Mina partlayışları və ya Minsk qrupuna süni nəfəs planı... - Sirr pərdəsi çəkilir

“Bu, yüksək siyasi mərkəzlərdən idarə olunur”


Məlum olduğu kimi, bir neçə gün əvvəl Kəlbəcərdə mina partlaması nəticəsində iki həmkarımız şəhid oldu. Xüsusilə bu hadisədən sonra minalı ərazilərin xəritəsinin verilməsi məsələsi yenidən gündəmə gəldi. Səslənən müxtəlif versiyalardan biri həmin xəritənin erməni terrorçuları ilə dəyişdirilməsidir. Həmçinin ermənilərin özlərinin bu işdə fəal iştirak etmələri ilə bağlı iddialar da var. Təbii ki, bu nöqtədə rus sülhməramlıları düşmənlərə təzyiq göstərməlidirlər.

Rusiyalı jurnalist və hərbi müşahidəçi Aleksandr Artamonov məsələyə belə münasibət bildirib: “Bu insanların azərbaycanlılarla münasibət qurması, çətin olsa da, birtəhər yaşaması lazım olacaq. Hər dəfə belə ağrı yaşandıqca, dinc yaşayış şəraiti get-gedə problemli olur. Və sual verirəm ki, niyə Qarabağda türklər, Rusiya sülhməramlıları mina təmizləmə işi ilə məşğul olurlar. Çünki Qarabağ Azərbaycandır. Niyə orada əhalisi yaşayan ermənilər heç nə etmirlər? Erməni mina təmizləyənləri haradadır? Niyə özlərini riskə atmırlar? Halbuki risk etməlidirlər”.

 Millət vəkili Zahid Oruc mina problemi barədə “Sherg.az”a danışdı: 

“Terror təhlükəsi Amerika Dövlət Departamentinin 19 may  tarixli xəbərdarlığında bildirilmişdi. Deməli, rəsmi Vaşinqtonun siyasi və kəşfiyyat dairələri İrəvanın “mina terroru”  planı haqda məlumatlı olub. Dövlət katibi Blinken bir ay əvvəl Bakıya telefon açaraq prezidentlə danışıqlar aparmışdı. O, söhbət zamanı “İnanırıq ki, regionda sülh prosesi Vaşinqtona da sərfəlidir, Qərbə də” demişdi. Halbuki Paşinyanın Yelisey sarayı qarşısında 10 noyabr razılaşmasını “kağız parçası” adlandırması və sərhədləri qorumaq üçün Avropa dövlətlərindən hərbi yardım istəməsi müharibənin nəticələrindən narazı qalanların təkcə siyasi təzyiqlərdə deyil, eləcə də İrəvanın təxribat planlarında iştirakını sübut edir. Ona görə də biz Vətən müharibəsində qələbənin nəticələrinə söykənərək mina xəritəsindən qabaq, milli ərazi xəritəmizi-siyasi xəritəmizi düşmənə tanıtdırmağa məcbur etməliyik.  İkinci fakt Diplomatiya Akademiyasında keçirilən konfrasda Britaniyanın Links təşkilatının rəhbəri Dennis Sammutun prezidentə verdiyi sualdır. Regiona yaxından bələd olan peşəkar konfiloktoloq demişdi: “Cənab prezident, Azərbaycan üçtərəfli Bəyanata beynəlxalq legitimlik vermək üçün onu BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil etməyi düşünürmü?” Yəni, beynəlxalq eksperti maraqlandırırdı ki, biz qələbimizin hüquqi cəhətdən tanıdılması üçün nələrisə etməyi düşünürükmü? Gerçəkdən də unikal vəziyyətdir: 31 il əvvəl Almaniya birləşəndə- baxmayaraq ki, Qarabağdan fərqli məsələdir-heç kəs ona vahid Almaniya üçün beynəlxalq reyestrdən çıxarış tələb etmirdi. İndi biz Kəlbəcərdə və gələcəkdə digər nöqtələrdə ayağımız altında açılan atəş səslərini kəsmək üçün bir vaxtlar qəbul etdirdiyimiz 4 BMT qətnaməsi kimi qalibiyyəti tanıtdırma aktları da almağı unutmamalıyıq”.

 Z. Orucun fikrincə, belə addımlar Azərbaycanın qələbəsinə kölgə sala bilməz: 

“Mina partlayışları Minsk qrupuna süni nəfəs vermək planı ilə üst-üstə düşür və yüksək siyasi mərkəzlərdən idarə olunur. O minaları Xankəndidə, Xocalıda saxlanan hərbi qrupların əli ilə basdırıblarsa, onda zorla geri qaytarılan 25-30 minlik ermənilərin birgəyaşayışına və gözlənilən “sülh müqaviləsi”nə zərbə vurduqlarının fərqində olsunlar. Mina qəsdini üzərinə götürən polkovnik Koryun Qumaşyan dövlətin terrorca danışan dilidir. Qumaşyanın müsahibəsi Noyan-Tapan TV-də mayın 15-də yayımlanıb. 299 minə yaxın baxış olub, 750 şərh yazılıb. Əksər statuslarda diversantların qaytarılmasının terror yolu alqışlanır. Lakin partlayışlar Böyük Qayıdışı və kommunikasiyaların açılmasını durdura bilməz. Azərbaycanı 30 il terrorla müharibəyə cəlb etmək planı iflasa məhkumdur. Ona görə ki, 90-cı illərdə terrorla ərazi ələ keçirənlər onun bütün regionda yayılmasını görüb dayandırıldılar”.

 Deputatın fikrincə, minalar ermənilərin revanşist niyyətlərindən əl çəkmədiyini göstərir:

 “Təəssüf ki, digər  böyük mina ermənilərin 3 rayondan çıxması üçün verilən vaxta və əhalini ora kütləvi buraxmayıb insanların təhlükəsizliyini qoruduğuna görə dövləti suçlayanlardır. Məgər o torpaqların azadlığı 3-4 dəfə artıq itkilərə səbəb olsaydı, “Torpaqları bir gülləsiz azad etdik bəyanatı”na zərbə vurmaq istəyənlər çox məmnun olacaqdılar?! Bir də Kəlbəcər azad olunana kimi Eçmiədzin rahiblərinin bir-birinin ardınca Xudavəngi ziyarət etməsi, Allah qarşısında təmrinlər həyata keçirməsi faktı barmaqla sayılsa da, son 7 ayda keşişlərin dəstə ilə səfərlərinin məqsədi bəllidir, onların libasları altından mina müharibələrinə “xeyir-dua vermələri” şübhə doğurmur və belə silahlı din xadimləri İrəvandakı dəfnlərdən nəticə çıxarmır! Lakin Qarabağı artıq minaya çevirmək mümkün deyil. Məhv edilən hər mina savaşın davamıdır, çünki minalar erməni ordusunun simasıdır!”.