Ermənistanla sərhəddə gərginlik hökm sürür

Ordumuz hər zaman yüksək döyüş hazırlığına malik olmalıdır


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusu mayın 16-dan genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşmasının təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək. 

Təlimlərlə bağlı “Şərq”ə danışan ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib ki, Müdafiə Nazirliyi zabit-əsgərlərin döyüş və müdafiə hazırlığına xüsusi diqqət göstərir. Ekspertin sözlərinə görə, ordu hər zaman yüksək döyüş hazırlığına malik olmalıdır:

“Planlı şəkildə mütəmadi təlimlərin keçirilməsi ordu üçün zəruridir. Təbii ki, hər bir təlimdə müxtəlif tapşırıqlar icra olunur. Fərqli döyüş qrupları arasında intensiv və sürətli əlaqələrin qurulması, rabitə əlaqələrinin inkişafı, yeni silah-sursat və texnikaların sınaqdan çıxarılması olduqca mühümdür. Ən əsası isə ordunun psixoloji cəhətdən hazırlığı çox vacibdir. Nə qədər ki, bölgədə və Ermənistanla sərhəddə gərginlik hökm sürür, müəyyən neqativ hadisələr baş verir, düşmənin təxribat riski qalmaqdadır, Azərbaycan Ordusu hər an hazırlıqlı olmalıdır. Ordumuz daim maddi-texniki və psixoloji cəhətdən güclənməlidir. Müəyyən müddətdən bir keçirilən hərbi təlimlərin əsas məqsədi budur. Əlbəttə, təlimlər həm də düşmən qüvvələr üçün mesaj xarakteri daşıyır və güc nümayişi kimi xarakterizə olunur”.