Yeni atəş səsləri:“Rusiya Qarabağda qalmağın yollarını axtarır”

Tovuz döyüşlərinin üzərindən bir il keçir. Hər şey- keçirdiyimiz həyəcan, göz yaşı və, nəhayət, qələbə sevinci məhz həmin hərbi əməliyyatlarla başlandı. Sanki illərdir, daha dəqiq desək otuz ildir ipləri bir-birinə qarışan yumaq bircə hadisə ilə açıldı. Sentyabrın 27-də əks-hücum əməliyyatları barədə əmr verildi, 44 gün sonra kapitulyasiya sənədi imzalandı. Ardınca da bu günədək siyasi gündəmdən düşməyən xeyli hadisə baş verdi.

 “Sherg.az” olaraq Tovuz döyüşlərindən başlanan və hələ də davam edən zəfər yolumuzu siyasi analitik Asif Nərimanlı ilə birlikdə təhlil etdik:

- Bir il əvvəl baş verən Tovuz döyüşlərinin geosiyasi və hərbi əməliyyatı nədən ibarət oldu?

- Biz o vaxt düşmənin təxribatının qarşısını uğurla aldıq. Tovuz döyüşləri bir neçə ay sonra başlanacaq müharibənin təməli idi. Savaş artıq sosial sifarişə çevrilmişdi. Sentyabrın 27-də əks-hücum əməliyyatlarına start verildi. Şəhidlərimizin qisası alındı, Ermənistan məhv edildi.

- Düşmənin provokasiyanı törətməkdə məqsədi nə idi?

- Əsas məqsəd strateji yüksəklikləri ələ keçirmək idi. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın “Yeni müharibə, yeni torpaqlar” iddiaları özünü göstərirdi. Əlbəttə, maraqı tərəflərdən biri də Rusiya idi. O vaxt Cənub Qaz dəhlizinin inşası tamamlanmaq üzrə idi. Bildiyiniz kimi, Azərbaycan qazı Avropada Rusiya qazına alternativdir. Moskva dəhlizi nəzarətə götürmək və təhlükə yaratmaq istəyirdi. Lakin sonradan proseslərin “rəngi dəyişdi”.

-Nə oldu?

- KTMT Ermənistana gözlənilən dəstəyi vermədi. Halbuki İrəvanın niyyəti həm də bu, yəni həmin qurumu proseslərə çəkmək idi. Çox güman, şimal qonşumuzdakı müəyyən dairələr proseslərin müharibə ilə nəticələnəcəyini duyurdu. Eyni zamanda Azərbaycanla Türkiyə yaxınlığı da Moskvanı “min ölçüb, bir biçməyə” sövq edirdi. Paşinyanın Qərbmeyilli siyasəti və KTMT-nin Ermənistana kömək etməməsi onu deməyə əsas verir ki, baş verənlərin “drijoru” Fransa idi. Ümumiyyətlə, Tovuz hadisələrində Rusiyanın, Qərbin və Ermənistanın fərqli hədəfləri var idi. Lakin heç biri baş tutmadı.

- İmzalanan üçtərəfli razılıqlar hansı reallıqlar yaratdı?

- Həmin sənədlər atəşkəs razılması deyil, daha böyük əhəmiyyət daşıyır. Razılaşmalarda müxtəlif müddəalar, o cümlədən kommunikasiya xətlərinin bərpası məsələsi əksini tapıb. Hətta üçüncü qüvvələrin proseslərin əleyhinə atdığı addımları belə, Aəzrbaycanın qələbə qazanması reallığını dəyişməyəcək, dəyişə bilməyəcək. Üçtərəfli razılıqlarda regiondakı yeni reallığın formalaşmasındakı baza prinsipləri ehtiva olunub. Həmin sənədlərlə rəsmi Bakının qələbəsi rəsmiləşdi. Fikrimcə, üçtərəfli bəyanatlar yekun sülh sazişinin təməlidir.

- Bundan sonra minalı ərazilərin xəritəsinin alınması üçün ən ideal variant nədir?

- İndiyədək artıq üç rayonun- Ağdam, Füzuli və Zəngilanın xəritələrini almışıq. Sözügedən istiqamətdə strateji gediş edərək- erməni diversantları qaytarmışıq. Bundan sonra ən ideal variant məhz budur. Nəzərə almaq lazımdır ki, minalı ərazilərin xəritəsi daha Paşinyan hakimiyyətinə lazım deyil. O, diversantların qaytarılmasında maraqlıdır. Çünki daxildə ciddi narazılıq var. Həmçinin biz də terrorçuları daimi saxlamağın marağında deyilik. Bu, xüsusilə erməni lobbisinin təsiri ilə beynəlxalq təzyiqə yol aça bilər. Düzdür, başqa variantlar da var. Məsələn, müəyyən iqtisadi dividentlər qarşılığında xəritəni ala bilərik. Lakin dediyim kimi, ən optimal yolu hərbi əsirləri xəritə ilə dəyişməkdir.

