Bu, tarixi zərurətdir! – “Türkiyə Azərbaycanda hərbi baza quracaq”

“Türkiyə gec-tez Azərbaycanda hərbi baza quracaq. Bu, tarixi zərurətdir!”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 
O, “Sherg.az”a açıqlamasında bildirdi ki, sözügedən proses labüddür: 

“ Rusiyanın gələcək planları hamıya bəllidir-Yaxın ətrafında olan ölkələri öz təhlükəsizliyini təmin etmək üçün vahid birlik altında birləşdirmək. Bu birlik Rusiya üçün bufer zona təşkil edəcək. Eyni zamanda bu ölkələr artıq Rusiyadan icazəsiz addım ata bilməyəcəklər.   Rusiyanın guya türk birliyinə daxil olmaq istəyi də blefdir. Rusiya təsir dairəsini digər güclərlə paylaşmaq istəməz. Bu baxımdan, Rusiya bizə qarşı öz tələbini sərt şəkildə qoyacaq. Onda Türkiyənin bazalarını Azərbaycanda yaratmaq şərt olacaq”. 

A.Qasımovun sözlərinə görə gələcəkdə qardaş ölkə ilə əlaqələr daha da genişlənməlidir: 

“Biz istəsək də, istəməsək də Rusiya ilə münasibətimiz soyuyacaq, hətta gərgin olacaq. Məsələ konkretləşdikdən sonra hər şey üzə çıxacaq: ya Rusiyanın yanında, yaratdığı birlikdə olacağıq, ya da onun qarşısında. Qarşısında olmaq üçün isə yanımızda Türkiyə olmalıdır. Fikrimcə, Azərbaycan heç vaxt öz müstəqilliyini Rusiyanın təhlükəsizliyinə qurban verməyəcək.  Azərbaycanın müstəqillik yolunda bu günə kimi keçdiyi şərəfli yol onu deməyə əsas verir ki, Rusiya qarşısında nə qədər çətin olsa da, heç vaxt öz azadlığından keçməyəcək. Bu baxımdan, biz Türkiyə ilə hərbi-siyasi-iqtisadi əlaqələrimizi daha da irəli aparmalıyıq. Azərbaycanın gələcəyi Türkiyənin yanındadır!”.