“Rusiya bölgəni tərk etməlidir” - Missiyasını yerinə yetirmir!

İyulun 6-da Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulması ciddi rezonans doğurub. Məlumdur ki, Ağdam rus sülhməramlılarının yerləşdiyi ərazidir. Artıq neçənci dəfədir Rusiyanın bölgədə sülhün pozulması istiqamətində maraqlı olduğu üzə çıxır.
10 noyabr üçtərəfli bəyanatına əsasən rus sülhməramlıları ixtiyarında olan ərazilərdə sülhü təmin etməlidir. Lakin Ağdamda atəşkəsin pozulması isə bunun tam əksini göstərir.

Mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib ki, atəşkəsin pozulması Rusiya sülhməramlılarının regionda qalıb-qalmaması barədə məsələni bir daha gündəmə gətirir:

“Həm atəşkəs pozulur, həm müxtəlif yerlərdə erməni terrorçu qrupları minalar basdırır, dinc əhali və hərbçilərimiz yaralanır. Bu isə o deməkdir ki, rus sülhməramlıları üzərinə düşəni yerinə yetirə bilmir. Üçtərəfli bəyanata əsasən Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmalıdır. Lakin bunların heç birinə əməl edilmir. Rusiyanın isə bölgədə şəxsi maraqları var. Bunun üçün də bölgədə varlığını davam etdirmək üçün əllərindən gələni edirlər. Azərbaycan baş verənlərə birmənalı şəkildə qiymət verməlidir. Yəni Rusiya öz missiyasını yerinə yetirə bilmədiyi üçün bölgəni tərk etməlidir. Bundan sonra  Azərbaycan öz hərbi qüvvələrini yerləşdirib, regionda sülh və əmin-amanlığa nail olmalıdır”.