“Ankara Moskvanı qabaqlamalıdır”

“Türkiyə üçün Qarabağ prioritetdir, lakin rəsmi informasiyaların tirajlanmasında çox gecikirlər”.
 Bu sözləri sərhəddə, Şuşada ard-arda törədilən təxribatlar barədə “Sherg.az”a danışan siyasi şərhçi Aqşin Kərimov dedi.
O, vəziyyəti daha ətraflı izah etdi:

“Ötən gündən bu yana Şuşada iki dəfə tərxibat törədilib. Rusiya açıqlama versə də, hətta daha irəli gedərək həyasızcasına Ermənistanı tərəf kimi göstərsə də, Ankaradan bir reaksiya gəlməyib. Ankara Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki bərabərhüquqlu mandatından istifadə edib, informasiyaların yayılmasında Moskvanı qabaqlamalıdır.

Ondan sonra Kreml Ankaranın dedikləri kontektsində açıqlama verməyə məcbur qalacaq. Ankaranın gecikməsi Moskvanın təxribatçı bəyanatlar yayması üçün münbit zəmin yaradır.

Söz yox ki, Türkiyə yanımızdadır, hərbi dəstəyini də göstərməyə hazırdır . Lakin Birgə Monitorinq Mərkəzindəki statusundan yararlanmaması, informasiya platformasında arxa planda qalması xoş deyil.  Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətindəki təxribatlara Ağdamdakı Monitorinq Mərkəzinin qarışmaq hüququ yoxdur.

Çünki Birgə Mərkəz yalnız Qarabağa cavabdehdir. Naxçıvandakı sərhəd təxribatlarına gəlincə, Ermənistan və ona havadar olanlar anlamalıdırlar ki, Türkiyə hərbi müdaxilə imkanlarını özündə saxlayır.

Birincisi, Şuşa Bəyannaməsinin müddəalarından irəli gələrək bölgəyə qoşun yeritməsi mümkündür. Bu zaman kimsə onun qarşısını kəsə bilməz. Şuşa Bəyannaməsi Azərbaycanın suveren ərazilərinin Türkiyə tərəfindən zəmanət altına alınmasını özündə ehtiva edir”.