Limit tükənir: “Lokal hərbi eskalasiya reallaşa bilər” - SENSASİYA

Məhəmməd Əsədullazadə:“Hər şey Ermənistanın apreldən sonra atacağı addımlarla bəlli olacaq. Hətta Moskva da Paşinyanı cəzalandırmaq üçün növbəti eskalasiyada maraqlı ola bilər”




“Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesindən yayınır və təxribatlara əl atır”. 
Bu barədə “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Politoloq bildirib ki, Naxçıvan və Qazax istiqamətində müşahidə olunan diversiya hərəkatı və atəşkəsin mütəmadi pozulması İrəvanın növbəti avantürasıdır: 

“Məqsəd apreldən sonra substantiv danışıqlara getməmək və KTMT-ni prosesə cəlb etməklə status-kvonu qorumaqdır. Status-kvonu qorumaqla Paşinyan Ermənistanın Rusiyadan asılılığını artırmaq və həmçinin, müharibə ehtimalını yaxınlaşdıracaq. Azərbaycan tərəfi Ermənistanın davakar ritorikasına və manipulyasiyasını davam etdirməsinə dözümlü yanaşmamalıdır. Birbaşa cəbhədə təzyiqlərə əl atmalıdır. Ermənistan hər vəchlə çalışır ki, Azərbaycanı sərhəddə təxribata çəksin. Lakin onu da vurğulamaq lazımdır ki, Azərbaycan Naxçıvan və Qazax istiqamətində Ermənistana zərbələr endirsə, KTMT yalnız quru bəyanatla kifayətlənəcək. Paşinyan yaxşı bilir ki, münaqişənin həllində irəlləyiş olmadıqca cəbhədə vəziyyət gərginləşəcək və özünün hakmiyyəti sual altında qalacaq”.

Analitikə görə, dünya iqtisadi böhranı, Rusiyada gözlənilən daxili problemlər Azərbaycana əlavə avantaj verəcək ki, ərazilərini işğaldan azad etmək üçün Ermənistana zərbələr vursun: 

“Danışıqlar prosesində limit tükənmək üzrədir və lokal hərbi eskalasiya il ərzində reallaşa bilər. Hər şey Ermənistanın apreldən sonra atacağı addımlarla bəlli olacaq. Hətta Moskva da Paşinyanı cəzalandırmaq üçün növbəti eskalasiyada maraqlı ola bilər. Çünki, Qarabağdakı qondarma “seçkilərdə” Rusiya “Qarabağ klanı”nın məğlub olmasında maraqlı deyil. Azərbaycan bu məsələdə yalnız Türkiyə ilə ortaq çalışmalıdır. Çünki, Cənubi Qafqazda Türkiyə öz geosiyasi əhəmiyyətini artırmaq kursu götürüb”.