Rusiya Ermənistana təzyiq etsə Zəngəzur dəhlizi açılacaq


"Bizi narahat edən məsələ ondan ibarətdir ki, dəhlizin giriş-çıxışında rus hərbçiləri duracaq" 

"Rusiya istədiyi vaxt müxtəlif bəhanələrlə dəhlizdəki trafiki dondura, yaxud azalda bilər. Buna qarşı Azərbaycan tərəfi addımlar atmalıdır. Bizim əlimizdə də təsir rıçaqları var. Əgər Moskva maneçilik törədərsə, Azərbaycan üzərindən Ermənistana gedəcək yüklərə də biz əngəl ola bilərik"

“Zəngəzur dəhlizi məsələsinin tez-tez gündəmə gəlməsinin strateji alqoritmi var. Bu, sadə məsələ deyil”. Bunu “Şərq TV”yə açıqlamasında REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya rəsmisi qeyd edib ki, bəziləri bizim Zəngəzur məsələsində aqressivlik nümayiş etdirdiyimizi, Ermənistan ərazilərinə hücum etmək istədiyimizi düşünür: “Söhbət qətiyyən bundan getmir. Zəngəzur mövzusunun daim gündəmdə qalması Ermənistana xəbərdarlıqdır ki, rəsmi Bakının mövqeyi sizin bu məsələyə yanaşmanızdan asılı olacaq. Yəni həm Qarabağda yaşayan erməni əhalisi ilə bağlı mövqeyinizdən, həm də sərhədlərin müəyyənləşməsində sərgilədiyiniz davranışdan asılı olacaq. Faktiki indi iki dövlət arasında sərhəd yoxdur. Biz hara istəsək girə bilərik. Əgər Ermənistan özünü sığortalamaq və sərhədlərini tanıtmaq istəyirsə, o zaman bizim sərhədlərimizi qəbul etməlidir. Əfsuslar olsun ki, Zəngəzurla bağlı mövqeyimiz cəmiyyətdə ya pafosla qarşılanır, ya da aqressiv münasibət kimi şərh edilir”. 

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistana da sərf edir:

“Sadəcə olaraq ermənilər indiki psixoloji durumda, həm də seçki öncəsi bu reallığı açıq şəkildə etiraf edə bilmirlər. Bir-iki dəfə Nikol Paşinyan dəhlizin önəmini vurğuladı və daxili hücumlara məruz qaldı. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı birləşdirməkdən əlavə Rusiya üçün də lazımdır. 2008-ci ildən bəri Rusiyanın Gürcüstan üzərindən Ermənistanla dəmir yol əlaqəsi həmişə təhlükə altında olub. Gürcüstan-Rusiya münasibətləri normal deyil və sərhədlər tez-tez qapadılır. Digər yandan dəmir yol xətti dağlıq ərazidən keçdiyi üçün qış aylarında təbii şəraitə görə adətən bağlı olur. Rusiyanın Ermənistandakı iqtisadi və hərbi maraqlarını təmin etmək üçün yükdaşıma trafiki dayanır. Rusiya hava nəqliyyatından istifadə etməyə məcbur qalır. Hava nəqliyyatı isə çox bahadır. Bir reysi yarım milyon dollara başa gəlir və bu zaman çox az ləvazimat daşımaq mümkün olur. Ona görə də hesab edirəm ki, Rusiyanın Ermənistana təzyiqlərinin artması nəticəsində Zəngəzur dəhlizinin açılması mümkün olacaq. Bizi narahat edən məsələ ondan ibarətdir ki, dəhlizin giriş-çıxışında rus hərbçiləri duracaq. Rusiya istədiyi vaxt müxtəlif bəhanələrlə dəhlizdəki trafiki dondura, yaxud azalda bilər. Buna qarşı Azərbaycan tərəfi addımlar atmalıdır. Bizim əlimizdə də təsir rıçaqları var. Əgər Moskva maneçilik törədərsə, Azərbaycan üzərindən Ermənistana gedəcək yüklərə də biz əngəl ola bilərik”. 

N.Cəfərli vurğulayıb ki, əgər Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanacaqsa, 1988-89-cu illərdə Ermənistandan məcburi çıxarılmış, 200-dən çox insanın ölümünə səbəb olmuş deportasiya faktı tanınmalı, əlavə bənd kimi salınmalıdır. Ora qayıdıb-qayıtmayacağımız öz işimizdir. Amma sülh müqaviləsində haqlarımız mütləq tanınmalı və Ermənistan beynəlxalq hüquq müstəvisində buna razılıq verməlidir”. 

Siyasi şərhçi bildirib ki, rus sülhməramlılarından başqa bizim ərazimizdə olan bütün silahlılar terrorçudur və hamısı məhv edilməlidir:

“Müharibə ehtimalı həmişə var. Yekun sülh müqaviləsi bağlanana qədər risk qalır. Bundan siyasi dividendlər qazanmaq üçün istifadə edən qüvvələr də olacaq, xarici təsirləri də görəcəyik. Amma indiki dövrdə Ermənistan üçün müharibəyə başlamaq tamamilə məhv olmaq deməkdir. Əslində ermənilərin ritorikasında aqressiya nə qədər çox olsa da, yeni müharibədən qorxduqları bəllidir. Çünki psixoloji, hərbi, texniki və canlı qüvvə baxımdan üstünlük Azərbaycan tərəfdədir. Əgər iyun seçkilərində Ermənistanda hakimiyyətə revanşistlər gələrsə, başıpozuqluq artarsa, həmin qüvvələr möhkəmlənmək üçün “uğur hekayəsinə” ehtiyac duya bilərlər. O zaman 3-5 günlük müharibəyə girişmələri ehtimalı var. Belə təxribatlar sərhəddə də, Qarabağda da mümkündür. Ona görə də mümkün qədər diqqətli və ayıq-sayıq olmalıyıq”.