Zəngilanda “Ağıllı kənd” reallaşır

İşğaldan azad edilmiş ərazilərdə vətəndaşlarımız böyük üstünlüklərə sahib olacaq

“Ağıllı kəndlərdə” sakinlərin kənd təsərrüfatı, əkinçilik və heyvandarlıqla məşğul olmaq imkanları böyük olacaq"


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Zəngilan səfərində “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Prezident İlham Əliyev Zəngilan səfəri zamanı bu ilin sonuna qədər layihənin tam başa çatacağını deyib. Dövlət başçısı bildirib ki, insanların öz torpaqlarına geri dönüşü üçün kompleks tədbirlər görülməlidir:

“Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlayıb. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik”. 

Mühüm layihələrlə bağlı “Şərq”ə danışan millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” modellərinə uyğun olaraq yaşayış yerlərinin inşa edilməsi və məskunlaşma prosesinin həyata keçirilməsi nəzərdə tutulub. Deputatın sözlərinə görə, artıq Böyük Qayıdış başlayıb:

“Zəngilan rayonunda ilk “ağıllı kənd”in formalaşdırılması reallaşdırılır. “Ağıllı kənd” əvvəlcə bir model olaraq işğaldan azad edilmiş rayonlarımızda tətbiq olunacaq. Daha sonra idarəetmə mexanizmi kimi digər ərazilərimizə transfer ediləcək.

“Ağıllı kənd” orada məskunlaşacaq əhali üçün kifayət qədər üstünlüklərə sahibdir. Nəzərə alaq ki, bu modeldən inkişaf etmiş ölkələr uzun müddətdir istifadə edirlər. Avropa ölkələri, xüsusən Hollandiyada mexanizm geniş tətbiq olunur.

Bununla həm aqrar sektoru inkişaf etdirirlər, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olurlar.

“Ağıllı kəndlərdə” sakinlərin kənd təsərrüfatı, əkinçilik və heyvandarlıqla məşğul olmaq imkanları böyük olacaq. Əldə edilən məhsullar sadəcə xammal formasında deyil, daha çox emal edilərək daxili və xarici bazara çıxarılacaq. Emaledici məhsulun istehsalına imkan yaranacaq.

Bütün proses elektronlaşacaq və bu sahədə monitorinqin aparılması elektron qaydada baş tutacaq. Emaledici sənaye yeni iş yerlərinin yaranması və ixtisaslı kadrların işlə təminatı deməkdir.

O baxımdan “ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi çox vacib mexanizmlərdən sayılır. Həm də məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir”.