Erməni təxribatı!“Delimitasiya və demarkasiya prosesini pozmağa çalışırlar”

Dünən saat 20:00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub. Bu barədə Müdafiə Nazirliyi (MN) və Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.

MN və DSX baş verənlərlə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür”.

Mövcud durumu “Sherg.az”a şərh edən siyasi analitik Elçin Alıoğlu bildirib ki, son iki ayda Ermənistan silahlı birləşmələrinin sərhəddə aparılan delimitasiya və demarkasiya prosesini pozmağa çalışdıqları göz qabağındadır:

“Əvvəllər Sunik və Qafan kimi bölgələrdə belə əməllərə əl atırdılarsa, indi Kəlbəcər bölgəsində belə işlərlə məşğul olurlar. Ermənistan-Azərbaycan sərhəddi sovet dövründə dəqiq təsbitlənməmişdi. 1975-ci ildə keçmiş sovetlər birliyi baş qərargahının təşəbbüsü ilə sərhəd təsdiqləndi. Məhz bu səbəbdən Azərbaycan Ermənistanla sərhədlərini 1975-ci il xəritələrinə əsasan GPS vasitəsilə müəyyənləşdirir. Ermənistan isə buna qətiyyətlə etiraz edir”.

E.Alıoğlu vurğulayıb ki, sərhəddəki təxribatların yaşanmasına əsas səbəb Ermənistanda iyunun 20-də keçirləcək seçkilərdir:

“Seçkilərdə Paşinyanın əsas rəqibi olan Robert Koçaryanın dəstəsi düşünür ki Ermənistandakı hər ev türklərə qarşı döyüşməlidir. Onların xəritələrində Ermənistan sərhədləri Kür çayının sol sahilinə qədər və guya Gəncədən tutmuş Qazax, Ağstafa və Naxçıvandır. Ona görə də belə təxribatlara əl atırlar.

Təxribatların baş verməsinin digər səbəbi hərbi faktlardır. Yəni Ermənistan ordusunun 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsidə darmadağın olması, Ermənistan baş qərargahının situasiyaya qətiyyən nəzarət etməməsi, sərhədyanı bölgələrdə erməni hərbi hissələrinin təminatının bərbad vəziyyətdə olması və cəsədlərin bir çoxunun 7 ay gizlədilməsi. Belə mənfi fonlar olduğu bir zamanda seçki qabağı ordunun hələ də ayaq üstdə və döyüş əzmində olduğunu göstərmək istəyirlər.

Lakin Ermənistan sabiq prezidentləri-Levon Ter-Petrosyan, Koçaryan və Sarkisyan dəfələrlə bəyan ediblər ki, indiki şəraitdə revanşist və yeni hərbi əməliyyatların başlanması Ermənistanın dövlət kimi məhvi deməkdir.

Bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması və ərazi bütövlüyümüzün  tanınmasıdır. Yalnız bundan sonra bütün nəqliyyat kommunikasiyalar bərpa ediləcək və sərhədlər açılacaq.

Erməni xalqı əsrlərdən bəri davam edən absurd ermənilik ideyalardan qurtularaq Cənubi Qafqazda dövlət kimi yaşamağa başlayacaq”.