Zəngəzur dəhlizi gündəmdədir: “Buna görə müharibəyə başlamaq...”

“Paşinyan Zəngəzur dəhlizindən imtina edir. Deyəsən, Avropa Rusiyanın nəzarətində olacaq dəhliz istəmir”.

Bu sözləri siyasi analitik Turab Rzayev deyib. 

O, “Sherg.az”a açıqlamasında bildirdi ki, sözügedən məsələdə Rusiyanın və Qərbin maraqları toqquşur:

“Çünki bu dəhlizin Qərb üçün xüsusi əhəmiyyəti yoxdur. Paşinyana dəstək verən qüvvələr regionun Rusiyanın nəzarəti altına keçməsini istəmirlər. Ümumiyyətlə, Qərb Ermənistanın hazırkı iqtidarını Moskvadan uzaqlaşdırmağa çalışır. Şimal qonşumuz isə bölgədə yeganə həlledici iştirakçı olmaq və ya proseslərə Türkiyə ilə birlikdə nəzarət etmək niyyətindədir. Əlbəttə, bu, Qərbi qane etmir. Paşinyanın Azərbaycanla Ermənistan sərhədinə Avropa ölkələrinin hərbçilərinin nəzarət etməsinə dair açıqlaması Qərbi regiona qaytarmaq məqsədlidir. Üstəgəl, üçtərəfli komissiyanın işinin dayandırılması barədə bəyanat onu göstərir ki, münaqişə süni yolla yaradılır: sadəcə Avropa regionda Türkiyənin və Rusiyanın hegemonluğunu qəbul etmək istəmir”. 

T. Rzayev, həmçinin Zəngəzur dəhlizinin taleyindən danışdı:

“Buna görə müharibəyə başlamaq doğru olmaz. Amma Paşinyanın hazırkı reaksiyası Azərbaycanın və Rusiyanın daha sərt mövqeyinə səbəb ola bilər. Fikrimcə, Moskva Bakının təzyiqlərinə göz yumacaq. Beləliklə, regional gərginlik yaranacaq. Ona görə də məsələ nə qədər dinc yolla həll olunsa, o qədər yaxşıdır. Çünki siyasət dəyişə bilər, əlaqələr, kommunikasiyalar isə daimidir, stabildir. Zəngəzur dəhlizi açılmasa, məsələ tam həllini tapmayacaq və problem gələcək nəsillərə ötürüləcək”.