BMT rəsmiləri Qarabağa gəlirlər:“...Özlərini qınayacaqlar”

Prezident İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.
“2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb və təşkilatı bu prosesi sürətləndirməyə çağırıb. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb.

Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Azərbaycan BMTQAK missiyasını da qəbul etməyə tam hazırdır. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.

 Millət vəkili Elman Məmmədov sözügedən səfərin əhəmiyyəti barədə “Sherg.az”a danışdı:

 “Bu, BMT-in Azərbaycana diqqətidir və çox mühümdür. BMT rəsmiləri erməni vəhşiliklərini öz gözləri ilə görəcək və Qarabağ həqiqətlərini biləcəklər. Sonda da otuz il ərzində məlum qətnamələri niyə icra etmədiklərinə görə özlərini qınayacaqlar. Anlayacaqlar ki, zamanında obyektiv davransaydılar həmin vəhşiliklər törədilməzdi. BMT rəsmilərinin heç olmasa bundan sonra obyektiv davranacaqlarını, işğalçı ilə təcavüzə məruz qalanı tərəzinin eyni gözünə qoymayacaqlarını arzulayıram. Ümid edirəm ki, uşaq qatillərinə zamanında tribuna, mikrafon verdiklərinə görə utanacaqlar”.