Bitməyən Savaşın Əbədi Əsgəri... - Xəyalə ZƏRRABQIZI yazır + Foto


Ölkəsində savaş gedən, hər gün cəbhədən şəhid xəbərləri gəldiyi bir dönəmdə yaşından asılı olmayaraq heç bir ananın gecəsi-gündüzü olmur... Körpələri uyutduqdan sonra barmaqlarımın ucunda otağı tərk edir və televiziyada son gəlişmələri izləmək istəyirəm... Və elə ilk dəqiqələrdən eşitdiyim xəbərin, aldığım travmanın ağırlığı ilə ekran qarşısında diz çökürəm... Həmişə rəngini mavi görməyə alışdığımız ekran bomboz dumana bürünür... İnsanlar həyəcan və təşviş içindədir... Ağlım baş verənləri kəsdirə bilmir... Bura Xocalıdırmı?!... Beynimdə hadisələr və səslər bir-birinə qarışır... 

Gənc bir Türk qızı göz yaşları içində fəryad qoparır... Bir millətin faciəsinə səssiz qalan dünyaya üsyan edir, meydan oxuyur sanki... 
“Gəncədəyik... Savaş bölgəsindən kilometrlərcə uzaqlarda sivil insanların yaşadığı ərazilər gecə yarısı ballistik raketlərdən atəşə tutulub, çoxlu sayda sivil insan həyatını itirib. Elə bu dəqiqələrdə körpə bir uşağı dağıntılar altından çıxartdılar. Körpə həyatını kayb etmişdi... Küçücükdü... Buz kimi soyuq cansız bədəninə toxundum... Əli əlimə dəydi... Çox acı duyğudu... Əl boyda günahsız yavruların öldürüldüyü bir dünyada mən nə anlata bilərəm ki?!” deyir və hönkürür...
Sözün bitdiyi yerdi... Bir savaş müxbiri gördüyü dəhşətlərin içində deməyə söz tapa bilmir... Göz yaşları bütün ürəyindən keçənləri, ruhundakı təlatümləri anlatır onun yerinə...
Nədənsə, Savaş deyiləndə mən ilk olaraq həmin gecəni və o qızın göz yaşlarına qərq olan nurlu çöhrəsini xatırlayıram...
*****
O, təkcə medianın yetirdiyi vicdanlı bir müxbir deyil, O, həm də bütün yönləriylə İnsanlığın ən mükəmməl örnəyidir...
O, Azərbaycanın Haqq səsinə çevrilən həqiqət və cəsarət simvoludur...
O, illərdir, Qərbin qulağını tıxayıb eşitmək istəmədiyi acı gerçəkləri bütün dünyaya hayqıran qızdır...
O, müqəddəs Savaşımızın yorulmaz mücahidlərindəndir...
O, sadəcə hərb meydanında əsgəri mücadiləni işıqlandıran bir savaş müxbiri deyil, ideoloji cəbhədə bizimlə çiyin-çiyinə dayanan, sağlam və milli məfkurəli gənc bir Türk aydınıdır...

Qaranlıq bir gecəyarı doğmuş Aydınlıq Günəşi kimi bu məmləkətə zəfəri müjdələyən Qələbənin özü kimi gözəl bir qızdır...
Zəfər yürüşündə iftixarla addımlayan Azərbaycan əsgərinin, Qarabağı azad edən, Qarabağı Azərbaycan edən müzəffər ordunun  qarşısında sayğıyla diz çökən, təzim edən ləyaqətli bir türk övladıdır...
“Bir cihana dəyişməm... bu öksüz türklüyümü!” deyərək təkcə qoluna deyil, ürəyinə, ruhuna həkk etdiyi türk ay-ulduzu, türklüyü – milli kimliyi ilə qürur duyan Azadlıq qədər uca bir qızdır!..
O, Azərbaycanı ana-atası təki doğma bilən, içindəki savaş ruhu, məğrur duruşu ilə heç kimə bənzəməyən onurlu Türk qızıdır...
Bütün dünya susanda “Qarabağ Azərbaycandır!” – deyə hayqıran, başından mərmi yağa-yağa “Azərbaycan Ordusu öz tarixi torpaqlarına sahib çıxmaq üçün adil bir savaş verir və biz də son nəfəsimizə qədər bu savaşda Azərbaycanın yanındayız!”- deyən və ən təhlükəli məqamlarda bir addım belə yolundan dönməyən cəsur ürəkli bir qızdır...
O, Qarabağ böyüklükdə sevincimizin adı, sevginin, alqışın, rəğbətin ünvanı, könüllərimizdə taxt quran qəhrəman bir qızdır...
İnsanlığı, mərdliyi, savadı, nəcibliyi, insansevərliyi, fədakarlığı və içindəki ədalət duyğusu ilə seçilən Əfsanə kimi qızdır...
O, Arslan misalı Türk xatunudur!

Savaş bitsə belə, hələ də ideoloji savaşda bizimlə olan, milli düşüncəli aydınlarımızla omuz-omuza şərə qarşı vuruşan, mücadilə edən... Bitməyən Savaşımızın Əbədi Əsgəridir...
O, Tanrının uca Türk millətinə ərməğanıdır... 
Cəsur ürəkli, böyük amallı, fədakar ruhlu, Azadlıq sevdalı Türkdür...
O, Fulya Öztürkdür!!!...
*****
Onu tanıdığım, ürəyinə, insanlığına, peşə vicdanına, ləyaqətinə, içindəki ədalət duyğusuna heyran olduğum  gecədən təxminən 8 ay kimi bir zaman ötüb...  
Gözəl bir bahar səhəridir... Varlığı ilə qürur duyduğum, nur üzlü, içindəki uşaq ruhu heç böyüməyən saf ruhlu, çoçuqsu təbəssümlü əziz Fulyanın  görüşünə tələsirəm... Bu 8 aylıq zaman kəsiyində çox şey dəyişib... Təqvimimiz Zəfər gününün, Ruhumuz Azadlıq günəşinin al şəfəqlərinə, qırmızı rənginə boyanıb... 
Onu tanıdığım gün bir yaşını tamamlayan qızım isə artıq yeriməyə, yüyürməyə, yavaş-yavaş danışmağa başlayıb... Körpəni köksümə sıxıb məğrur-məğrur dalğalanan qoşa bayraqlarımıza baxa-baxa həyatımızdakı dəyişən şeyləri düşünürəm yolboyu... Dəyişməyən bircə şey var: Fulyanın bizə, Vətənimizə, insanlarımıza olan nəhayətsiz sevgisi... 

Onu görəndə balaca Nərgizim özü kimi balaca addımları ilə Fulyanın qucağına qaçır, bapbalaca əlləri, qolları ilə ona sarılıb, “İyi ki doğdun, Abla!” deyir... 
Kövrəlirik... Fulya Öztürkün Azərbaycan üçün etdiyi fədakarlıqlar bir film mövzusu, bir qəzet yazısı, bir televiziya verilişi olsa belə, yenə də azdır...
 Yenicə dil açan körpəmin “iyi ki doğdun, Abla!” deməsi, məsum baxışları ilə ona duyduğu heyranlıq, təmənnasız sevgi, bəlkə də, Fulyanın ən böyük mükafatıdır... 

Bəlkə, o sevgi dolu baxışları ilə Nərgiz Gəncədəki, Bərdədəki qətl edilən həmyaşıdları üçün susmadığına Fulyaya təşəkkür edirdi, anlamadıqları dünyada onları qoruyan, uşaqlar üçün titrəyən altun qəlbli bir Mələyin varlığına sevinirdi... Kim bilir?!

Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru