Hər kəs ədalətə boyun əyməlidir

Bir qarış torpağımızdan keçməyəcəyik

Azərbaycan öz sərhədlərində möhkəmlənməklə beynəlxalq hüquqdan kənar heç bir addım atmır


Ermənistan tərəfi Azərbaycan Ordusunun sərhədləri müəyyənləşdirmək üçün qanuni addımlarına qarşı əsassız müqavimət göstərir. Qanuni sərhədlərin demarkasiya və delimitasiya prosesinini “Ermənistan sərhədlərinə müdaxilə kimi” qələmə verməyə çalışan İrəvan Qarabağın işğalda saxlanıldığı vaxtda qanunsuz olaraq bir neçə kilometr qabağa çəkdiyi dövlət sərhədini qorumağa çalışır. Düşmən tərəf yaranmış süni insidentdən böyük şou düzəldərək hay-küy qoparır, gah Rusiyanı, gah KTMT-ni, gah da Fransanı köməyə çağırır. Xüsusən, Moskvanın prosesə müdaxiləsi üçün israrlı çağırışlar edilir. Lakin İrəvan Kremldən arzuladığı reaksiyanı görə bilmir. Erməni mediası “Ermənistan və Rusiya liderlərinin Azərbaycan silahlı birliklərinin bəlli mövqedən geri çəkilməli olduğu fikrini bölüşdüklərini” tirajlayırlar. Ancaq Kremlin yaydığı rəsmi açıqlamada Rusiyanın Ermənistanla “həmfikirliyinə” dair heç bir ifadə yoxdur. Putin yalnız eskalasiyanın yolverilməzliyini ifadə edib və 10 noyabr 2020-ci il bəyanatının tələblərinə əməl edilməsini istəyib. Həmçinin, qısa müddətdə situasiyanın stabilləşəcəyinə inandığını bildirib.

Göründüyü kimi, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də informasiya manipulyasiyası edir. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib. Vurğulanıb ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı bundan qabaq da bəzi narazılıqlar olub. Lakin problemlər üçtərəfli bəyanatı imzalayan tərəflərin danışığı ilə həll edilib. C.Bayramov Ermənistanın məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını bəyan edib. Bundan əlavə XİN rəhbəri ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Filip Riker və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ilə də bu məsələnin müzakirəsini aparıb. Bu arada məlum olub ki, KTMT-nin baş katibi Stanislav Zasla Ermənistanın müdafiə naziri vəzifələrini icra edən Vaqarşak Arutyunyan arasında növbəti telefon danışığı baş tutub. Bu barədə qurumun mətbuat katibi Vladimir Zaynetdinov deyib. Onun sözlərinə görə, mövcud situasiya ilə bağlı KTMT-yə heç bir rəsmi sənəd daxil olmayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır. O bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir: “Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”. Onun sözlərinə görə, rəsmi Bakı hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edir. 

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, əslində heç bir siyasi hadisə baş vermir. Professorun sözlərinə görə, 10 noyabr sazişinə əsasən, Azərbaycan-Ermənistan sərhədləri əvvəlki, yəni sovet dövründə olan inzibati sərhədlər çərçivəsində, coğrafi koordinatlar üzrə delimitasiya və demarkasiya olunur:

“Qaragöl 1988-ci ilin noyabr ayında Azərbaycan tərəfindən qoruq elan olunub. Göl bütünlüklə Azərbaycanın inzibati sərhədləri daxilindədir. Hələ göldən xeyli aralı torpaqlar da bizimdir. Bir qarış torpağımızdan vaz keçməyəcəyik. Dövlətin tarixi sərhədləri bərpa olunmaqdadır. Ermənistanla sərhəd boyu güclü sərhəd postlarımız qurulur. Kimin nə deməsindən asılı olmayaraq, proses üçtərəfli anlaşmanın tələblərinə uyğun olaraq sonadək aparılacaq. Ermənilərin hay-küy salmasının, Qaragöl ətrafında süni gərginlik yaratmasının səbəbləri bəllidir. Bir ay sonra Ermənistanda parlament seçkisi keçiriləcək. Həm iqtidar, həm də müxalifət “sərhəd gərginliyindən” maksimum yararlanmağa çalışır. Baş nazir Nikol Paşinyanı qınamaq mənasızdır. Adam küçədən gəlib və bizdəki bəzi siyasətçilər kimi “çayxana səviyyəsində” düşünür. Küçə adamının ölkədəki hay-küydən faydalanmaq istəyi başadüşləndir. Müxalifətin də məqsədi bəllidir. Əsasən, Sarkisyan-Vanesyan və Koçaryan-Sarukyan cütlüyü bütün mümkün vasitələrdən istifadə edərək Paşinyan əleyhinə təbliğat aparırlar. Ona görə də hadisələri şişirdir və əhali arasında təbliğat aparırlar. Burada erməni xisləti də öz rolunu oynayır. Ermənilər istənilən prosesi pozmaqla “məşhurlaşıblar”. İqtidar, yaxud müxalifətin sərhəd məsələsi ilə bağlı KTMT-yə, Rusiya və Fransaya müraciətləri əhəmiyyət kəsb etmir. Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ona görə də narahat olmağa dəyməz”.