Kəlbəcərin azad olunması diplomatiya tariximizin ən möhtəşəm uğurlarından biridir - ŞƏRH


Bu gün daha bir rayonumuz işğaldan azad edilir. Bu dəfə müharibəsiz və qan tökülmədən... Azərbaycan ordusunun rəşadəti və diplomatiyada üstünlük Ermənistanı işğal altında olan digər əraziləri məcburən qaytarmağa sövq etdi. Bu nailiyyət isə diplomatiya tariximizin ən möhtəşəm uğurlarından biridir.

Bunu deputat Vüqar İskəndərov Trend-ə açıqlamasında qeyd edib.

Deputat bildirib ki, biz illərdir danışıqlar yolu ilə torpaqlarımızın azad olunmasına çalışırdıq. “İstəyirdik ki, qan tökülmədən, şəhid vermədən bu münaqişəni həll edək. Amma görünür bəzi beynəlxalq qurumlar Azərbaycanın gücünü bilmirdirlər. Hələ də onların fikrində 90-cı illərin Azərbaycanı qalmışdı. Amma 27 sentyabrdan etibarən hər iki cəbhədə həm hərb sahəsində, həm də diplomatiya sahəsində atılan addımlar qarşısında ikili standartlarla yanaşan qurumlar mat vəziyyətində qaldı. Azərbaycan öz gücü ilə təkbaşına BMT kimi bir qurumun qətnamələrini bir-bir icra elədi. Nəticə isə göz qabağındandır. İllərdir Qarabağı vermərik deyən Ermənistan indi özü yalvara- yalvara, bəyanata qol çəkməklə torpaqlarımızı boşaldır. Ali baş Komandanın diplomatik səyi nəticəsində Kəlbəcər kimi böyük bir rayon bir güllə belə atılmadan Azərbaycan ordusunun nəzarətinə keçəcək. 27 illik həsrət başa çatır”.

Deputat Kəlbəcərdən çıxarkən həmin əraziləri viran qoyan, evləri yandıran ermənilər barədə də danışıb: “90-cı illərdə bizim məcburi köçkünlərimiz o torpaqlardan zorla çıxarılarkən onlar heç bir obyektə, evlərinə zərrə qədər də ziyan vurmamışdılar. Hətta vacib olan əşyalarından başqa hər şeyi orada qoymuşdular. Çünki bildirdilər ki onlar o torpaqlara nə vaxtsa qayıdacaqlar. Bu yerlər bizim dədə-baba yurdumuzdur. Amma ermənilər bilirlər ki, burada onlar müvəqqətidir. Ona görə bu rayonların heç birində normal bir tikinti quraşdırma işləri aparmamışdılar. Hətta indi çıxanda da hər yeri yandırıb viran edirlər. Səbəb isə sadədir. Bir daha bu yerlərə qayıtmayacaqlar. Bu yerlər onların deyil. Artıq dünya da bilməlidir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.