Düşmənə sərt ismarıc: “ Azərbaycan rəhbərliyi də, xalqı da tam hazırdır!” 

“Ermənistan beynəlxalq hüquqa və dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymur”

“İşğalçı ölkə Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə əməl etmir”

“Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrinin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur”






"Artıq mötəbər birlik və təşkilatlar Ermənistan dövlətinin işğalçı mövqeyini, terrorizmə dəstəyini görür və ifşa edir".

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Millət vəkili bəyan edib ki, Ermənistan tərəfi hər zaman işğalı qanuniləşdirmək üçün canfəşanlıq edib:

"Beynəlxalq hüququn prinsip və normalarına, dünya ictimaiyyətinə və demokratik qanunlara etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. Azərbaycan öz əzəli torpaqlarını istər sülh, istərsə də müharibə yolu ilə azad edəcək. Yetişməkdə olan gənclik, ziyalılarımız, siyasətçilərimiz torpaq uğrunda dövlətdən mübarizə və müharibə istəyir. Gedişat göstərir ki, Azərbaycan rəhbərliyi də, xalqı da torpaqlarımız uğrunda mübarizəyə tam hazırdır. Son proseslər vəziyyəti daha da gərginləşdirib. Məhz bu səbəbdən Prezident İlham Əliyev düşmən dövlətə dəfələrlə sərt ismarıclar göndərib".

Parlament üzvü söyləyib ki, Ermənistan Azərbaycan ərazilərində demokratik dəyərləri, insan hüquq və azadlıqlarını pozub:

"Ermənilər "Dağlıq Qarabağ Respublikası" deyilən qondarma bir qurum düzəldərək, orada dəfələrlə "seçki" görüntüsü yaratmağa cəhd ediblər. Qondarma Dağlıq Qarabağ Respublikasında "seçkilərin" keçirilməsi sadəcə şoudur. Azərbaycanın işğal altında olan torpaqlarında yeni "seçki" oyunu beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tamamilə ziddir. Bu oyunun məqsədi beynəlxalq ictimaiyyəti və dünya dövlətlərini çaşdırmaq, sülh danışıqlarına əngəl törətmək cəhdidir. Düşmən dövlətin bu hərəkətləri demokratik təşkilatlar və qurumlar tərəfindən Azərbaycan dövlətinin suverenliyinin kobud pozulması kimi qiymətləndirilməlidir. Heç bir nüfuzlu dünya təşkilatları və birlikləri demokratik dəyərlərə söykənən dövlətlər bu seçkiləri dəstəkləmədi, hətta öz mətbuatında pislədi".

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə "seçkiləri” qanunsuz hesab edir və tanımır:

"Beynəlxalq ictimaiyyət də qondarma rejimdəki "seçki"ni tanımır. Dağlıq Qarabağdakı hər hansı qanuni seçki torpaqlar işğaldan azad olunduqdan, Azərbaycan Respublikasının hakimiyyəti bərpa edildikdən sonra və öz vətəndaşlarının iştirakı ilə keçirilə bilər. Əks təqdirdə Azərbaycan Respublikasınn Konstitusiyasına və qanunlarına ziddir. Dünya ölkələri Dağlıq Qarabağdakı son saxta seçkilərlə bağlı öz mövqelərini artıq bildiriblər. Norveç Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinə rəsmi nota ünvanlayıb və bildirib ki, qondarma seçkiləri tanımır".

Müşfiq Cəfərov bildirib ki,2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı "seçki"nin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımadığını elan edib:

"Bir sıra dövlətlər və beynəlxalq əhəmiyyətli qurumlar qondarma "seçkiləri" tanımadı. Ermənistan bu addımı ilə də öz işğalçı siyasətini dünya ölkələrinə bir daha göstərdi. Prezident İlham Əliyevin bu cür sərt ismarıclar dilə gətirməsi ilk dəfə deyil. Ölkə başçısı dəfələrlə Ermənistanın siyasətini ifşa edib. Prezidentin qeyd etdiyi kimi Avropa Şurasının saxta seçkilərlə bağlı susması AŞPA-nın məkirli, riyakar siyasətindən xəbər verir. Bu gün susan bu beynəlxalq təşkilat 2017-ci il yanvarın 24-də “Avropada jurnalistlər və media azadlığına qarşı hücumlar” adlı qətnaməni qəbul edib. Qətnamədə deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı rejimin nəzarəti altında olduğundan Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən, orada media azadlığının təmin olunub-olunmamasına nəzarət yoxdur. 2014-cü ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxış edərək bildirmişdi ki, “Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb".

M.Cəfərovun sözlərinə görə, Ermənistan tərəfi hər şeyi olduğu kimi və status-kvonu dəyişməz olaraq saxlamaq istəyir:

"Lakin Ermənistan beynəlxalq hüquqa və dünyanın aparıcı dövlətlərinin bəyanatına sadəcə məhəl qoymur. Ermənistan Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə əməl etmir. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrinin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb”.