REAL ŞƏRH:“Təxribatlar anti-terror əməliyyatları ilə nəticələnəcək”


“Azərbaycan əsgəri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə cavab atəşi açdı. 10 noyabr razılaşmasının yerinə yetirilməyən dördüncü bəndi işə düşür”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

 O, “Sherg.az”a açıqlamasında proseslərin gələcək inkişafı haqqında fikirlərini bölüşdü:

 “Üçtərəfli razılaşmanın dördüncü bəndinin yerinə yetirilməməsi tərəflər arasında normal  münasibətlərin formalaşmasına problem yaradır. Nəzərə almaq lazımdır ki, hazırkı mərhələdə Moskva da öhdəliklərin yerinə yetirilməsini istəyir.

Rusiya sabitlikdə, kommunikasiya xətlərinin bərpasında maraqlıdır. Bu, onun üçün iqtisadi mənafe baxımından vacibdir.

Ermənistandakı seçkilərdən sonra Paşinyanın məlum şərtləri yerinə yetirəcəyini düşünürdük. Lakin Qərbin dəstəyini alan Paşinyan prosesləri başqa müstəviyə daşımağa çalışır. Məqsəd Kremli pis vəziyyətə salmaq, imzasını hörmətsizləşdirmək, başqa sözlə, milli maraqlarına zərbə vurmaqdır. Fikrimcə, davam edən təxribatlar Azərbaycan ordusunun anti-terror əməliyyatları ilə nəticələnəcək”.