Şuşada azan səsi...

Milli qürurumuz, mənliyimiz, mədəniyyətimiz dirçəlir


“Şuşada iki gün davam edən “Xarıbülbül” musiqi festivalının keçirilməsi bizim üçün çox böyük tarixi-mənəvi və mədəni hadisədir”. Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib. Deputat bildirib ki, Şuşa mədəniyyətimizin beşiyidir, orada həmişə ədəbi günlər, yaradıcılıq gecələri, çoxsaylı mədəni tədbirlər keçirilib. Bu baxımdan “Xarıbülbül” musiqi festivalının bərpa olunması çox böyük məna kəsb edir: “Bu festival sonuncu dəfə 1989-1990-cı illərdə keçirilmişdi.

Ermənistanın Azərbaycana təcavüzündən sonra bu mədəniyyət tədbiri sadəcə fotolarda və video kadrlarda qalmışdı. Lakin 30 ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhəri yenidən bərpa edilir, dirçəlir, əvvəlki şöhrətinə qaytarılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin musiqi festivalının açılışında qeyd etdiyi kimi, xalqımız bu günü 30 il səbirsizliklə gözlədi. Heç vaxt torpaqlarımızın işğalı ilə barışmadı,  nəyin bahasına olursa-olsun  ərazilərimizin işğalçılardan azad ediləcəyinə tam əmin idi”. 

A.Məmmədov qeyd edib ki, Prezidentin tövsiyəsi ilə builki “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi:

“Ramazan bayramına təsadüf edən bu festivalda Şuşada azanın verilməsi, bayram namazının qılınması, yeni məscidin təməlinin qoyulması Şuşa şəhərinin ruhunun, tarixi kimliyinin bərpası idi. Dövlət rəhbəri bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Şuşanın dirçəlməsi milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır”.