- Əlimizdəki “İsgəndər-M” raketi “kozır”ından necə istifadə edə bilərik?

-  Məncə, rəsmi Bakı bundan uğurla yararlanıb. Yadındadırsa, “İsgəndər-M”lə bağlı müəmma bir ara gündəmə gətirilsə də, sonradan arxa plana keçirildi. Görünür, ictimaiyyətə açıqlanmayan müəyyən danışıqlar olub və Azərbaycan öz istəklərini təmin edib. Hər halda məsələnin aktuallaşması Moskva üçün böyük riskdir. Bəzilər rəsmi Bakının geri addım atdığını düşünür. Əsla belə deyil. Əks halda məsələ, ümumiyyətlə, gündəmə gəlməzdi. Və indi “İsgəndər” “kartı” hələ də əlimizdədir. İstənilən an çıxara bilərik. Sərhəddəki təxribatlar göstərir ki, proseslərdə tərəflərin mövqeləri toqquşur. Azərbaycanın prosesləri öz maraqları istiqamətində yönəltməsindən ötrü məsələni yenidəən aktuallaşdırması istisna deyil. Üçtərəflli bəyanatın bütün müddəaları yerinə yetirilənə, o cümlədən kommunikasiya xətləri açılana, ermənilər Qarabağdan çıxanadək əlimizdəki “kozır”u yerə qoymayacağıq.

- Sərhəddəki təxribatlar nəyə işarədir?

- Sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilənin imzalanması gündəmdədir. Paşinyan bu prosesdən uduşlu çıxmaq niyyətindədir. Odur ki, Rusiyanın dəstəyini qazanmaq istəyir. Bayaq da dediyim ki, Ermənistan KTMT-dən gözlədiyi dəstəyi almadı. İndi bu cür təxribatlarla İrəvan KTMT-ni fakt qarşısında qoymaq istəyir: ya Kreml öhdəliyini yerinə yetirməli, ya da bunun əvəzində sərhədlərin müəyyənləşməsində Ermənistanın maraqlarını təmin etməlidir. Təxribatların Rusiyanın “əli ilə” baş verdiyini isə istisna edirəm.

- Niyə?

- Çünki Rusiya məqsədinə çatıb. Birincisi, beynəlxalq müşahidəçilərin regiona gəlişi aktuallığını itirdi. İkincisi isə artıq sərhəddə rus hərbçilərinin yerləşməsi barədə qərar verilib. Yəni insident hazırkı vəziyyətdə Moskvanın maraqlarına uyğun deyil. Fikrimcə, Putinlə Paşinyan arasındakı görüşdə sərhəd məsələsi barədə də danışılıb. Və yekun sülh müqaviləsi imzalananadək provokasiyaların təkrarlanacağını düşünürəm.

- Bundan sonra hazırkı Ermənistan iqtidarı üçün hansısa təhlükə var?

- Düşünmürəm. Putin Paşinyan hakimiyyətini artıq tanıyıb. Həmçinin revanşistlər zəifləyir. Seçkilər isə göstərdi ki, xalq müharibə istəmir. Bundan sonra əsas məsələ hökumətin formalaşmasıdır. Ardınca üçtərəfli razılaşmanın tələbləri yerinə yetiriləcək. Rusiya bunun mümkün qədər tez olmasında maraqlıdır. Çünki proses uzandıqca üçüncü tərəflərin müdaxilə imkanları artır. Moskvanın əsas marağı kommunikasiya xətlərinin bərpasıdır. Yaxın gələcəkdə dövlət başçımız İlham Əliyevlə rusiyalı həmkarının görüşəcəyini istisna etmirəm. Düşmən ölkədə hakimiyyət formalaşandan sonra üçtərəfli müzakirələr gözləniləndir.

- Proseslərin bundan sonrakı inkişafını necə təxmin edirsiniz?

- Dediyim kimi, hazırda şimal qonşumuzu maraqlandıran əsas məsələlərdən biri kommunikasiya xətlərinin açılmasıdır. Fikrimcə, Rusiya sərhədlərlə bağlı yeni müqaviləni hazırlayıb və Ermənistanda hökumət formalaşandan sonra Moskvada üçtərəfli müzakirələr gedəcək. Qarabağ iqtisadi zonasının yaradılması, Şuşa Bəyannaməsinin imzalanması proseslərin inkişafı istiqamətində bizə ciddi divident qazandırıb. Qarabağda istənilən təhdid zamanı aqressorlar qarşılarında Ankaranı görəcəklər. İndi Rusiya Qarabağda qalmağın yollarını axtarır. Tərəflər arasında əsas anlaşılmazlıq da bununla bağlıdır. Anti-terror əməliyyatlarının keçirilməsi istisna deyil. Sərhəddə, Qarabağda yeni atəş səsləri eşidilə bilər. Həmçinin diplomatik müstəvidə də vəziyyət gərgindir. Lakin bütün hallarda, bu, zaman tələb etsə belə, hadisələrin istədiyimiz kimi cərəyan edəcəyinə inanıram.