Mina xəritələrinin əvəzinə terrorçuların qaytarılması realdırmı? – Aktual şərh 

"Əmin deyilik ki, həmin xəritələr doğru olacaq və itki verməyəcəyik"

"Əvəzində isə erməni cinayətkarlarını geri qaytarırıq"

"Həmin terrorçuların da geri qaytarılması ölən vətəndaşlarımızın ruhuna hörmətsizlikdir" 


Xəbər verdiyimiz kimi, iyunun 4-də erməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində Kəlbəcərdə iki nəfər media təmsilçimiz şəhid oldu. Baş vermiş bu hadisədən sonra erməni komandirlərindən biri, polkovnik Koryun Qumaşyanın açıqlaması sensasiya yaradıb.
Polkovnik Koryun Qumaşyan bildirib ki, onlar Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırıblar:

"Mən kontingentimlə birlikdə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Bu ərazidə minalar olduğuna görə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsini sizə verəcəyəm".

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Ermənistan tərəfinin bu informasiyanı yaymasında məqsədin nə olduğu barədə “Sherg.az”a danışıb:

“Minalı ərazilərin xəritəsini istəyiriksə, bu tezis deyil. Çünki sonrakı dönəmdə Ermənistanın üzərindəki məsuliyyəti tamamilə götürə bilər. Bizə hər hansı bir xəritə verə bilərlər, hətta o xəritələrdə müəyyən ərazilərin düzgün olduğunu da isbat etmək mümkündür. Lakin tam olaraq Ermənistanın səmimiyyətinə ehtiyacımız var. Həqiqətən də minalı ərazilərin xəritəsini təqdim edəcəklərmi, doğrudan da jurnalistlərimizin minaya düşüb şəhid olma prosesləri təkrarlanmayacaq? Yaxud bilmədiyimiz hansı kəndlərə minalar basdırıblar? Bu, çox önəmli məsələdir”.

Ə.Əlibəyli qeyd edib ki, bütün dünya Ermənistana minalı ərazilərin qaytarılması ilə bağlı təzyiq göstərməyə başlayıb:

“Amma erməni terrorçuların qaytarılmasına gəlincə, əlimizdə daha çox erməni terrorçuları var, əsirlər yox. Onlar mina xəritələri ilə bağlı eyni paraleldə götürülə bilməz. Faktiki olaraq bu şəxslərin Azərbaycan mülki şəxslərinin qətlə yetirilməsində əli var. Ona görə hərbi əsirləri qaytaraq və əvəzində minalı ərazilərin xəritəsini alaq kimi iddialar absurddur. Çünki əmin deyilik ki, həmin xəritələr doğru olacaq və itki verməyəcəyik. Əvəzində isə erməni cinayətkarlarını geri qaytarırıq. Həmin terrorçuların da geri qaytarılması ölən vətəndaşlarımızın ruhuna hörmətsizlikdir".