İşğaldan azad edilən ərazilərdə ağacların başında minalar aşkar olunub


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaclara quraşdırılmış piyada əleyhinə minalar aşkar edilib.

Sherg.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100 istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kq olan minanın 2 kq-ı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 sm ölçüdə qəlpələr yayılır. Eyni zamanda partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 m məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6.5-9.5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.

Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.