"Mina xəritələrinin verilməsindən sonra Qarabağda işlər daha sürətli görüləcək" - Tural İsmayılov 

“Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur”.

Sherg.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. O qeyd edib ki, xəritələrin əldə edilməsinin Azərbaycan və işğaldan azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyəti böyükdür:

“Çünki bundan sonra işlər daha sürətli görüləcək və əhali tez bir müddətdə öz torpaqlarına geri qayıdacaq. Xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında da əhəmiyyəti danılmazdır. Xəritələrin mülki insanların mina terrorundan əziyyət çəkməsi baxımdan da böyük müstəsnalığı var. Füzuli və Zəngilanda 92 min mina xəritələrinin əldə olunması həm də dünyaya erməni faşizminin necə murdar olduğunu bir daha nümayiş etdirir. Ağdamdan sonra Füzuli və Zəngilanın ən çox minalanmış ərazilər olmasını da unutmayaq. Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə həyata keçirilməsi, Füzulinin strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsi də mina xəritələrinin nə qədər zəruri olduğunu sübut edir”.