Cahit Bağçı: "Bu gün Ağdamı gördüyüm üçün xoşbəxtəm"


Azərbaycan dövlətinin Qarabağı yenidən qurmağa, inkişaf etdirməyə gücü yetər. Türkiyə olaraq biz də yenidənqurma və inkişaf üçün əlimizdən gələn hər cür dəstəyi verməyə hazırıq. Mədəniyyətdən təhsilə, incəsənətdən ədəbiyyata, əkinçilikdən heyvandarlığa, sənayeyə qədər nə lazımdırsa Türkiyə dəstəyini verəcəkdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmiş Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı bildirib.

Səfir Ağdam şəhərinə gəldiyi üçün böyük sevinc hissi keçirdiyini deyib: "Bu gün Ağdamı gördüyüm üçün xoşbəxtəm. Azərbaycan bayrağının burada dalğalanması ayrı sevincdir. İnşallah Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş Qarabağda əbədi olaraq dalğalanacaqdır. Azərbaycan xalqını Qarabağdakı zəfərə, 44 günlük Vətən müharibəsindəki uğura görə təbrik edirəm. Qısa zamanda Qarabağda yeni həyatın başlayacağını səbirsizliklə gözləyirik”.