Şuşanın əsl sakinləri geri döndü

“Xarı bülbül” musiqi festivalı dünyaya bir sıra mesajlar verdi

"Bu, uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir"


Mayın 12-də və 13-də Şuşada keçirilən “Xarı bülbül” festivalı bir daha möhtəşəm qələbəmizin, Şuşaya Zəfər qayıdışımızın təcəssümü oldu. 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival 32 il sonra Cıdır düzünə qayıdışımızın əlaməti idi. Festival bütün azərbaycanlılara 44 günlük müharibə günlərindəki kimi qürurlu anlar yaşatdı, kövrək duyğulara sövq etdi. Sanki hamı altı ay əvvəlki möhtəşəm qələbə sevincini, Şuşanın azadlığı xəbərini yaşadı. Bu sevinci sosial şəbəkələrdəki paylaşımlardan da aydın görmək mümkün idi. “Xarı bülbül” musiqi festivalı bütün dünyaya səs saldı. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir.

Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. İşğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. “Xarı bülbül” musiqi festivalı da bunun əyani təsdiqidir. Festivalın açılışında Prezident İlham Əliyev, habelə Azərbaycan mədəniyyət və incəsənət ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etdilər. Dövlət başçısı çıxışında Azərbaycan tarixində böyük bir əhəmiyyəti olan həmin günü 30 il gözlədiklərini söylədi. Uzun müddətdən sonra ilk dəfə təşkil olunan “Xarı bülbül” festivalının şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edən Prezident qəhrəman Azərbaycan əsgərlərinə və xalqına borclu olduqlarını vurğuladı. Festival çərçivəsində xalq artistlərinin və digər ifaçıların çıxışları alqışlarla qarşılandı. Konsertdə ümummilli lider Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirləri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarx təqdim edildi. Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Prezident bildirdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır: “44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”. 
“Xarı bülbül” musiqi festivalı incəsənət xadimlərinin "Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşdı. Konsert bitəndən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı birlikdə “Qarabağ Azərbaycandır!” söylədi. “Xarı bülbül” festivalı çox yüksək səviyyədə və elə Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan Şuşanın adına layiq şəkildə keçirildi.

“Xarı bülbül” festivalı ilə 30 il ərzində vəhşi və işğalçı düşmənin əsarəti altında inildəyən Şuşanın yerləşdiyi dağlarda və meşələrdə artıq bədbəxtlik gətirən silah səsləri deyil, yenidən şux muğam və musiqi səsləri əks-səda verməyə başladı. Bununla da Azərbaycan həm regiona, həm də bütün dünyaya göstərdi ki, işğalçı və təcavüzkar Ermənistandan fərqli olaraq o, sülh, sabitlik, təhlükəsizlik və mədəniyyət kimi bəşəri dəyərlərin tərəfdarıdır. Azərbaycan bəyan etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, multikultural dəyərlərə, tolerantlığa və hər bir xalqın milli-mədəni irsinə hörmət prinsiplərinə sadiqdir. 

Millət vəkili, “Qarabağa dönüş” təşkilatının rəhbəri Tural Gəncəliyev deyib ki, 30 illik fasilədən sonra Şuşada keçirilən “Xarı bülbül” musiqi festivalının bir çox aspektlər üzrə böyük əhəmiyyəti var. Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsindən az sonra Şuşada belə bir festivalın təşkili və Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə dünyaya bir sıra mesajlar vermiş olduq:

“Xarı bülbül” musiqi festivalı ilə dünya Şuşanın əsl sakinlərinin geri döndüyünü gördü. Qeyd etməliyəm ki, “Xarı bülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Dünya başa düşməlidir ki, Şuşanın əsl sakinləri bizik. Biz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar keçirərək torpaqlarımızı erməni işğalçılarından təmizlədik. Bunun üçün biz qəhrəman hərbçilərimizə, Azərbaycan xalqına borcluyuq. İndi isə Qarabağda vaxtı ilə mövcud olmuş ənənələrimizi bərpa edirik. “Xarı bülbül” musiqi festivalı ilə biz bu ənənlərə start verdik. Sentyabr ayında dahi Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar bir sıra tədbirlər nəzərdə tutulub. Gələn il Şuşa şəhərinin 270 illiyini geniş şəkildə qeyd edəcəyik. İndi Şuşada çox böyük quruculuq işləri aparılır. Bütün bunlar dünyanın anlayan kəsimi üçün mühüm mesajdır”. 
T.Gəncəliyevin sözlərinə görə, Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi var: “Prezidentin tövsiyəsi ilə builki “Xarı bülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin simvoluna çevrildi. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik ən yüksək səviyyədədir. Festivalın digər əhəmiyyəti isə dini dəyərlərimizə verdiyimiz əhəmiyyətlə bağlıdır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb edir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var”.

Millət vəkili Ramin Məmmədov da bildirib ki, Şuşada keçirilən “Xarı bülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biridir:

“Bu, uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir. Festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir. Eyni zamanda, dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir”.

13 yaşında Şuşanı məcburi köçkün kimi tərk etdiyini diqqətə çatdıran deputat bildirib ki, Şuşa bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir: “Şuşadan Bakıya məcburi köçkün kimi gələndən etibarən hər gün bu dağlarda, Cıdır düzündə, doğma şəhərdə “Bayatı-Şiraz”ın sədalarını eşitmək arzusu ilə yaşamışam. Milyonlarla soydaşımız kimi, sevincimin və xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında torpaqlarımızı əsl sahiblərinə – azərbaycanlılara qovuşduran rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgərinin əməyi qarşısında baş əyirəm!”.