İcma tarixə qovuşdu: "Bütün dəstək Qarabağın dirçəlməsinə yönələcək"

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilatın buraxılmasına qərar verib. Bununla bağlı ictimaiyyətə müraciət edən qurum 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın işğaldan azad edildiyini, milyonlarla insanın 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayıb. Qeyd olunub ki, bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoyub: “Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur.

Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirdi. Bütün bunları nəzərə alaraq təşkilatın buraxılmasına qərar verdik”. Birliyin açıqlamasına görə, təşkilatın bundan sonrakı fəaliyyəti torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönələcək: “Bu müqəddəs missiyanı dəstəkləmək üçün “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasını bəyan edirik”.

İcmanın ləğv olunması qərarını “Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati vahid yoxdur. Deputatın sözlərinə görə, bunu Prezident İlham Əliyev də açıqca bəyan edib:

“Əslində bu adda inzibati vahid 1991-ci ilin noyabr 26-dan yoxdur. Həmin tarixdə Azərbaycan Ali Sovetinin sessiyasında Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunub. Bölgədə müstəqil rayonlar var. Şuşa, Xocalı, Xocavənd ayrı-ayrı rayonlardır. Amerika kəşf etmirik, burada söhbət hüquqdan gedir. Azərbaycan konstitusiyasına əsaslanıb deyirəm ki, “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Ən önəmli məsələ isə odur ki, azərbaycanlılar öz vətənlərində “icma” ola bilməzlər. Bu yanaşma bünövrədən, kökündən yanlış idi. Azərbaycanda fərqli icmalar var. Milli-etnik azlıqların icmaları - rus, ukrayna, yəhudi və s. millətlərin icmaları mövcuddur. Eynilə erməni icması da ola bilər. Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına uymaq və vətəndaşlıq qəbul etmək şərtiylə icma qurmaları mümkündür. Ancaq yerli əhalinin Azərbaycanda icma şəklində fəaliyyəti absurddur. “Fransada fransız, Almaniyada alman icması var” ifadəsi məntiqli səslənirmi? Daim bu fikirdə olmuşam və mövqeyimi hər yerdə bildirmişəm. İcma çoxdan ləğv olunmalıydı. Mən çoxdan icmanın işlərində iştirak etmirdim. Çünki icma hüquqi əsası olmayan bir qurum idi”.