Qarabağa həkim, müəllim də ilkin mərhələdə köçürülməlidir


"Bərpa olunan şəhər və kəndlər "ağıllı" brendi ilə salınır, qayıdışa yanaşma da ağıllı olmalıdır"

Ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərə köçürüləcək insanlardan danışıb. O deyib ki, ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək ediləcək. Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra ora ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürüləcək: “Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik”.

Mövzu ilə bağlı Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, köçürülmə elmi əsaslarla olmalıdır:

"Əgər bu, hökumətin qərarıdırsa, müzakirə edilmir. Yəqin ki, elə belə də olacaq. İlk baxışda məntiqli görünə də bilər. Amma söhbət məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasından getmir. Söhbət insanların doğma yurduna dönüşündən gedir. Bu məsələdə prinsip başqa cür qurulmalıdır. Təsəvvür edin ki, mənzil şəraiti ağır olan insanlar köçürülür, amma həyat şəraiti yaxşı olan həkim, müəllim və sair saxlanılır sonrakı mərhələyə. Bəs ora köçən insanların təhsil və ya tibbi təminatı necə olacaq? Əlbəttə ki, bu çox bəsit bir misaldır. Demək istədiyim odur ki, köçürülmədə mənzil şəraitinin yaxşı və ya pis olması mühüm prinsipi kimi təqdim oluna bilər. Amma birinci dərəcəli prinsip deyil, bu, prinsiplərdən biridir. Bunun üçün sosial araşdırmalar aparılmalı və köçürülmə elmi əsaslarla olmalıdır". 

A.Quliyev vurğulayıb ki, proses göründüyü qədər də bəsit deyil: "Nəzərə alsaq ki, bərpa olunan şəhər və kəndlər "ağıllı" brendi ilə salınır, qayıdışa yanaşma da ağıllı olmalıdır".