Çünki, Paşinyan Rusiyaya reverans edir. Ona görə də işğal olunmuş ərazilərin boşaldılması üzrə bütün danışıqların detalları qapadılıb”. 

Ekspertin sözlərinə görə, Azərbaycanın Türkiyə və bəzi Qərb ölkələri ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi Ermənistanı ciddi şəkildə narahat edir

“Aydın olur ki, rəsmi İrəvanın Qarabağla bağlı siyasi dayaqları zəiflədir. Lakin xarici havadarlarının dəstəyi ilə prosesi süründürür. Nə ABŞ, nə də Avropa Ermənistanı Qarabağ məsələsində dəstəkləmir”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyində qurumun mərkəzi aparatı və diplomatik korpusun rəhbərlərinin toplantısı keçirilib. İclasda çıxış edən XİN başçısı Zöhrab Mnatsakanyan həm narahatlığını büruzə verib, həm də təhdidlə danışıb. Nazir “öz müqəddəratını təyin etmə” prinsipinin onlar üçün “qırmızı xətt” olduğunu deyib: “Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır”. Mnatsakanyanın açıqlamalarına Azərbaycan XİN tərəfindən sərt reaksiya verilib. XİN-in bəyanatında vurğulanıb ki, erməni tərəfinin bu cür yanaşması danışıqların sülh müstəvisində aparılmasına zərbə vurur.